Mil Muğanda “ağ qızıl”ın yeni dəyəri

28.08.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pambıqçılıq Beyləqanın kənd təsərrüfatında ənənəvi və strateji sahələrdən biri olmaqla yanaşı, bu gün də rayonun iqtisadi həyatında mühüm yer tutur. Bu il mövsümün əvvəlindən aparılan aqrotexniki tədbirlər nəticəsində sahələrdə bol məhsul yetişib. Artıq indidən əminliklə söyləmək olar ki, “ağ qızıl” ustaları əvvəlki illərdə olduğu kimi, bu dəfə də çəkilən zəhmətin bəhrəsini artıqlaması ilə görə biləcəklər.

Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, bu il rayon üzrə 8 min 389,97 hektar sahədə pambıq əkini aparılıb. Əkin sahələrinin 4 min 490,97 hektarı “Prime Cotton” MMC-nin, 2 min 475 hektarı “Azərpambıq” MMC-nin, 639 hektarı “Prime Cotton” MMC-nin, 450 hektarı “P-Aqro” MMC-nin, 335 hektarı isə “Kürdəmir-Pambıq” ASC-nin payına düşür.

Rayonda pambıq sahələrində becərmə işləri təsdiq olunmuş qrafikə uyğun davam etdirilir. Suvarma, gübrələmə, alaq otlarına və zərərvericilərə qarşı mübarizə, eləcə də digər aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi məhsuldarlığın əsas şərtlərindəndir.

Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi ilə birlikdə pambıq sahələrinə mütəmadi baxış keçirir. Tarlalarda aparılan becərmə işlərinin gedişi, su təminatı, zərərvericilərə qarşı mübarizə və digər aqrotexniki tədbirlərin vəziyyəti ilə yerində maraqlanır. Mövsüm ərzində görülən işlər, sahələrin vəziyyəti və məhsuldarlıq gözləntiləri müzakirə olunur. Fermerlər pambıqçılığın inkişafı üçün yaradılan imkanları yüksək qiymətləndirərək cari mövsümdə bol məhsul əldə etməyə ümid etdiklərini bildirirlər.

Rayon rəhbərliyi tərəfindən pambıqçılıqda məhsuldarlığın artırılması üçün aqrotexniki qaydalara ciddi əməl olunmasının, sahələrə vaxtında və düzgün qulluq göstərilməsinin, suvarma imkanlarından səmərəli istifadə edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Yeri gəlmişkən, tarixən pambıqçılıq ənənələri ilə seçilən Beyləqan rayonunda ən yüksək nəticə ümummilli lider Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövrdə – 1980-ci ildə qeydə alınıb. Həmin il rayonda 80,3 min ton pambıq istehsal olunub. Bu göstərici o dövrdə respublika üzrə istehsal olunan pambığın, təxminən, 10 faizini təşkil edib.

Son illərin göstəricilərinin müqayisəsi də rayonda pambıqçılıq sahəsində ciddi irəliləyişlərin müşahidə olunduğunu göstərir. Belə ki, 2020-ci ildə rayon üzrə 31 min 49,4 ton pambıq istehsal olunduğu halda, 2025-ci ildə bu göstərici 37,5 min ton səviyyəsinə yüksəlib. Eyni zamanda, son illər məhsuldarlığın ölkə üzrə ən yüksək göstəricilər sırasında olması rayonun bu sahədə mövqeyini daha da möhkəmləndirib.

Bu gün əsas hədəf yalnız yüksək məhsul əldə etmək deyil, həm də pambıqçılıqda məhsuldarlığı və istehsalın iqtisadi səmərəliliyini daha da artırmaqdır. Elə mövsümün əvvəlindən sahələrdə aparılan aqrotexniki tədbirlərin nəticələri də bu istiqamətdə nikbin proqnozlar verməyə əsas yaradır.

Qeyd edək ki, 1980-ci ilin tarixi rekordundan uzun illər keçsə də, Beyləqan pambıqçılıqda yeni zirvələrə doğru inamla irəliləyir, dövlətin qayğı və dəstəyinə güvənən fermerlər məhsuldarlığın artırılması üçün yüksək əzmkarlıqla çalışırlar.

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə meliorasiya və su təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində suvarma infrastrukturunun müasirləşdirilməsi və əkin sahələrinin etibarlı su təminatının yaxşılaşdırılması məqsədilə mühüm layihələr icra olunur. Bu çərçivədə Beyləqan rayonu ərazisindən keçən “Köhnə Xanqızı və P-0 kanalının yenidən qurulması” layihəsi üzrə tikinti-quraşdırma işləri davam etdirilir. Layihə çərçivəsində kanalın yenidən qurulması, beton üzlüyə alınması və su ötürücülük qabiliyyətinin artırılması istiqamətində işlər həyata keçirilir. Layihənin icrası nəticəsində Beyləqan rayonu ilə yanaşı, Mil-Muğan bölgəsində yerləşən əkin sahələrinin su təminatı daha da yaxşılaşacaq, su itkiləri minimuma enəcək. Bütün bu tədbirlər bölgənin kənd təsərrüfatında məhsuldarlığın artırılmasına mühüm töhfələr verəcək.

Mikayıl NƏRİMANOĞLU
XQ
Beyləqan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью