Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, uzunmüddətli məqsədlərdən biri Azərbaycanın strateji minerallar üzrə regional emal mərkəzinə çevrilməsi imkanını qiymətləndirməkdir:
"Son 10 ildə seçilmiş strateji metalların qiymətlərində ciddi artım müşahidə edilib. Növbəti 10 ildə isə bu metallara qlobal tələbatın daha da artacağı gözlənilir. Alüminium üzrə 23 faiz, mis üzrə 21 faiz, sink üzrə 15 faiz, qızıl üzrə isə 10 faiz artımın olacağı proqnozlaşdırılır. Azərbaycanın burada bir sıra imkanları və üstünlükləri var. Biz Mərkəzi Asiya–Avropa dəhlizi üzərində yerləşirik və siyasətiniz nəticəsində açar rolunu oynayırıq. Bakı Limanı və Bakı–Tbilisi–Qars dəmir yolu mühüm logistika imkanları yaradır. Ələt Azad İqtisadi Zonası və digər sənaye zonalarımız isə əlavə imkanlar təmin edir. Rəqabətqabiliyyətli enerji qiymətləri də ölkəmizin mühüm üstünlüyüdür. Bundan başqa, Mərkəzi Asiya və Cənubi Qafqazın xammal potensialına çıxış imkanları Azərbaycanın regional emal imkanlarını genişləndirə bilər".
Nazir deyib ki, bu Proqramın təsiri təkcə dağ-mədən və metallurgiya sektoru ilə məhdudlaşmayacaq:
"İstehsal çoxaldıqca yükdaşımalar və logistika xidmətlərinə tələb artacaq, yerli podratçı və təchizatçı şirkətlər üçün yeni imkanlar yaranacaq. Yerli xammal və yarımfabrikat bazasının genişlənməsi yeni sənaye sahələrinin formalaşmasına şərait yaradacaq. İxtisaslı kadrlara tələbat artacaq. Bu da texniki bilik və bacarıqların inkişafını sürətləndirəcək, elmi potensialımıza töhfə verəcək. Ən əsası isə regionlarda məşğulluq və iqtisadi fəallıq artacaq. Yeni dəyər zəncirləri özəl investisiya və sahibkarlıq üçün də əlavə imkanlar yaradacaq".