Milli birliyin gücü, zəfərin səsi ŞƏRH

05.10.2026

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan xalqının tarixində elə məqamlar var ki, həmin anlarda milli həmrəylik, siyasi iradə və dövlətçilik düşüncəsi vahid məqsəd ətrafında birləşir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi “Azərbaycan xalqı yumruq kimi birləşərək öz haqqını tələb edirdi və Azərbaycan iqtidarı da bu şərəfli missiyanı yerinə yetirdi” fikri də məhz belə tarixi bir reallığı ifadə edir. Bu fikir Azərbaycan xalqının keçdiyi yolun, milli birliyin və dövlət siyasətinin nəticələrinin mahiyyətini özündə cəmləşdirən mühüm siyasi mesajdır. Bu ifadədə xalqın iradəsi ilə dövlət siyasətinin vəhdəti, milli maraqların müdafiəsi və tarixi ədalətin bərpası üçün göstərilən qətiyyət öz əksini tapır.
Azərbaycan xalqının haqq səsinin dünyaya çatdırılması uzun illər ərzində dövlətimizin qarşısında duran əsas məsələlərdən biri olub. İşğal faktı, doğma torpaqlarından didərgin salınmış insanların taleyi, tarixi ədalətin bərpası arzusu xalqımızın yaddaşında daim yaşayıb. Lakin bu arzunun reallaşması yalnız istəklə deyil, güclü dövlət, ardıcıl siyasət və xalq-iqtidar birliyi ilə mümkün idi. Bu baxımdan Yeni Azərbaycan Partiyasının fəaliyyəti və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət xüsusi əhəmiyyət daşıyır. Ölkəmizin siyasi, iqtisadi və hərbi imkanlarının gücləndirilməsi Azərbaycanın milli maraqlarının daha qətiyyətlə müdafiə edilməsinə şərait yaratdı.
“Yumruq kimi birləşmək” ifadəsi Azərbaycan xalqının Vətən müharibəsi və ondan əvvəlki dövrdə nümayiş etdirdiyi həmrəyliyin ən yığcam ifadələrindən biridir. Bu birlik yalnız siyasi müstəvidə deyil, cəmiyyətin bütün təbəqələrində özünü göstərdi. Xaricdə yaşayan soydaşlarımızdan tutmuş cəbhədə xidmət edən əsgərlərimizə, müxtəlif peşə sahiblərindən gənclərə qədər hər kəs Azərbaycanın haqq işinin yanında dayandı. Xalqın bu həmrəyliyi dövlətin siyasi və diplomatik imkanları ilə birləşərək Azərbaycanın qarşısında yeni tarixi imkanlar yaratdı. Həmin birlik Azərbaycan xalqının öz dövlətinə olan inamının, Vətənə bağlılığının və milli həmrəyliyinin bariz nümunəsinə çevrildi.
Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışında vurğuladığı məqamlar göstərir ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər təsadüfi hadisələrin nəticəsi deyil. Bu nəticələrin arxasında illərlə aparılan məqsədyönlü siyasət, dövlət institutlarının gücləndirilməsi, iqtisadi imkanların artırılması, ordunun müasirləşdirilməsi və beynəlxalq mövqelərin möhkəmləndirilməsi dayanır. Güclü dövlətin formalaşdırılması milli maraqların qorunması üçün möhkəm zəmin yaratdı. Bu siyasətin əsas istiqamətlərindən biri də Azərbaycanın ərazi bütövlüyünün bərpasına hazırlıq idi. Azərbaycan diplomatiyası beynəlxalq platformalarda öz mövqeyini ardıcıl şəkildə müdafiə edir, ölkəmizin haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırırdı.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bu baxımdan yalnız partiyanın növbəti siyasi toplantısı kimi deyil, ölkənin gələcək inkişaf prioritetlərinin müzakirə edildiyi mühüm ictimai-siyasi platforma kimi də qiymətləndirilə bilər. Qurultayda səsləndirilən fikirlər Azərbaycanın qarşısında duran vəzifələrin, dövlətçilik kursunun davamlılığının və yeni mərhələdə qarşıya qoyulan məqsədlərin əhəmiyyətini bir daha ortaya qoyur. Partiyanın cəmiyyətdəki rolu, siyasi sabitliyin qorunması və milli maraqların müdafiəsi istiqamətində fəaliyyəti bu prosesin mühüm tərkib hissəsidir. YAP-ın ölkənin ictimai-siyasi həyatındakı rolu xalqla dövlət arasında əlaqələrin möhkəmləndirilməsində də özünü göstərir.
Azərbaycan xalqının “yumruq kimi” birləşməsi ən ağır günlərdə özünü xüsusilə aydın göstərdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı cəmiyyətin bütün təbəqələri eyni amal ətrafında səfərbər oldu. Azərbaycan əsgərinin döyüş meydanındakı qəhrəmanlığı xalqın mənəvi dəstəyi ilə tamamlandı. Hər bir uğurlu hərbi əməliyyat, hər bir azad edilmiş yaşayış məntəqəsi xalqımızda böyük qürur və inam yaratdı. Nəticədə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nəticə əldə edildi. Bu Zəfər xalqın və dövlətin vahid iradəsinin, ordunun gücünün və illərlə aparılan hazırlıq işlərinin nəticəsi kimi tariximizə həkk olundu.
Bu tarixi nəticə həm də “haqqını tələb etmək” anlayışının Azərbaycan üçün nə qədər böyük məna daşıdığını göstərdi. Azərbaycan öz haqqını beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq müdafiə edirdi. İşğal faktının aradan qaldırılması, məcburi köçkünlərin doğma torpaqlarına qayıtması və ərazi bütövlüyünün təmin edilməsi xalqımızın uzun illər gözlədiyi ədalətin bərpası idi. Dövlətimizin apardığı siyasət bu məqsədə çatmaq üçün siyasi, diplomatik, iqtisadi və hərbi istiqamətləri vahid strategiyada birləşdirdi. Beləliklə, Azərbaycan öz milli maraqlarını qorumaqla yanaşı, regionda yeni reallıqların yaranmasına da mühüm töhfə verdi.
Prezident İlham Əliyevin çıxışlarında xalq-iqtidar birliyi daim xüsusi yer tutur. Bu birlik qarşılıqlı etimad və milli maraqların müdafiəsi üzərində qurulur. Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinin dövlət siyasətinə verdiyi dəstək ölkəmizin qarşısında duran mürəkkəb məsələlərin həllində mühüm rol oynayır. Eyni zamanda dövlətin vətəndaşın rifahına, təhlükəsizliyinə və gələcəyinə yönəlmiş siyasəti bu etimadın daha da möhkəmlənməsinə xidmət edir. Xalqın dövlətə inamı, dövlətin isə xalqın iradəsinə söykənməsi Azərbaycanın inkişaf modelinin mühüm xüsusiyyətlərindən biridir.
Bu gün Azərbaycan artıq yalnız keçmişdəki problemlərin həlli ilə kifayətlənən ölkə deyil. Qarşıda yeni inkişaf mərhələsi, azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdış, regionların sosial-iqtisadi inkişafı və Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi kimi mühüm vəzifələr dayanır. Cəmiyyətin həmrəyliyi bu məqsədlərə çatmaq üçün ən böyük mənəvi dayaqlardan biridir. Dünən bizi birləşdirən əsas amal ərazi bütövlüyümüzün bərpası idisə, bu gün bizi birləşdirən əsas məqsəd güclü, müasir və inkişaf edən Azərbaycan qurmaqdır. Bu məqsəd də xalqımızdan birlik, məsuliyyət və dövlətçilik dəyərlərinə sadiqlik tələb edir.
Qələbədən sonra qarşıda duran quruculuq və bərpa işləri də milli birliyin nə qədər vacib olduğunu göstərir. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, yeni infrastrukturun yaradılması, insanların öz doğma yurdlarına qayıtması Azərbaycanın Zəfərinin yalnız hərbi deyil, həm də sosial və humanitar nəticələrini ortaya qoyur. Bu proses gələcək nəsillərə daha güclü və firavan Azərbaycan miras qoymaq baxımından böyük əhəmiyyət daşıyır.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər bu baxımdan həm keçmişə qiymət, həm də gələcəyə baxış xarakteri daşıyır. Xalqın birliyi, dövlətin gücü və milli iradə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin əsas dayaqlarıdır. “Yumruq kimi birləşən” xalqın gücü yalnız müharibə dövründə deyil, sülh və quruculuq mərhələsində də özünü göstərməlidir. Çünki milli birlik davamlı inkişafın, sabitliyin və dövlətçilik ənənələrinin qorunmasının mühüm şərtidir. Qarşıdakı illərdə də bu həmrəyliyin qorunması ölkəmizin qarşıya qoyduğu strateji məqsədlərə çatmasına xidmət edəcək.
Azərbaycan xalqının keçdiyi yol bir daha sübut edir ki, milli məqsəd ətrafında birləşən xalq böyük tarixi nəticələr əldə etməyə qadirdir. Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikrin mahiyyəti də məhz bundan ibarətdir: xalq öz haqqına inanmalı, dövlət isə bu haqqın müdafiəsi üçün bütün imkanlarını səfərbər etməlidir. Bu gün əldə olunan Zəfər həmin birliyin və siyasi iradənin tarixi nəticəsidir. Qarşıdakı mərhələdə də eyni həmrəylik və məsuliyyət hissi ilə hərəkət etmək Azərbaycanın daha böyük uğurlar qazanmasına xidmət edəcək. Xalqın birliyi, dövlətin gücü və milli iradə Azərbaycanın gələcək inkişafının da əsas dayaqları olaraq qalacaq.

Rəvanə Seyidova

YAP Ordubad rayon təşkilatının fəalı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью