Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fəridə Mirişova
AMEA Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, İz Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident İlham Əliyevin çıxışını dinləyərkən bir məqam üzərində düşündüm: dəyişən dünyada əvvəlki yanaşmalarla kifayətlənmək mümkün deyil. Qarşımızda yeni reallıqlar, yeni informasiya mühiti və yeni nəsil var. Bu isə bütün sahələrdə olduğu kimi, mədəniyyət qarşısında da yeni suallar qoyur.
Mənə görə, bu suallardan biri xüsusilə vacibdir: milli irsimizi qoruyuruq, bəs onu gələcəyin insanına necə çatdırırıq?
Azərbaycanın zəngin musiqi və folklor irsi var. Muğam, aşıq sənəti, xalq mahnıları, rəqslər, dastanlar, mərasim folkloru və digər ənənələr bizim yalnız keçmişimiz deyil. Onların hər birində xalqın yaddaşı, düşüncəsi, həyat tərzi və dünyaya münasibəti yaşayır.
Amma mədəni irs yalnız keçmişə aid bir anlayış kimi təqdim olunanda onun gələcəklə əlaqəsi zəifləyə bilər.
Bu gün bir gəncin dünyanı tanıdığı informasiya mühiti əvvəlki nəsillərin mühitindən tamamilə fərqlidir. O, musiqini, tarixi, sənəti və mədəniyyəti çox vaxt sosial media, rəqəmsal platformalar, qısa videolar və yeni kommunikasiya vasitələri üzərindən qəbul edir.
Deməli, bizim də sualımız dəyişməlidir.
Milli musiqini gəncə necə sevdirək?
Aşıq sənətini ona necə anladaq?
Folkloru necə yalnız “keçmişdən qalan nümunə” kimi deyil, canlı mədəniyyət kimi təqdim edək?
Məncə, bunun cavabı ənənədən uzaqlaşmaqda deyil. Əksinə, ənənənin mahiyyətini qoruyaraq onun təqdimat dilini yeniləməkdədir.
Məsələn, qədim bir xalq mahnısını sadəcə ifa etmək mümkündür. Amma həmin mahnının haradan gəldiyini, hansı mühitdə yarandığını, mətnində hansı düşüncənin yaşadığını, melodiyasının hansı xüsusiyyətləri daşıdığını gənclərə izah etmək də mümkündür.
Belə olduqda sənət yalnız dinlənilmir, həm də dərk olunur.
Mənim mədəniyyət sahəsində fəaliyyətim və “İZ – Mədəniyyətin İnkişafına Dəstək” İctimai Birliyinin həyata keçirdiyi layihələr də bu düşüncə ilə bağlıdır. Folklor nümunələrinin araşdırılması, müxtəlif bölgələrin musiqi irsinin öyrənilməsi, unudulmaqda olan nümunələrin üzə çıxarılması və onların yeni auditoriyalara təqdim edilməsi bizim üçün sadəcə tədbir keçirmək deyil.
Bu, yaddaşla gələcək arasında əlaqə yaratmaq cəhdidir.
Son illərdə mən xüsusilə bir məsələnin üzərində düşünürəm: biz milli irsi yalnız qoruyan tərəf olmalıyıq, yoxsa onu yeni həyat şəraitinə uyğun şəkildə yaşadan tərəf də olmalıyıq?
Mən ikinci yanaşmanın vacibliyinə inanıram.
Çünki qorunmayan irs itir. Amma yalnız qorunub saxlanılan, yeni nəsillə əlaqəsi qurulmayan irs də zamanla gündəlik həyatımızdan uzaqlaşa bilər.
Ona görə mədəniyyət sahəsində müasir texnologiyalara, sosial mediaya, yeni yaradıcılıq formalarına yalnız təhlükə kimi baxmaq düzgün olmazdı. Onlar milli irsin daha geniş auditoriyaya çatdırılması üçün imkan da yaradır.
Əlbəttə, burada əsas məsələ texnologiyanın özünü məqsədə çevirmək deyil. Əsas məsələ məzmunu qorumaqdır.
Bir aşıq havası TikTok-da yayımlandığı üçün milli irsə çevrilmir. Onu milli irs edən həmin havanın arxasında dayanan yaddaşdır, tarixdir, sənətkarlıqdır, estetikadır. Bizim vəzifəmiz isə həmin məzmunu itirmədən onu bu günün insanına çatdıra biləcək yollar tapmaqdır.
Düşünürəm ki, mədəniyyət sahəsində çalışan hər birimiz özümüzə zaman-zaman bu sualı verməliyik:
Biz irsimizi gələcəyə ötürürük, yoxsa sadəcə keçmiş haqqında danışırıq?
Bu iki yanaşma arasında böyük fərq var.
Milli irsi qorumaq bizim borcumuzdur.
Amma onu yaşatmaq, yeni nəslə sevdirmək və yeni dünyanın mədəni ünsiyyət məkanına daxil etmək də bizim məsuliyyətimizdir.
Bəlkə də müasir dövrün əsas çağırışlarından biri məhz budur: keçmişimizi qoruyaraq gələcəyin dilində danışmağı bacarmaq.