Milləti düşünürlərsə... kreditin maksimum məbləğini artırmağa yox, bahalaşmanı önləməyə çalışsınlar

13.03.2025

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda güzəştli ipoteka kreditlərinin maksimum məbləğinin artırılması təklif olunub. Bu təkliflə Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxış edib. Deputatın sözlərinə görə, bu il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq: "Dövlət büdcəsindən ayrılan bu vəsaitlər daha çox sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. 2025-ci ildə 5 minə yaxın vətəndaşımız ipoteka hesabına mənzil sahibi ola biləcək. Güzəştli ipoteka kreditləri maksimum məbləğ 100 min manat olmaqla 4 faizlə 30 il müddətinə təklif olunur. Mövcud bazar qiymətlərini nəzərə alaraq güzəştli ipoteka kreditlərinin maksimum məbləğinin 100 min manatdan 150 min manatadək artırılması məqsədəuyğun olardı”-deyə deputat vurğulayıb.Güzəştli ipoteka kreditlərinin maksimum məbləğinin artırılması nə deməkdir? Bu artım vətəndaşın daha çox borclanması demək deyilmi?

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, parlamentdə güzəştli ipotekanın 100 min manatdan 150 min manata qədər qaldırılması təklif edilib.

Elnur Azadov

“Qeyd edək ki, güzəştli ipoteka 4 faiz, adi ipoteka isə 8 faizlədir. Güzəştli ipoteka dövlət qulluqçularına və hərbçilərə şamil olunur. Vətəndaş 100 min manat ipoteka və əlində olan 20 faizlə bazardan 115-120 min manata ev almağa çalışır. Bu ipoteka məbləği büdcədən 6-7 il əvvəl ayrılıb və daşınmaz əmlak da bu müddət ərzində orta hesabla 50 faizə qədər bahalaşıb.

Bu gün vətəndaş istədiyi mənzili əldə edə bilmir. Vətəndaş ilkin ödənişin cəmi 15-20 faizi özü ödəyə bildiyi halda, bazarda seçə biləcəyi əmlakların sayı az olur. Və əmlak da yalnız şəhərin kənar hissələrində, daha az otaqlı ola bilər. Vətəndaşa 4 faizdən imtiyazlı ipotekanın götürülməsində seçim məhdud olur”- deyən Elnur Azadov bildirib ki, son 4-5 il ərzində daşınmaz əmlakın qiyməti artıq 50 faiz civarında bahalaşıb və bu səbəbdən də ayrılan ipoteka həcmi hər bir vətəndaşa çatmır. Ekspert hesab edir ki, bu baxımdan artırma məsələsi var və bu da parlamentdə müzakirə edilmiş məsələdir.

“Mən bu rəqəmi artırmaqdan çox, daşınmaz əmlakın bahalaşmasının qarşısını almağa çalışardım. Bunun köklü səbəbləri var. Ola bilər ki, parlament üzvləri bunu ümumi iqtisadiyyatın formalaşması ilə əsaslandırırlar. Amma mən daşınmaz əmlak və inşaat üzrə ekspert olduğuma görə, tamamilə başqa əsaslara da bağlayıram. Süni qiymət artımı və tikinti şirkətlərin qeyri-rəqabətliliyi buna gətirib çıxardır. Daşınmaz əmlakın bahalaşması iqtisadiyyata ciddi zərər vurur. Parlamentdə oturanlar iqtisadiyyata, xalqa, vətəndaşa dəstək olmaq istəyirlərsə, məbləği 50 min manat artırmaq əvəzinə, daşınmaz əmlakın qiymətinin artmasının qarşısını almaq üçün bir proqram düşünməlidirlər. Səbəblərini aradan qaldırsınlar, monopoliyanı aradan qaldırsınlar. Bakı Şəhərinin baş planı təsdiq edilib, sökülməli 16 minə yaxın köhnə yaşayış fondu var”-deyən ekspert hesab edir ki, bu məsələyə daha köklü şəkildə yanaşmaq olardı, yəni məbləğin artırılması buna çarə deyil.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью