Milli dövlət quruculuğu tarixinə töhfə

09.07.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan xalqı qədim və zəngin tarixə malik olmaqla bərabər, həm də özünəməxsus milli dövlətçilik ənənələri yaratmışdır. 4 min illik dövr ərzində əzəli Azərbaycan torpaqlarında əcdadlarımızın yaratdıqları dövlətlər milli tariximizin qızıl səhifələrini təşkil edir.

Müxtəlif dövrlərdə hərbi təcavüz və işğallara məruz qalsa da, heç vaxt əsarətlə barışmayan Azərbaycan xalqı Manna, Midiya, Atropatena, Albaniya, Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər, Azərbaycan Atabəyləri, Azərbaycan Qaraqoyunlu, Azərbaycan Ağqoyunlu və mərkəzləşmiş Azərbaycan Səfəvilər dövləti və imperiyası kimi dövlətləri yaratmışdır.

Əcdadlarımızın e.ə. IX əsrdə yaratdıqları Manna dövləti IV əsr, Midiya dövləti 129 il, Atropatena dövləti 547 il, Azərbaycan Şirvanşahlar dövləti 676 il, Azərbaycan Atabəyləri dövləti 89 il, Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri 100 il, Azərbaycan Səfəvilər dövləti isə 236 il mövcud olmuşdur. Lakin XIX əsrin əvvəlində Azərbaycan ərazilərinin işğalına başlayan Rusiya imperiyası onun şimal ərazilərini ələ keçirdikdən sonra burada özünün ərazi-inzibati idarəetmə sistemini tətbiq etmiş və Azərbaycan adı bu ərazilərin üstündən silinmişdi.

1828-ci il martın 21-də Rusiya imperiyası işğal olunmuş İrəvan və Naxçıvan xanlıqları ərazisində Qacarlar dövləti və Osmanlı imperiyası ərazilərindən köçürülən ermənilər üçün heç bir tarixi və hüquqi əsas olmadan qondarma “erməni vilayəti” adlı inzibati-ərazi vahidi yaratdı. 1830-cu ildən sonra ermənilərin kütləvi surətdə işğal olunmuş Şimali Azərbaycan ərazilərinə köçürülməsini həyata keçirən çar Rusiyası, ondan sonra isə 1923-cü ildən 1982-ci ilədək bu cinayəti davam etdirən SSRİ dövləti Qərbi Azərbaycan ərazilərinin 20,8 min kvadratkilometrini ermənilərə verməklə 1920-1940, 1948-1955 və 1988-1991-ci illərdə aborigen əhalinin–azərbaycanlıların deportasiyasını erməni faşizminin əli ilə reallaşdırdı.

1918-ci il mayın 29-da AXC Milli Şurasının İrəvan şəhəri və onun ətrafında yerləşən 9 min kvadratkilometr ərazinin ermənilərə güzəştə gedilməsi xalqımıza çox baha başa gəldi. Qərbi Azərbaycan ərazilərinin ermənilərin nəzarətinə keçməsi bu məkanda milli dövlətçiliyin müvəqqəti olaraq itirilməsinə səbəb oldu. Lakin xalqımız bu cinayətləri unutmayıb. Müasir Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və cənab Prezident İlham Əliyevin həyata keçirdiyi Qərbi Azərbaycana Qayıdış konsepsiyasına uyğun olaraq bu ərazilərdə milli dövlətçiliyimizin bərpasına böyük inam yaranmışdır.

Bu mənada, həyatının 30 ilini AZƏRTAC ilə bağlayan Aslan Aslanovun “Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri. I KİTAB” əsəri diqqəti daha çox cəlb edir. 300 səhifədən və 5 fəsildən ibarət olan kitabda ulu öndər Heydər Əliyevin 10 illik prezidentliyi dövründə yeni, müasir Azərbaycan dövlətini qurarkən istər daxili, istərsə də xarici siyasətdə atdığı addımların, qəbul etdiyi qərarların canlı şahidi kimi çıxış edir. Əsərin elmi məsləhətçisi ümummilli lider Heydər Əliyevin köməkçisi olmuş, tarix elmləri doktoru, professor Dilarə Seyidzadədir.

“Canlı salnaməçidən dövlətçilik tariximizə obyektiv baxış” adlandırılan ön sözdə müəllif hadisələri birbaşa yerindəcə qələmə alan şahid kimi təqdim edilir. Bu fəsildə həm də müəllifin Heydər Əliyevin hakimiyyətə gəlməsindən öncə hadisələrə şahidlik etdiyi və ondan sonrakı dövrdə isə Ulu öndərin informasiya siyasətində iştirakçı kimi fəaliyyəti göstərilmişdir.

Əsərin “Heydər Əliyev xilaskarlıq missiyasına necə başladı?” adlandırılan ilk fəslində müəllif bu ümummilli missiyanın necə yerinə yetirilməsinin şahidi kimi olanları günbəgün qeydə aldığını yazır. “Gənc Respublikanı dünya arenasına necə çıxardı?” adlanan fəsildə milli dövlət qurucusu, diplomatiyanın bütün incəliklərini dərindən bilən, dünya siyasətində çox yüksək çəkisi və nüfuzu olan görkəmli dövlət xadiminin fasiləsiz və gərgin əməyinin şahidi olursan. Doğrudur, biz hamımız o dövrdə baş verən hadisələrin şahidi olsaq da, müəllif Aslan Aslanov və əsərin elmi məsləhətçisi ulu öndər Heydər Əliyevin köməkçisi olmuş, tarix elmləri doktoru, professor Dilarə Seyidzadənin gördüklərini, şahidi olduqlarını və qeydə aldıqlarını nəzərə alsaq onlarla özümüzü müqayisə edə bilmərik. “Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri. I KİTAB” adlı əsər Azərbaycan tarixinin XX əsrin sonu - XXI əsrin əvvəlini əhatə edən dövrün dərin, geniş və obyektiv öyrənilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.

Kitabın “Çoxlarına dərs olan dövlət quruculuğu və diplomatik məharət” və “Çox qısa müddətə müasir dövlət quraraq dünyanı heyrətə saldı” bölmələrində müəllif dahi şəxsiyyətin milli dövlət quruculuğu prosesini necə həyata keçirdiyindən və möhtəşəm diplomatik fəaliyyətindən bəhs edir. Hamının bildiyi və etiraf etdiyi məlum faktdır ki, ulu öndər Heydər Əliyev dünya və diplomatiya tarixini, o cümlədən Azərbaycan tarixini, mədəniyyətini, elminin bütün sahələrini və ədəbiyyatını çox dərindən bilirdi.

Kitabın sonuna daxil edilən fotoşəkillər bəhs edilən hadisələri birbaşa təsdiq etməklə əsərin sanbalını artırır.

Cəbi BƏHRAMOV,
AMEA Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью