Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Sirr deyil ki, xalqların tarixində elə günlər var ki, onlar sadəcə təqvimdə bir tarix kimi qalmır, milli yaddaşın, azadlıq arzusunun və dövlətçilik məfkurəsinin rəmzinə çevrilir. 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycan xalqının məhz belə tarixi günlərindən biridir. Bu gün xalqımızın yalnız siyasi mübarizəsinin deyil, həm də milli ruhunun, milli özünüdərkin və azadlıq yanğısının təzahürüdür.
1988-ci il noyabrın 17-də Bakının indiki Azadlıq meydanında başlayan xalq hərəkatı Azərbaycan tarixində yeni bir səhifə açdı. Həmin gün meydanlara çıxan insanlar təkcə torpaqlarının taleyinə deyil, xalqın şərəfinə, milli varlığına, gələcəyinə sahib çıxırdılar. Bu, bir xalqın milli kimliyini dərindən dərk etməsinin bariz nümunəsi idi.
Və bu milli oyanışın ən mühüm dayaqlarından biri də dilimiz idi.
Dil – xalqın milli kimliyinin nişanəsidir.
Bir xalqı xalq edən nədir? Ərazisi, tarixi, mədəniyyəti, adət-ənənələri, yoxsa dövlətçilik ənənələri? Əlbəttə, bunların hamısı! Amma bütün bu dəyərləri bir-birinə bağlayan, nəsildən-nəslə ötürən ən mühüm vasitə dildir.
Dil xalqın milli kimliyinin atributudur. O, bizim kim olduğumuzu, haradan gəldiyimizi və hansı mənəvi dünyaya sahib olduğumuzu ifadə edir. Dil dünənimizdən bu günümüzə, bu günümüzdən sabahımıza körpüdür.
Dil, eyni zamanda, mədəni dəyərlərimizin daşıyıcısıdır. Nənəmizin laylası, babamızın öyüdü, dastanlarımız, bayatılarımız, Füzulinin qəzəlləri, Vaqifin qoşmaları, Sabirin, Mirzə Cəlilin satirası – bütün bunlar dilimizin yaddaşında yaşayır.
Dil dünyaya baxan insanın gözündə eynəkdir. İnsan dünyanı öz dili vasitəsilə dərk edir, hadisələrə öz dilinin düşüncə və ifadə imkanları ilə yanaşır. Eynək dəyişəndə dünyanın mənzərəsi dəyişdiyi kimi, dilin imkanları zəiflədikdə insanın mənəvi dünyasının ifadə imkanları da məhdudlaşa bilər və acı təəssüf hissi ilə qeyd edim ki, məhdudlaşır da.
Dilə qayğı göstərmək, əslində, xalqın yaddaşına, düşüncəsinə və gələcəyinə qayğı göstərməkdir.
Müstəqilliyimizin bərpasından sonra Azərbaycan dilinin hüquqi statusunun möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
Bu istiqamətdə qəbul edilmiş əsas sənədləri xronoloji ardıcıllıqla xatırlayaq.
Birinci mühüm addım – 1992-ci il 22 dekabr tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun idi. Həmin dövrdə dövlət dili türk dili adlandırılmış, onun dövlət idarəçiliyində, ictimai, siyasi, elmi və mədəni həyatda işlədilməsi hüquqi müstəvidə təsbit olunmuşdu. Bu sənəd müstəqil Azərbaycan dövlətinin dil siyasətinin formalaşmasında mühüm mərhələ oldu.
İkinci mühüm mərhələ – 1995-ci il Azərbaycan Respublikasının Konstitusiyasıdır. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi Konstitusiya Komissiyası tərəfindən hazırlanmışdı. Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olduğu təsbit edildi.
Üçüncü mərhələ – 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Prezident Fərmanıdır. Fərman dövlət dilinin tətbiqinin genişləndirilməsinə, rəsmi sənədləşmədə, təhsildə, mətbuatda və digər sahələrdə Azərbaycan dilinin işlənməsinə yeni təkan verdi.
Həmin ilin 9 avqustunda Heydər Əliyevin imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Prezident Fərmanı isə hər il avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilməsini müəyyənləşdirdi. Bu qərar dilimizə dövlət səviyyəsində göstərilən diqqətin rəmzinə çevrildi.
Dördüncü mühüm sənəd – 2002-ci il 30 sentyabr tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanundur. Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dövründə qəbul edilmiş bu qanun Azərbaycan dilinin hüquqi statusunu hərtərəfli müəyyənləşdirdi. Dilimizin dövlət idarəçiliyində, ictimai-siyasi, iqtisadi, elmi və mədəni həyatın bütün sahələrində işlədilməsi təsbit olundu.
Bu qanunun əhəmiyyəti ondadır ki, dilə münasibət yalnız mənəvi çağırış səviyyəsində qalmadı, konkret hüquqi öhdəliklər müstəvisinə keçdi.
Beşinci istiqamət – 2003-cü il 2 yanvar tarixli 835 nömrəli Prezident Fərmanıdır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə adlanan bu Fərman Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmışdır. Bu fərman Dövlət dili haqqında Qanunun həyata keçirilməsi mexanizmlərini müəyyənləşdirdi, dövlət qurumlarına qanunvericiliyin yeni tələblərə uyğunlaşdırılması ilə bağlı konkret tapşırıqlar verdi.
Bu mərhələdə daha bir mühüm sənədi də qeyd etmək lazımdır. 2003-cü il 5 dekabr tarixində Prezident İlham Əliyev tərəfindən imzalanmış 538-IIQD nömrəli Qanun – “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Qanun idi. Bu qanunla Azərbaycan dilinin gündəlik ictimai və iqtisadi münasibətlərdə işlənməsi üçün əlavə hüquqi təminatlar yaradıldı.
Altıncı mühüm sənəd – 2018-ci il 1 noyabr tarixli Prezident Fərmanıdır. “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmandır. Prezident İlham Əliyev tərəfindən imzalanmış bu fərman dilimizin saflığının qorunması, ədəbi dil normalarının tətbiqi, media məkanında dil mədəniyyətinin yüksəldilməsi və dilimizin müasir çağırışlara uyğun inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Beləliklə, Heydər Əliyevin dövründə əsası qoyulmuş dövlət dilinin hüquqi müdafiəsi siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə davam etdirildi. Nəhayət, 2020-ci il 8 may tarixli 93-VIQD nömrəli Qanunu da qeyd etməliyik. Bu dəyişikliklərlə Azərbaycan ədəbi dilinin orfoqrafiya və orfoepiya normalarına əməl edilməsi hüquqi baxımdan daha konkret şəkildə müəyyənləşdirildi. Həmçinin ictimai televiziya və radio proqramlarında dövlət dili normalarına riayət olunması qanunvericilikdə təsbit edildi.
Bütün bu sənədlər bir həqiqəti göstərir: Azərbaycan dilinin qorunması təsadüfi və epizodik tədbir deyil, müstəqil dövlətimizin ardıcıl dil siyasətidir.
Bəs bu gün ana dilimizin vəziyyəti necədir? Bir tərəfdən, Azərbaycan dili dövlət idarəçiliyinin, təhsilin, elmin, mədəniyyətin, ədəbiyyatın və informasiya məkanının əsas ünsiyyət vasitəsidir. Dövlət dilimizin hüquqi statusu möhkəmdir, onun inkişafı üçün institusional və elmi imkanlar mövcuddur. Digər tərəfdən, qarşımızda həllini gözləyən məsələlər də az deyil. Gündəlik ünsiyyətdə, sosial şəbəkələrdə, reklam lövhələrində, bəzi televiziya və internet mətnlərində dil normalarının pozulmasına rast gəlirik. Alınma sözlərdən yersiz istifadə, onların düşünülmədən işlədilməsi, nitq mədəniyyətinə laqeyd münasibət narahatlıq doğurur.
Müasir texnologiyalar dövründə isə yeni vəzifələr yaranır. Azərbaycan dilində elektron lüğətlərin, rəqəmsal kitabxanaların, dil korpuslarının, süni intellekt və təbii dilin emalı texnologiyalarının inkişafı xüsusi əhəmiyyət kəsb edir, çünki dil yalnız keçmişimizin yadigarı deyil, gələcəyimizin də vasitəsidir. Azərbaycan dili rəqəmsal dünyada da yaşamalı, inkişaf etməli, texnologiyaların dili olmalıdır.
Burada bir məqamı unutmayaq: başqa dilləri öyrənmək zənginlikdir, ana dilini unutmaq isə itki! Biz dünyaya açılmalıyıq, amma öz dilimizin qapısını bağlamamalıyıq.
Dövlətçilik, dil və milli kimlik bir-birini tamamlayan üç mühüm anlayışdır. Dövlət dilə hüquqi status verir, dil dövlətçiliyə mənəvi məzmun qazandırır, milli kimlik isə bu iki dəyəri xalqın yaddaşında və əməllərində yaşadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2026-cı il tarixli yerli televiziya kanallarına müsahibəsindən bəzi məqamları burada xatırlatmağı bir vətəndaş kimi özümə borc bilirəm:
“Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir”; “Dil o amildir ki, milləti millət edir”; “Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir və milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş”.
Təsadüfi deyil ki, sonda cənab İlham Əliyev fikrini ciddi bir xəbərdarlıqla tamamlayır:
“Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək...”
Prezidentin bu fikri bizə bir daha xatırladır ki, dilin taleyi yalnız dilçilərin, müəllimlərin, yazıçıların məsələsi deyil. Bu, hər bir vətəndaşın milli məsuliyyətidir, çünki dilimizi qorumaqla biz təkcə sözlərimizi deyil, tariximizi, yaddaşımızı və dövlətçilik gələcəyimizi qoruyuruq.
1988-ci ilin noyabrında xalqımız milli iradəsini nümayiş etdirdi. Bu iradə sonrakı tarixi mərhələdə müstəqil dövlətçiliyimizin bərpasına, milli kimliyimizin və ana dilimizin hüquqi təminatlarının möhkəmləndirilməsinə aparan yolun mühüm mənəvi dayaqlarından birinə çevrildi.
Biz 1988-ci ildə milli azadlıq və dirçəliş ruhunu yaşadan xalqın övladlarıyıq. Bu mənada 17 Noyabrın tarixi əhəmiyyəti yalnız keçmişi xatırlamaqla bitmir. Bu gün bizə müstəqilliyin, milli birliyin və milli dəyərlərə sahib çıxmağın məsuliyyətini də xatırladır. Dilimiz yaşadıqca, tariximiz unudulmadıqca, milli yaddaşımız qorunduqca xalqımızın mənəvi dirçəlişi də davam edəcəkdir.
Dilini qoruyan xalq yaddaşını qoruyur, yaddaşını qoruyan xalq isə gələcəyini itirmir!
Cəmil Babayev
ADU-nun ümumi dilçilik kafedrasının dosenti,
Filologiya üzrə fəlsəfə doktoru