Mikromaliyyənin növbəti inkişaf hədəfləri

29.10.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünən Bakıda Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə “Mikromaliyyədə investisiya və dayanıqlı inkişaf” mövzusunda XII konfrans keçirilib. Toplantıda dövlət qurumlarının, beynəlxalq maliyyə institutlarının, bankların, bank olmayan kredit təşkilatlarının, sığorta və investisiya şirkətlərinin nümayəndələri iştirak edirlər.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının 25 illik fəaliyyətinə həsr olunmuş konfransda mikromaliyyə sektoruna investisiyaların cəlb edilməsi, maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, tənzimləmə mexanizmləri və kredit risklərinin idarə olunması məsələləri müzakirə edilib. Bununla yanaşı, sektorda rəqəmsal transformasiya, kibertəhlükəsizlik, süni intellektin kreditlərin qiymətləndirilməsində tətbiqi və fintex şirkətləri ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Azərbaycan Mikromaliyyə Assosiasiyası İdarəetmə Şurasının sədri Cəlal Əliyev bildirib ki, ölkəmizdə mikromaliyyə sektorunun gələcək inkişafında maliyyə inklüzivliyinin gücləndirilməsi, uzunmüddətli maliyyə resurslarına çıxışın genişləndirilməsi və rəqəmsallaşma əsas prioritetlər sırasında olacaq. Mikromaliyyənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından strateji çərçivə sənədinin hazırlanmasının mühüm əhəmiyyət daşıdığını vurğulayan assosiasiya sədri sektorun inkişafında maliyyə inklüzivliyinin gücləndirilməsi, institusional dayanıqlılığın artırılması, uzunmüddətli maliyyə resurslarına çıxışın genişləndirilməsi, rəqəmsallaşma və məlumat infrastrukturunun inkişafı, eləcə də sosial və ekoloji təsirlərin qiymətləndirilməsi kimi 5 əsas istiqaməti diqqətə çatdırıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, Azərbaycanda mikromaliyyə sektorunun ümumi kredit portfelində payı, təxminən, 6 faiz təşkil etsə də, onun iqtisadi və sosial təsiri bu göstəricidən daha böyükdür. Mikromaliyyə təşkilatları əsasən bank maliyyələşməsinə çıxışı məhdud olan mikrosahibkarlara, fərdi sahibkarlara, kənd təsərrüfatı subyektlərinə və regionlarda yaşayan müştərilərə xidmət göstərir. Sektorun iqtisadi rolunu yalnız kredit portfelindəki payla ölçməyin düzgün olmadığını vurğulayan komitə sədri bildirib ki, mikromaliyyələşmənin əhəmiyyəti ayrılan vəsaitin həcmi ilə yanaşı, onun yaratdığı iqtisadi və sosial nəticələrlə qiymətləndirilməlidir.

Azərbaycan Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev qeyd edib ki, BOKT-ların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər paketi üzərində işlər davam etdirilir. Azərbaycanda mikromaliyyə sektorunun dayanıqlı inkişafı üçün investorların vəsaitlərinin cəlb edilməsi və alternativ maliyyələşmə kanallarının genişləndirilməsi vacibliyini vurğulayan T. Əliyevin sözlərinə görə, 2027–2030-cu illər üzrə maliyyə inklüzivliyinin genişləndirilməsinə dair Dövlət Proqramı bu istiqamətdə qarşıya yeni vəzifələr qoyur.

Maliyyə Monitorinqi Xidməti İdarə Heyətinin sədri Zaur Fətizadə isə bildirib ki, Azərbaycanda maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi ilə yanaşı, əməliyyatların risk səviyyəsinə uyğun nəzarət mexanizmlərinin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, mikromaliyyə sektoru bank xidmətlərinə çıxışı məhdud olan şəxslərin, özünüməşğul əhalinin və kiçik sahibkarların şəffaf maliyyə münasibətlərinə cəlb edilməsində mühüm rol oynayır.

Azərbaycanda maliyyə sahəsi üzrə qanunvericiliyin beynəlxalq standartlara uyğunluğunun 90–95 faiz səviyyəsində qiymətləndirildiyini diqqətə çatdıran Z.Fətizadənin sözlərinə görə, ölkədə maliyyə sahəsinin inkişafı, eləcə də daxili və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm nəticələr əldə olunub.

Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan üzrə ölkə nümayəndəsi Aliyə Əzimova isə qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsində məhsul şəhadətnamələri kimi yeni maliyyə alətlərindən istifadə imkanları genişlənə bilər. Qurum təmsilçisi, həmçinin mikromaliyyə sektorunun inkişafında investisiyaların cəlb edilməsinin də mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O əlavə edib ki, mikromaliyyə institutlarının kapital bazarları ilə əlaqələrinin gücləndirilməsi daha geniş investor dairəsinin cəlb olunmasına şərait yarada bilər.

Mikromaliyyə Mərkəzinin icraçı direktoru Katarzyna Pavlak bildirib ki, Azərbaycanın mikromaliyyə sektoru qlobal maliyyə böhranı, COVID-19 pandemiyası və müxtəlif qeyri-müəyyənliklərə baxmayaraq, inkişafını davam etdirib. Onun sözlərinə görə, Azərbaycan Mikromaliyyə Assosiasiyası çətin dövrlərdə fəaliyyətini davam etdirərək sektorun inkişafına və beynəlxalq təcrübənin tətbiqinə mühüm töhfələr verib.

Qeyd olunub ki, assosiasiya şəffaflığın artırılması, məlumatların təhlili, sosial fəaliyyətin qiymətləndirilməsi, qadınların iqtisadi imkanlarının genişləndirilməsi və müştəri hüquqlarının qorunması istiqamətində mühüm təşəbbüslər həyata keçirib. O, həmçinin rəhbərlik etdiyi qurumun Azərbaycanda yeni mikromaliyyə modelinin hazırlanmasından praktiki tətbiqinə keçid prosesini dəstəkləməyə hazır olduğunu vurğulayıb.

Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Jamal konfransa videomüraciətində bildirib ki, təmsil etdiyi qurum ölkəmizdə mikromaliyyə sektorunun inkişafı, maliyyə inklüzivliyinin genişləndirilməsi və kiçik sahibkarlığın maliyyələşdirilməsi istiqamətində dəstəyini davam etdirməyi nəzərdə tutur. Təmsil etdiyi qurumun mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin genişləndirilməsinə də töhfə verdiyini diqqətə çatdıran bank rəsmisi bu istiqamətdə yerli maliyyə institutlarına kreditlərin ayrılması kimi maliyyələşmə mexanizmlərindən istifadə olunduğunu söyləyib.

Azərbaycan Mərkəzi Bankının Bank Olmayan Kredit Təşkilatlarına Nəzarət Departamentinin direktoru Xəyyam İsmayılov ölkəmizdə BOKT-ların buraxdığı istiqrazların həcminin son iki ildə, təxminən, iki dəfə artaraq 100 milyon manata yaxınlaşmasına diqqət çəkib. Onun sözlərinə görə, istiqraz buraxılışlarının həcminin artması investorların və vətəndaşların BOKT sektoruna etimadının gücləndiyini göstərir. Qeyd olunub ki, maliyyə hesabatlarının ictimaiyyətə açıqlanması investorların BOKT-ların istiqrazlarına marağının artmasına müsbət təsir göstərib.

12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında Avropa və Mərkəzi Asiyanın 36 ölkəsində 140-dan çox təşkilatı birləşdirən Mikromaliyyə Mərkəzinin keçmiş icraçı direktoru Qjeqoj Qalusek, Qazaxıstan Mikromaliyyə Təşkilatları Assosiasiyasının şura sədri Yerbol Omarxanov, “PAŞA Kapital” QSC-nin baş icraçı direktoru İsi Mustafayev, Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Abas Mişkarlı, Şəriət Nəzarət Şuralarının sədri və üzvü, İslam maliyyəsi üzrə ekspert və auditor Abdurəşid Ustaz Jorayev və başqaları çıxış ediblər.

Mirbağır YAQUBZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью