“Millətçilik Rusiyanı homogenləşmiş struktura doğru istiqamətləndirir” ŞƏRH OLUNDU

27.01.2026

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Rusiyada son illərdə müşahidə olunan millətçilik tendensiyaları yalnız siyasi diskursla məhdudlaşmır, eyni zamanda cəmiyyətin sosial və mədəni münasibətlər sisteminə də dərin şəkildə nüfuz edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, qeyri-rus etnik qruplara qarşı dil, din və etnik mənsubiyyət əsasında ayrı-seçkilik hallarının artması bu prosesin əsas göstəricilərindəndir:

”Xüsusilə miqrantlar və müsəlman icmalar ictimai rəyin formalaşdırılmasında tez-tez təhlükə və ya problem mənbəyi kimi təqdim olunur. Dövlətə yaxın media qurumlarında “rus kimliyi”nin dominant mövqedə vurğulanması çoxmillətli dövlət modeli anlayışını formal çərçivəyə sıxışdırır, praktikada isə assimilyasiya və mədəni təzyiq mexanizmlərini gücləndirir. Bu dinamika cəmiyyətdə sosial yadlaşmanı dərinləşdirir və qeyri-rus əhalinin özünü ikinci dərəcəli vətəndaş kimi qavramasına səbəb olur.

Mövcud ideoloji mühitin formalaşmasında müəyyən ictimai-ideoloji fiqurların təsiri xüsusi əhəmiyyət kəsb edir. Aleksandr Duqin və Vladimir Solovyov kimi ideoloqların irəli sürdüyü konsepsiyalar imperiya nostalgiyası, “müqəddəs Rusiya” ideyası və Qərbə qarşı konfrontativ yanaşma üzərində qurulmuşdur. Bu narrativlər millətçiliyi tədricən dövlət siyasətinin ideoloji dayaqlarından birinə çevirir. İdeoloji diskurs daxilində fərqlilik çox zaman təhlükə, sədaqətsizlik və ya “beşinci kolon” anlayışları ilə eyniləşdirilir, qeyri-rus xalqların mədəni və dini müxtəlifliyi isə sistemin zəif tərəfi kimi təqdim olunur.

Millətçilik Rusiyada yalnız xarici siyasətin legitimləşdirilməsi üçün istifadə olunan ideoloji alət olmaqdan çıxaraq, daxili nəzarət və sosial tənzimləmə mexanizminə çevrilir. Bu yanaşma cəmiyyət daxilində loyal və qeyri-loyal kateqoriyalar yaradır, ictimai münasibətləri qütbləşdirir və dözümsüzlük səviyyəsini artırır. Belə bir ideoloji xətt uzunmüddətli perspektivdə sosial inteqrasiyanı zəiflədir, çoxmillətli cəmiyyətin davamlılığı üçün ciddi risklər formalaşdırır və Rusiya cəmiyyətini daha qapalı, aqressiv və homogenləşmiş bir struktura doğru istiqamətləndirir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью