Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İnqilab Şirinli,
Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü,politoloq
Müasir dünyada gənclər siyasəti təkcə sosial sahə kimi deyil, dövlətin uzunmüddətli strateji təhlükəsizliyinin, ideoloji dayanıqlığının və inkişaf modelinin əsas komponentlərindən biri kimi çıxış edir. Azərbaycan üçün bu məsələ xüsusilə aktualdır. Çünki gənclik həm ərazi bütövlüyünün təmin olunmasının fonunda müstəqil dövlətçiliyin qorunması, həm də milli ideologiyanın gələcək nəsillərə ötürülməsi baxımından həlledici rola malikdir. Azərbaycanda həyata keçirilən gənclər siyasəti sıradan sənədlər və təsadüfi tədbirlər toplusu deyil, aydın ideoloji xəttə, həmçinin strateji hədəflərə əsaslanan dövlət siyasətidir.
Gənclər siyasətinin ideoloji əsasları
Azərbaycanda gənclər siyasətinin ideoloji təməlində multikulturalizmə söykənən azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlər, dövlətçilik ənənələri və çağdaş inkişaf çağırışları dayanır. Bu siyasət gəncləri yalnız sosial baxımdan dəstəkləmək anlamına gəlmir, eyni zamanda onları milli kimliyinə bağlı, vətənpərvər, siyasi prosesləri anlayan və qlobal rəqabətə davamlı fərdlər kimi formalaşdırmağı hədəfləyir.
Böyük dövlət adamı Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilən gənclər siyasəti gəncliyi dövlətin obyektinə deyil, subyektinə çevirir. Bu yanaşma ideoloji baxımdan olduqca əhəmiyyətlidir.
Strateji hədəf 1: Milli kimlik və vətənpərvərlik şüurunun möhkəmləndirilməsi
Gənclər siyasətinin əsas strateji hədəflərindən biri milli kimliyin qorunması və vətənpərvərlik şüurunun gücləndirilməsidir. Qloballaşma şəraitində milli dəyərlərin aşınması riski artdıqca, dövlət gənclərin tarixə, dilə, mədəniyyətə və dövlətçilik ənənələrinə bağlılığını ideoloji prioritet kimi müəyyən edir.44 günlük Vətən müharibəsində gənclərin nümayiş etdirdiyi həmrəy mövqe və fədakarlıq bu siyasətin real nəticəsini göstərdi. Bu, gənclər siyasətinin yalnız kağız üzərində olmadığını göstərdi, praktik ideoloji təsir gücünə malik olduğunu sübut etdi.
Strateji hədəf 2: Rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması
Çağdaş dövrdə dövlətlərin gücü təkcə təbii resurslara əsaslanmır, insan kapitalının keyfiyyəti ilə ölçülür. Azərbaycanda gənclər siyasətinin mühüm strateji istiqamətlərindən biri savadlı, innovativ düşüncəli, peşəkar və qlobal əmək bazarında rəqabət aparmağa qadir gənclərin yetişdirilməsidir.Təhsil proqramları, beynəlxalq mübadilə layihələri, startap ekosisteminin dəstəklənməsi və rəqəmsal bacarıqların inkişafı bu hədəfin praktik mexanizmləridir. Burada ideoloji xətt ondan ibarətdir ki, gənc yalnız fərdi uğur əldə etməklə kifayətlənməyən, bu uğuru səmərəli şəkildə dövlətin inkişafına yönəldən şəxs olmalıdır.
Strateji hədəf 3: Gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakı
Azərbaycanda gənclər siyasəti passiv gənc modeli deyil, fəal və məsuliyyətli vətəndaş modelini təşviq edir. Gənclərin dövlət idarəçiliyində, ictimai institutlarda, könüllülük hərəkatlarında və siyasi dialoq platformalarında iştirakı strateji məqsəd kimi müəyyən edilib.Bu yanaşma ideoloji baxımdan mühümdür, çünki gənclər siyasi proseslərə nə qədər erkən və şüurlu şəkildə cəlb olunarsa, dövlətçilik düşüncəsi bir o qədər etibarlı, dərin və möhkəm olar.
Strateji hədəf 4: Sosial ədalət və inklüzivlik
Gənclər siyasətinin digər mühüm strateji hədəfi sosial ədalətin təmin olunmasıdır. Regionlarda yaşayan, aztəminatlı ailələrdən olan, sağlamlıq imkanları məhdud gənclərin imkanlara çıxışının genişləndirilməsi dövlət siyasətinin ayrılmaz hissəsidir.Bu, ideoloji baxımdan dövlət-vətəndaş münasibətlərində etimadın möhkəmləndirilməsinə xidmət edir və gənclərdə “dövlət mənim arxamdadır” düşüncəsini formalaşdırır.
Strateji hədəf 5: Postmünaqişə dövründə gənclərin milli missiyası
Postmünaqişə mərhələsində gənclər siyasəti yeni ideoloji məzmun qazanıb. Qarabağ və Şərqi Zəngəzurun bərpası, reinteqrasiya prosesləri və yeni iqtisadi zonaların formalaşdırılmasında gənclərin fəal iştirakı strateji məqsəd kimi ön plana çıxır.Burada gənclər yalnız icraçı qüvvə kimi yox, milli dirçəlişin ideoloji daşıyıcısı kimi nəzərdə tutulur.
Qısacası,Azərbaycanda gənclər siyasətinin strateji hədəfləri milli ideologiyanın davamlılığını təmin edən əsas sütunlardan biridir. Bu siyasət gəncliyi gələcəyin abstrakt siması kimi deyil, bu günün real və təsirli gücü kimi dəyərləndirir. Güclü dövlət – dünyəvi düşüncəli, milli ruhlu gənclik prinsipinə əsaslanan bu model Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının ideoloji təminatçısı rolunu oynayır.