Milli fizika elmini dünyada tanıdan alim

06.10.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Akademik Bəhram Əsgərov yetirməsi olduğu BDU-nun fəxrinə çevrilib

Akademik Bəhram Mehralı oğlu Əsgərovun ömür yolu Azərbaycan elminin inkişaf tarixində xüsusi yer tutur. 1933-cü il oktyabrın 5-də Tovuz rayonunun Əhmədabad kəndində sadə kəndli ailəsində dünyaya gələn Bəhram Əsgərov sonralar Azərbaycan fizika elminin tanınmış simalarından, bərk cisimlər fizikası üzrə elmi məktəb yaradan alim, müəllim və elm təşkilatçısı olub.

Əhmədabadda orta məktəb olmadığından o, təhsilini davam etdirmək üçün hər gün təxminən 7–8 kilometr məsafədəki Yanıqlı kəndinə piyada gedib-gəlirdi. Qışın soyuğu və yağışlı yollar onun təhsil həvəsini söndürmədi. Həmin yol sonralar Bakıdan Leninqrada, oradan dünya elminə uzanan böyük yolun başlanğıcına çevrildi.

1952-ci ildə Bəhram Əsgərov Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin fizika şöbəsinə daxil oldu. Universitet illəri onun alim kimi formalaşmasının təməl mərhələsi idi. Yüksək nəticələrinə görə Stalin təqaüdünə layiq görüldü və 1957-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirdi.

Həmin il Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda yarımkeçiricilər fizikası üzrə aspiranturaya daxil olan gənc alim elmi hazırlığını Leninqradda, SSRİ Elmlər Akademiyasının Yarımkeçiricilər İnstitutunda davam etdirdi. Elmi rəhbəri görkəmli nəzəri fizik professor A.İ.Anselm idi. Burada o, güclü, kvantlayıcı maqnit sahələrində elektronların köçürmə hadisələrini araşdırmağa başladı. Anselm və Əsgərov dissipativ termomaqnit cərəyanlarının hesablanması üçün xüsusi üsul işləyib hazırladılar. Sonralar bu yanaşma “Anselm–Əsgərov metodu” kimi tanındı.

1962-ci ildə Bəhram Əsgərov “Güclü maqnit sahəsində yarımkeçiricilər və yarımmetallarda termomaqnit effektlər” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi. 1960–1966-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda kiçik elmi işçidən baş elmi işçiyə qədər yüksəldi və yarımkeçiricilər və metallarda köçürmə hadisələrinin nəzəriyyəsi üzrə araşdırmalar apardı. 1963-cü ildə “Elm” nəşriyyatında “Yarımkeçiricilərdə köçürmə hadisələrinin nəzəriyyəsi” monoqrafiyası çap olundu, F.M.Həşimzadə ilə tədqiqatları Moskvada “Bərk cisimlər fizikası” jurnalında dərc edildi.

1966-cı ildə Bəhram Əsgərov Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsinin “Molekulyar fizika” kafedrasına dosent dəvət edildi. Elektrodinamika, bərk cisimlərin kvant nəzəriyyəsi, termodinamika və statistik fizika kimi mürəkkəb kursları tədris edərkən düsturların arxasında dayanan fiziki mahiyyəti izah etməyə xüsusi diqqət yetirirdi.

1970-ci ildə ümumittifaq “Elm” nəşriyyatında “Yarımkeçiricilərdə kinetik effektlər” fundamental monoqrafiyası çap edildi. 1971-ci ildə doktorluq dissertasiyasını müdafiə edən alim 1974-cü ildə həmin monoqrafiyaya görə elm və texnika sahəsində Azərbaycan Dövlət Mükafatına layiq görüldü.

1971-ci il Azərbaycan fizika təhsili üçün də əlamətdar oldu. Bəhram Əsgərovun təşəbbüsü və iştirakı ilə Azərbaycan Dövlət Universitetində “Bərk cisimlər fizikası” kafedrası yaradıldı. Bəhram Əsgərov uzun illər kafedraya rəhbərlik edərək elmi məktəb formalaşdırdı. Mənbədə qeyd olunduğu kimi, Bakı Dövlət Universitetinin fizika fakültəsinin tarixində Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü – akademik kimi fəaliyyət göstərmiş yeganə alim olmuşdur. Onun adı fakültənin tarixi ilə yanaşı, Azərbaycan fizika elminin inkişaf yolu ilə də sıx bağlıdır.

Onun elmi məktəbində güclü maqnit sahələrində termomaqnit hadisələri, aşağıölçülü elektron sistemləri, kvant təbəqələri və ifratqəfəslər, yarımkeçiricilərdə optik hadisələr, termodinamika və statistik fizika istiqamətləri inkişaf etdirildi. Rəhbərliyi ilə 15 fəlsəfə doktoru və 5 elmlər doktoru hazırlanmışdır. Onun elmi irsi yetişdirdiyi alimlərdə də davam etdi.

1985-ci ildə Moskvada “Elm” nəşriyyatında “Yarımkeçiricilərdə elektron köçürmə hadisələri” monoqrafiyası çap olundu. 1994-cü ildə Sinqapurun “Dünya elmi” nəşriyyatı həmin kitabı ingilis dilində nəşr etdi. 2010-cu ildə S.R.Fiqarova ilə birgə hazırladığı “Elektron qazlarının termodinamikası, Gibbs üsulu və statistik fizikası” monoqrafiyasının Almaniyanın “Springer-Verlag” beynəlxalq elmi nəşri çap etdi.

O, Azərbaycan və rus dillərində “Bərk cisimlər nəzəriyyəsi”, “Termodinamika və statistik fizika” kimi dərslik və dərs vəsaitləri də hazırladı. Beləliklə, onun elmi fəaliyyəti yalnız fundamental tədqiqatlarla məhdudlaşmadı, ali məktəb təhsilinin inkişafına da xidmət etdi.

1993–1994-cü illərdə Hacəttəpə Universitetinin fizika mühəndisliyi bölümündə professor kimi fəaliyyət göstərən Bəhram Əsgərov doktorantura səviyyəsində mühazirələr oxudu, elmi araşdırmalarını davam etdirdi. 1994-cü ilin mayında Azərbaycana qayıdaraq Bakı Dövlət Universitetində elmi işlər üzrə prorektor vəzifəsində fəaliyyətə başladı. 1994–2004-cü illərdə bu vəzifədə çalışan alim universitetin elmi həyatının təşkilində mühüm rol oynadı, 1998-ci ildə BDU-nun rektoru vəzifəsini də icra etdi.

O, uzun illər Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, Təhsil Nazirliyinin “fizika” ixtisası üzrə elmi-metodik şurasının sədri, digər elmi şuraların sədri və həmsədri oldu, “Bakı Universitetinin xəbərləri” jurnalının fizika-riyaziyyat seriyasına redaktorluq etdi.

Alimin xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. 1974-cü ildə Azərbaycan Dövlət Mükafatına, 2000-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif olunub. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü – akademik seçilib. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülüb.

Bəhram müəllimi tanıyanların xatirələrində onun elmi nüfuzu ilə yanaşı, sadəliyi, təmkini, tələbəyə yaxınlığı və incə yumor hissi də yaşayır. 1980-ci ildə tələbələrinin 1 aprel zarafatı zamanı təbaşiri şəkərlə əvəz etməsi, lövhədə bəzi müsbət və mənfi işarələrini dəyişməsi ilə bağlı xatirə onun xarakterini yaxşı göstərir. Alim belə bir zarafata əsəbi reaksiya verməmiş, özünəməxsus yumorla tələbələrə cavab vermişdi. Bu, onun tələbəsinin duyğusunu anlayan müəllim olduğunu da göstərirdi.

12 mart 2014-cü ildə akademik Bəhram Əsgərov dünyasını dəyişdi. Lakin onun elmi məktəbi, əsərləri, dərslikləri, yetişdirdiyi alimlər və universitetdə formalaşdırdığı ənənələr yaşamaqda davam edir. Bakı Dövlət Universitetində barelyefi açıldı, doğma Tovuzda adına küçə verildi. 2023-cü ildə anadan olmasının 90 illiyi ehtiramla yad edildi.

Əmirulla MƏMMƏDOV,
Türkiyənin Bilkənd Universitetinin professoru, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi,

Namiq QƏDİMOĞLU,
BDU jurnalistika fakültəsinin müəllimi, Əməkdar jurnalist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью