Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Tural AXUNDOV
"Təhsil Nəşriyyat-Poliqrafiya" MMC-nin baş direktoru, "Azərbaycan Kitab, Maarif və Poliqrafçılar" İctimai Birliyinin sədri
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bu ilin əvvəlində təsdiqlənmiş "Azərbaycan mədəniyyəti-2040" Konsepsiyası ölkənin mədəni inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm strateji sənəddir. Bu Konsepsiya yalnız mədəniyyət sahəsində yenilikləri nəzərdə tutmur, eyni zamanda milli kimliyin qorunması, mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi və cəmiyyətin davamlı inkişafının təmin olunması baxımından kompleks yanaşma təqdim edir. Mədəniyyətin insan hüquqları, sosial ədalət və inklüzivlik prinsipləri ilə vəhdətdə təqdim olunması bu sənədin müasir dövrün çağırışlarına cavab verən mühüm proqram xarakteri daşıdığını göstərir.
Konsepsiyada mədəni irsin qorunması əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilir. Maddi mədəni irs - tarixi abidələr, memarlıq nümunələri, arxeoloji tapıntılar - xalqın keçmişini əks etdirən fiziki yaddaşdırsa, qeyri-maddi mədəni irs - dil, folklor, adət-ənənələr, sosial davranış modelləri - bu yaddaşın mənəvi daşıyıcısıdır. Bu iki komponentin vəhdəti milli kimliyin bütöv şəkildə formalaşmasını təmin edir. Bu baxımdan mədəniyyətin qorunması yalnız keçmişin mühafizəsi deyil, həm də gələcəyin ideoloji və mənəvi əsaslarının qurulması deməkdir.
Azərbaycan cəmiyyətində mənəvi dəyərlərin qorunması və ötürülməsi tarixən ailə institutu vasitəsilə həyata keçirilib. Böyüyə hörmət, kiçiyə qayğı, sosial məsuliyyət və vətənpərvərlik kimi keyfiyyətlər ailədə formalaşaraq cəmiyyətin ümumi davranış modelinə çevrilib. Bu mənada ailə yalnız sosial institut deyil, həm də mədəniyyətin əsas daşıyıcısıdır. Ailədə formalaşan dəyərlər fərdin dünyagörüşünü müəyyənləşdirir, nəticə etibarilə cəmiyyətin inkişaf istiqamətlərinə təsir göstərir.
Azərbaycanda ailə siyasətinin dövlət səviyyəsində formalaşdırılması və sistemli şəkildə inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ailəni milli-mənəvi dəyərlərin qorunmasının əsas dayağı kimi qiymətləndirirdi. Onun siyasi fəaliyyətində ailə institutunun möhkəmləndirilməsi yalnız sosial siyasətin elementi deyil, həm də dövlətçilik strategiyasının mühüm tərkib hissəsi idi. Bu yanaşma birbaşa olaraq mədəniyyət siyasətinə inteqrasiya olunmuş və bu gün qəbul edilən "Azərbaycan mədəniyyəti-2040" Konsepsiyasında da öz davamını tapır.
Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə daxili sabitliyin təmin olunması, iqtisadi və siyasi sistemin bərpası, elmi və mədəni sahələrin inkişafı üçün yaradılan şərait müasir Azərbaycanın əsasını qoydu. Bu dövrdə formalaşan dövlətçilik modeli milli kimliyin qorunması və inkişafı üçün möhkəm ideoloji baza rolunu oynadı. Bununla belə, həmin dövrdə ölkənin qarşısında duran ən böyük problemlərdən biri torpaqların işğal altında qalması və bunun yaratdığı sosial-mənəvi nəticələr idi.
Belə mürəkkəb şəraitdə hakimiyyətə gələn İlham Əliyev Ulu öndərin siyasi kursunu davam etdirməklə yanaşı, onu müasir çağırışlara uyğun şəkildə inkişaf etdirdi. Onun siyasətində modernləşmə ilə milli dəyərlərin qorunması arasında tarazlıq xüsusi yer tutur. Bu tarazlıq mədəniyyət siyasətində də özünü aydın şəkildə göstərir: bir tərəfdən milli irsin qorunması və təbliği həyata keçirilir, digər tərəfdən isə qlobal mədəni proseslərə inteqrasiya təmin olunur.
Bu siyasətin ən parlaq nəticələrindən biri İkinci Qarabağ müharibəsi zamanı əldə olunan tarixi Zəfər oldu. 44 günlük Vətən müharibəsi yalnız hərbi uğur deyil, həm də milli birliyin, mənəvi gücün və tarixi ədalətin bərpasının təcəssümüdür. Bu qələbə Azərbaycan xalqının kollektiv yaddaşında dönüş nöqtəsi yaratdı və milli kimliyin daha da möhkəmlənməsinə səbəb oldu. 8 noyabr tarixinin Zəfər Günü kimi qeyd olunması bu yaddaşın institusional səviyyədə yaşadılmasına xidmət edir.
Müharibədən sonrakı dövrdə həyata keçirilən bərpa və quruculuq işləri, xüsusilə "Böyük Qayıdış" proqramı yalnız iqtisadi deyil, həm də mədəni və mənəvi prosesdir. Azad olunmuş ərazilərə qayıdış tarixi yaddaşın bərpası, mədəni irsin yenidən canlandırılması və milli kimliyin gücləndirilməsi deməkdir. Bu proses "Azərbaycan mədəniyyəti-2040" Konsepsiyasının məqsədləri ilə birbaşa səsləşir və onun praktik tətbiq sahələrindən biri kimi çıxış edir.
Regionda sülh gündəliyinin aktuallaşması da mədəniyyət kontekstində xüsusi əhəmiyyət daşıyır. Sülh yalnız siyasi razılaşma deyil, eyni zamanda uzunmüddətli sosial və mədəni transformasiya prosesidir. Münaqişədən çıxmış cəmiyyət üçün sülhə adaptasiya mürəkkəb və çoxşaxəli proses olsa da, davamlı inkişaf üçün zəruri şərtdir. Sülh mühitində mədəniyyət daha sürətlə inkişaf edir, cəmiyyətin yaradıcı potensialı açılır və gələcək nəsillər üçün daha sağlam sosial mühit formalaşır.
Yaddaşın qorunması milli kimliyin formalaşmasının əsas şərtlərindən biridir. Xalqın tarixi təcrübəsi, keçdiyi yol və yaratdığı mədəni irs nəsildən-nəsilə ötürülməyəndə cəmiyyətin özünüidentifikasiya qabiliyyəti zəifləyir. Bu baxımdan "Azərbaycan mədəniyyəti-2040" Konsepsiyası yalnız bu günü deyil, həm də gələcəyi hədəfləyən strateji sənəd kimi çıxış edir.
Bu Konsepsiyanın mühüm üstünlüklərindən biri mədəniyyətin rəqəmsallaşma və innovasiya prosesləri ilə inteqrasiyasına xüsusi diqqət yetirməsidir. Müasir dövrdə qlobal informasiya mühiti mədəni kimliyin qorunması üçün həm imkanlar, həm də çağırışlar yaradır. Rəqəmsal texnologiyalar vasitəsilə mədəni irsin arxivləşdirilməsi, 3D modelləşdirmə ilə abidələrin bərpası və virtual muzeylərin yaradılması milli mədəniyyətin daha geniş auditoriyaya çatdırılmasına imkan verir. Bu yanaşma gənc nəslin mədəni irslə əlaqəsini gücləndirir və onların milli kimliklə bağlarını möhkəmləndirir.
Bununla yanaşı, yaradıcı sənayelərin inkişafı Konsepsiyanın strateji istiqamətlərindən biridir. Kino, musiqi, dizayn, moda və rəqəmsal media sahələri həm iqtisadi dəyər yaradır, həm də mədəniyyətin beynəlxalq miqyasda təbliğini təmin edir. Bu sektorların inkişafı Azərbaycanın qlobal "yumşaq güc" potensialını artırır və ölkəni beynəlxalq mədəni iqtisadiyyatda daha rəqabətqabiliyyətli edir.
Mədəni diplomatiyanın gücləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın mədəni irsinin beynəlxalq təşkilatlarda təbliği, xarici ölkələrdə mədəniyyət mərkəzlərinin fəaliyyət göstərməsi və qlobal festivallarda iştirak ölkənin beynəlxalq nüfuzunu artırır. Bu, həm də mədəni dialoqun genişlənməsinə və qarşılıqlı anlaşmanın dərinləşməsinə şərait yaradır.
Eyni zamanda, gənclərin mədəni proseslərə cəlb olunması Konsepsiyanın dayanıqlılığı üçün həlledici amildir. Təhsil sistemində mədəni irs mövzularının genişləndirilməsi, yaradıcılıq mərkəzlərinin yaradılması və innovativ layihələrin dəstəklənməsi yeni nəsildə milli-mənəvi dəyərlərə bağlılığı gücləndirir. Gənclər bu prosesdə yalnız iştirakçı deyil, həm də mədəniyyətin formalaşdırıcı subyektinə çevrilirlər.
Regionlarda mədəni infrastrukturun inkişafı da sosial bərabərlik və inklüzivlik baxımından xüsusi əhəmiyyət daşıyır. Mədəniyyət evləri, kitabxanalar və muzeylərin modernləşdirilməsi mədəni xidmətlərə çıxış bərabərliyini təmin edir və ölkə üzrə mədəni inkişafın balanslı şəkildə həyata keçirilməsinə şərait yaradır.
Nəticə etibarilə, "Azərbaycan mədəniyyəti-2040" Konsepsiyası mədəni irsin qorunması ilə yanaşı, onun innovativ inkişafını, qlobal inteqrasiyasını və gələcək nəsillərə ötürülməsini təmin edən kompleks strateji sənəddir. Bu yanaşma milli kimliyin möhkəmləndirilməsi ilə yanaşı, Azərbaycanın beynəlxalq mədəni sistemdə mövqeyinin daha da güclənməsinə şərait yaradır.
"Azərbaycan mədəniyyəti-2040" Konsepsiyasının üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulur - 2026-2030, 2031-2035 və 2036-2040-cı illər bu möhtəşəm sənədin gerçəkləşdirilməsinin ardıcıl mərhələləri olacaq.
Vətəndaş cəmiyyətində hər bir dövlət əhəmiyyətli sənədin həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının özünəməxsus rolu olur. Qeyri-hökumət təşkilatları cəmiyyətin institutları olmaqla dövlətin mədəniyyət siyasəti ilə insan hüquqlarının müdafiəsi arasında əlaqələndirici kimi çıxış edir. Bu mənada yeni Konsepsiyanın gerçəkləşdirilməsində "Azərbaycan Kitab, Maarif və Poliqrafçılar" İctimai Birliyinin də üzərinə müəyyən vəzifələr düşür. Biz ictimai təşkilat olaraq maarifləndirmə vasitəsilə "Azərbaycan mədəniyyəti-2040" Konsepsiyasının həyata keçirilməsində yaxından iştirak edərək Konsepsiyada nəzərdə tutulan müasir mədəniyyət modelinin reallaşması üçün var qüvvəmizlə çalışacağıq.