Milli keyfiyyət infrastrukturu sisteminin modernləşdirilməsi müzakirə olunub

30.01.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 30 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) keyfiyyət infrastrukturu və ticarətin asanlaşdırılması üzrə beynəlxalq ekspert Daniela Klejanu ilə görüş keçirilib.

AzMİ-dən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində milli keyfiyyət infrastrukturu sisteminin modernləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və Avropa İttifaqının (Aİ) texniki tənzimləmə və metrologiya çərçivələrinə inteqrasiya məsələləri müzakirə olunub. Həmçinin laboratoriya infrastrukturunun təkmilləşdirilməsi, ölçmə və kalibrlənmə imkanlarının gücləndirilməsi, beynəlxalq təşkilat və müqavilələrdə (CIPM MRA, EURAMET və s.) iştirakın genişləndirilməsi, eləcə də metrologiya sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Bundan əlavə, görüş zamanı AzMİ əməkdaşları tərəfindən metrologiya sahəsində süni intellektin tətbiqi ilə bağlı innovativ layihələr və yanaşmalar barədə təqdimatlar nümayiş etdirilib.

Məlumat üçün bildirək ki, sözügedən görüş “Ümumdünya Ticarət Təşkilatına üzvlük danışıqları və ticarətlə bağlı fəaliyyətlər, keyfiyyət infrastrukturunun və rəqəmsal idarəetmə sisteminin gücləndirilməsi üzrə Azərbaycan Hökumətinə dəstək” texniki yardım layihəsi çərçivəsində baş tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью