Milli ideyanın ünvanı

30.07.2026

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan milli mətbuatının yaranması, mübarizə yolu və sonrakı inkişaf mərhələləri özündə elə bir tarixi model formalaşdırıb ki, bu ənənələri müxtəlif zamanların sınağından keçirərək davam etdirən varislər nəsli də həmin dəyərlər sistemindən kənara çıxmamışdır. Əksinə, onlar bu təmələ sadiq qaldıqlarını göstərmək üçün fədakarlıqla çalışmış, böyük mübarizə yolu keçmişlər.

Ölməz Həsən bəy Zərdabinin əsasını qoyduğu bu dəyərlər sistemində qəzet – milli ideyanın daşıyıcısı və maarifçilik missiyasını həyata keçirən ali təsisat, qəzetin naşiri və ya redaktoru isə bu amalın hərəkətverici qüvvəsi, rəhbəri və fədaisidir. Onların yeganə məqsədi millətin oyanışına və tərəqqisinə xidmət etmək olub. Qəzet – milli ideyanın daşıyıcısı, redaktor – fədai: bir-birini tamamlayan bu mükəmməl ikili komponent hansı mətbuat nümunəsində özünü təcəssüm etdiribsə, həmin nəşr milli mətbuat tariximizdə silinməz iz qoymuş, öz varlığını və missiyasını təsdiqləmişdir.

“Yeni Müsavat” qəzetinin qurucu rəhbəri Rauf Arifoğlunun yubileyi münasibətilə fikirlərimi bölüşərkən, sözə mətbuatımızın təməl daşından başlamağım və keçdiyimiz tarixi yola nəzər salmağım təsadüfi deyil. Elə şəxsiyyətlər var ki, onların bioqrafiyası müxtəlif çağırışlar və trendlərlə zəngin olan bütöv bir epoxanın mahiyyətini ifadə edir. Belə insanların həyat yoluna nəzər salmaq, tarixin müəyyən bir mərhələsini araşdırmaq, öyrənmək və nümunə götürmək üçün etibarlı bir məxəzdir, istinad mənbəyidir.

Mübaliğəsiz demək olar ki, tarixi qəzetlərimizin keçdiyi tale yolunun bütün təlatümlərini və rənglərini “Yeni Müsavat”ın timsalında görmək mümkündür. Azərbaycanın informasiya məkanında maarifçiliyin klassik köklərinə bağlı bir media təsisatının – “qoryaçi sexlər”dən, qurğuşun qəliblərdən və ağ-qara kağız formatından rəqəmsal əsrə, konvergensiya və süni intellekt dövrünə qədər inamla irəliləməsi mühüm bir reallıqdan xəbər verir. Bu uğur, bir tərəfdən Rauf Arifoğlunun media meneceri kimi yüksək peşəkarlığının, digər tərəfdən isə maarifçi ziyalılarımızın aşıladığı təməl dəyərlərə sıx bağlılığının, mənəvi varislik missiyasını qədirbilənliklə yerinə yetirməsinin təzahürüdür.

Etiraf etmək lazımdır ki, özü milli ideyanın daşıyıcısı, rəhbəri isə fədai olan media təsisatlarının sayı çox olmasa da, milli mətbuat tariximizin hər bir dönəmində belə nümunələr özünü göstərmiş və zamanla cəmiyyətin mənəvi istinadgahına çevrilmişdir. Rauf Arifoğlunun qəzetçilik ideyası sovetlər imperiyasının ideoloji buxovlarının hələ kifayət qədər güclü olduğu, eyni zamanda xalqımızın istiqlal uğrunda ayağa qalxdığı – tarixin ən gərgin siyasi transformasiya mərhələsində doğuldu. İlk vaxtlar gizli şəraitdə işıq üzü görən bu qəzetin naşiri qarşısına elə məqsəd və vəzifələr qoymuşdu ki, onlar milli mətbuatımızın banilərinin istək və arzuları ilə tam üst-üstə düşürdü. Məhz bu mənəvi birliyin nəticəsi idi ki, qəzet qısa müddətdə öz geniş oxucu auditoriyasını formalaşdıra və ümummilli etimad qazana bildi.

“Yeni Müsavat” sovet ideologiyasının hökm sürdüyü illərdə alternativ fikir qaynağı idisə, bu gün keyfiyyətli informasiyanın, ictimai məzmun kəsb edən fundamental ideyaların və sanballı publisist düşüncənin ünvanıdır. Məhz bu peşəkarlıq keyfiyyətlərinə görədir ki, Rauf Arifoğlunun imzası ilk addımlarını atdığı dövrdə də, indinin özündə də öz aktuallığını, çəkisini və ictimai təravətini qoruyub saxlamaqdadır.

Milli mətbuatımızın keçmişində irili-xırdalı bir çox ünvanlar olub, lakin onların arasında yalnız barmaqla sayılacaq qədəri bütöv bir məktəb səviyyəsinə yüksələ bilib. Qəzet sadəcə kağız daşıyıcı deyil, həm də millətin ədəbi dilini yaradan, yaşadan və qoruyan əvəzolunmaz bir institutdur. Biz satirik jurnalistikada “Molla Nəsrəddin” məktəbindən bəhs edirik, ona opponentlik edən başqa bir ideya meydanını “Füyüzat” ədəbi məktəbi kimi dəyərləndiririk, siyasi-publisistik fikrimizin ciddi ünvanı kimi “Açıq söz”ü, Cümhuriyyətin rəsmi və fundamental sözünü deyən mətbu orqan kimi “Azərbaycan” məktəbini ehtiramla anırıq. Sevindirici haldır ki, bu tarixi ənənələr bu gün də yaşayır. Bəli, indi rəqəmsal dövrdür; süni intellektin qondardığı, o ütülü və ruhsuz cümlələr bəzən insan zəkasından süzülən təbii səslərdən daha çox diqqət çəkir. Lakin rəqabət nə qədər güclü olsa da, bizə miras qalan və davam etdirməyə borclu olduğumuz bir şərəf missiyası var. Bu gün həmin missiyanın əsas daşıyıcılarından biri də həm ictimai, həm də estetik planda çoxdan ciddi bir məktəbə çevrilmiş Rauf Arifoğlunun “Yeni Müsavat” qəzetidir.

Əgər ədəbiyyatda yazıçının özündən dərhal əvvəl onun əsəri barədə danışırlarsa, bu, həmin yaradıcı şəxsiyyətin ən böyük uğurudur. Biz də öz qələmi və zəhməti ilə məktəb yaratmış bir şəxsiyyətin yubiley yaşında onun özündən daha çox yaratdığı əsəri – qəzeti barədə danışırıqsa, bu, Rauf Arifoğlunun bir redaktor və naşir kimi ən böyük yaradıcılıq nailiyyətidir.

Azərbaycan publisistik fikrinin usta imzasını yubileyi münasibətilə ürəkdən təbrik edir, “Yeni Müsavat” məktəbinə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!


Natiq Məmmədli,
Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktorunun müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью