Milli “Böyük Dəbilqə” yolunda

26.10.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunacaq növbəti beynəlxalq sınağa hazırlaşırlar.

Futbolpress.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidməti məlumat yayıb. 29-31 oktyabr tarixlərində keçiriləcək “Böyük Dəbilqə” turnirində ölkəmizi 11 idmançı təmsil edəcək.

Milli komandamız yarışda 9 çəki dərəcəsində mübarizə aparacaq. Qadınlardan Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Südabə Ağayeva (70 kq), Madina Kaisinova (+78 kq), kişilərdən Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Kamran Süleymanov, Hidayət Heydərov (hər ikisi 73 kq), Elcan Hacıyev (90 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) tatamiyə çıxacaq.

İdmançılarımıza kişilərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov, Slavko Tekiç, qadınlar millisinin baş məşqçisi Amina Abdellatif və məşqçi Tərlan Kərimov rəhbərlik edəcəklər.

Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına reytinq xalları verən “Böyük Dəbilqə”də 60 ölkədən 400-ə yaxın cüdoçunun tatamiyə çıxması gözlənilir. Turnirin ədalət təmsilçiləri arasında ACF Hakimlər Komitəsinin üzvü, A kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də yer alacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью