Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Vətən müharibəsində Qələbə Azərbaycanın xarici siyasətində yeni yanaşmalara yol açdı
Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən, beynəlxalq subyeklik statusu artdıqdan sonra kənar oyunçularla münasibətlərində bir çox problemlərlə üzləşmişdi. Bu sırada Fransanın, İranın, Rusiyanın, eləcə də Avropanın bəzi institutlarının adlarını qeyd edə bilərik. Dünyanın hər tərəfində müşahidə olunan iqtisadi-siyasi, hərbi, o cümlədən humanitar böhranlar şəraitində Azərbaycan hansı metod və üsullardan istifadə edərək bu sınaqlardan uğurla çıxmağı bacarır? Bu, eləcə də günün digər aktual məsələləri barədə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədr müavini, politoloq Fərhad Məmmədovun fikirləri ilə oxucuları tanış edirik.
Konstruktiv praqmatizm
Mövzuya metodoloji yöndən yanaşmağa üstünlük verən politoloq Azərbaycanın heç bir ölkə və ya beynəlxalq təşkilatla münasibətlərini gərginləşdirməkdə maraqlı olmadığını bildirdi. Bu zaman politoloq hələ on beş il bundan əvvəl Azərbaycanın digər ölkələrlə münasibətlərini xarakterizə etməyə çalışdığını və sonda belə bir qənaətə gəldiyini açıqladı: “Bakının xarici siyasət kursuna konstruktiv praqmatizm formulunun tam uyğun gəldiyini qeyd edərdim. Bəli, əslində, praqmatizm heç də həmişə konstruktiv xarakter daşımır. Azərbaycan rəhbərliyinin praqmatizmi həmişə partnyorun maraqlarını nəzərə almaq üzərində qurulub. Bakı bərabərhüquqlu, qarşılıqlı faydalı prinsiplərə söykənərək həm siyasi dialoqları, həm də böyük iqtisadi layihələri məhz bu zəmində həyata keçirir. Bəziləri bu siyasəti ehtiyatlı praqmatizm kimi səciyyələndirirlər. Yəqin, belə bir yanaşma ətrafımızda hələ də davam edən müharibələrlə, sərhədlərimizin on kilometrliyində mərmilərin partlaması, PUA-ların uçması reallığı ilə şərtləndirilir”.
Dialoq üçün məkan
“Xarici mediadan, informasiya axınından görürük ki, ölkəmizə qarşı müəyyən kampaniyalar aparılır. Yəni qarşı tərəfin anti-Azərbaycan fəaliyyəti, təbii olaraq, Bakının adekvat reaksiyasına səbəb olur”, – deyən politoloq belə ideoloji böhranın Şarl Mişelin Avropa İttifaqına rəhbərlik etdiyi dönəmdə yaşandığını diqqətə çatdırdı: “ABŞ-ın Dövlət katibi Antoni Blinkenin sülh prosesində tutduğu ermənipərəst mövqeyini yada salaraq onu qeyd etmək istərdim ki, rəsmi Bakı elə kritik məqamlarda belə dialoq üçün meydanı açıq saxlamağa üstünlük verib. Həm sosial şəbəkədə, həm siyasi açıqlamalarda, həm də dərc olunan analitik yazılarda Azərbaycana qarşı bir mərkəzdən təşkil olunmuş kampaniya bütün çalarları ilə görünəndə, Bakı əvvəlcə xəbərdarlıq mesajları göndərir. Bütün bunların bir təsiri olmayanda, xəbərdarlıq siqnalları qulaqardına vurulanda, süni şəkildə yaradılmış böhran tənzimlənməyəndə rəsmi reaksiya gəlir. Təcrübə göstərir ki, belə hallarda rəsmi Bakı həmişə dialoqun davam etdirilməsi və problemin həlli üçün məkan saxlayır. Bu, Azərbaycan diplomatiyasının olduqca vacib və üstün cəhətidir”.
Gözləməyi bacarmaq
Böhranların nizama salınması prosesindən hər ölkənin, hər liderin özünəməxsus üslubu, manerası olduğunu deyən mərkəzin sədr müavini rəsmi Bakının xarici siyasətinin xarakterik cəhətlərindən biri kimi gözləməyi bacarmaq taktikası olduğunu bildirdi. Bu barədə İkinci Qarabağ müharibəsindən sonra çap olunmuş bir kitabda oxuduğunu diqqətə çatdıran F.Məmmədov ölkəmizə qarşı yönələn informasiya, kiber, siyasi pressinqlərə dözmək, prosesi həlledici məqama qədər təmkinlə izləmək lazım gəldiyini vurğuladı.
Politoloq buna misal olaraq Bayden administrasiyası dövründə Ağ Evdən ünvanımıza səslənən hədə-qorxu dolu siyasi bəyanatları, bu mətbəxə xidmət edən “Politiko” nəşrinin, üstəgəl, Qərbin, xüsusilə Fransanın, Rusiyanın bəzi media kanallarının açıq ermənipərəst mövqeli məqalələrini, çıxışlarını göstərdi: “Yadımdadır, o zaman avropalı həmkarlarımızdan bəziləri Bakının bu çoxçalarlı hücumlara heç nə ilə cavab verməməsinə təəccübləndiklərini bizə yazırdılar. Sonra onlara məlum olacaq ki, Azərbaycanın məqsədi rəqibə “cəbbəxanasındakı” bütün kartlarını açıb ortaya qoymaq, üfürülən “informasiya köpüyünün” partlamasını gözləmək idi. 2020-ci ilin fevral ayında Aİ-nin Münxendə keçirilən sammitində Blinkenə və Paşinyana birmənalı şəkildə dedi ki, Vardanyan siyasi səhnədən çəkilməlidir. Onda Nikol Paşinyan Vardanyana təsir imkanının olmadığı bildirsə də, üstündən iki gün keçəndən sonra separatçı rejimin başçısı Arutyunyan Vardanyanı nazir vəzifəsindən azad etdi. Həmin konkret hadisədən sonra Qərbin informasiya məkanı Azərbaycanın xeyrinə fəaliyyət göstərməyə başladı”.
Keçmişdən ibrət
Yaşanan hər bir böhrandan sonra münasibətlərin yeni forma aldığını qeyd edən F.Məmmədov Azərbaycan üçün belə bir mərhələnin ABŞ-da prezident seçkilərində Baydenin uduzmasından sonra başladığını xatırlatdı. Rəsmi Bakı buna qədər Cozef Baydenin komandasına praqmatik əməkdaşlıq, həmin Zəngəzur dəhlizi layihəsini irəli sürüb-sürmədiyi məsələsinə də toxunan politoloq bu barədə aşağıdakıları söylədi: “Bayden administrasiyası birmənalı şəkildə ermənipərəst mövqedən çıxış edirdi. Onun komandası Bakı və İrəvana sülh paketini təqdim etmək barədə yalnız seçki ərəfəsində düşünməyə başladı. Bu məqsədlə bölgəyə xüsusi nümayəndələrini göndərdilər. Bakı cavabında 907-ci düzəlişin ləğvi, enerji və nəqliyyat infrastrukturu sahəsində əməkdaşlığı təklif etmişdi. Buna qədər isə Vaşinqtonun münaqişənin nizamlanması prosesində vasitəçi kimi missiyası destruktiv xarakter daşıyırdı. Bu özünü nədə göstərirdi?
Misal üçün, həm Azərbaycan, həm də Ermənistan kommunikasiyaların açılmasına razılığını bildirsə də, Ağ Ev buna konstruktiv yanaşmırdı. Bayden faktiki olaraq, bu müstəvidə manipulyativ mövqe nümayiş etdirirdi. 2023-cü ilin yayında NATO-nun sammitində iki ölkənin xarici işlər nazirləri – Ceyhun Bayramov və Ararat Mirzoyanla görüşündə Bayden bəyan etdi ki, amerikalı hüquqşünasların rəyinə görə, Ermənistan Respublikasının konstitusiyasında Azərbaycana qarşı heç bir ərazi iddiası yer almır. Bəli, biz Bayden administrasiyasının qərəzli, manipulyativ siyasi yanaşması ilə üzləşmişdik”.
Sonda Azərbaycanın artıq kənardan yönəldilən bütün siyasi təzyiq və müdaxilələrə möhkəm immunitet formalaşdırdığını və onlara effektli üsullarla cavab verməyə hazır olduğunu qeyd edən F.Məmmədov bu gün kimsə ərazi bütövlüyümüzə müdaxilə etmək xəyalına düşərsə, Bakının ona öz ölkəsində hər şeyin qaydasında olmadığını xatırlada biləcəyini dedi.
Beləliklə, müsahibimizin açıqlamaları da göstərir ki, rəsmi Bakının hazırda yürütdüyü xarici siyasəti rəqibini, şahmat taxtasında olduğu kimi, “mat” qoymaq taktikası adlandırmaq olar.
Hazırladı:
İ.HƏSƏNQALA
XQ