Milli Dirçəliş Gününə həsr olunmuş “BİZ” sənədli filmi Budapeştdə nümayiş etdirilib

18.11.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Budapeşt, 18 noyabr, AZƏRTAC

Milli Dirçəliş Günü münasibətilə Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evində xalqımızın Vətən müharibəsi dövründə nümayiş etdirdiyi milli birlik və həmrəylik ruhuna həsr olunmuş “BİZ” sənədli filminin nümayişi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Macarıstanda yaşayan həmvətənlərimiz, Azərbaycanın Macarıstandakı səfiri Esmira Cəfərova, eləcə də səfirliyin əməkdaşları iştirak ediblər.

Macarıstandakı Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli 17 Noyabr – Milli Dirçəliş Gününün Azərbaycan xalqının milli oyanış və azadlıq mübarizəsi tarixində mühüm yer tutduğunu bildirib. O, bu əlamətdar günün xaricdə yaşayan soydaşlarımız tərəfindən də qeyd olunmasının milli kimliyin, tarixi yaddaşın və həmrəylik ruhunun qorunması baxımından əhəmiyyətini vurğulayıb.

Çıxış edən Azərbaycanın Macarıstandakı səfiri Esmira Cəfərova Milli Dirçəliş Gününün xalqımızın müstəqillik və suverenlik uğrunda mübarizə tarixinin əlamətdar səhifələrindən biri olduğunu diqqətə çatdırıb. Səfir Vətən müharibəsi zamanı Azərbaycan xalqının nümayiş etdirdiyi misilsiz birlik və həmrəyliyin tarixi Zəfərin əldə olunmasında mühüm rol oynadığını vurğulayıb. O, xarici ölkələrdə yaşayan azərbaycanlıların milli maraqlar ətrafında birləşməsinin, Vətənlə əlaqələrin qorunmasının və milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib.

Sonra “BİZ” sənədli filminin nümayişi olub.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью