Milli kinonun problemləri və gözləntiləri: Konsepsiya nə vəd edir?

01.02.2026

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kino sənayesində keyfiyyətə və milli-mənəvi dəyərlərə üstünlük verilməsinə əsaslanan yeni dövlət sifarişi sisteminin yaradılması məsələsi aktuallaşıb. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında milli kinomuzla bağlı görüləcək işlər, atılacaq addımlar əksini tapıb. Sənədin nəzəri cəhətdən dəqiq və mühüm olduğunu qeyd edən kino adamları bu sahədə çox işlərin görülməsinə ehtiyac olduğunu deyirlər.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Mütəxəssis azlığı, dublyaj problemi, köhnəlmiş qanun…

Avropa Kino Akademiyasının üzvü, rejissor, ssenarist Kamran Qasımovun sözlərinə görə, "Mədəniyyət Konsepsiyası-2040" mütərəqqi sənəddir: "Sənəddə çox mühüm məsələlər var. Məsələn, dublyaj məsələsi çox vacibdir. Amma bunun üçün ilkin mərhələdə dövlətin dəstək mexanizmi olmalıdır ki, insanlar kinoteatra gəlib filmlərə rahat şəkildə baxa bilsinlər. Biz bunun üçün studiyaların formalaşmasına kömək etməliyik. Filmlərin dublyajı prosesində peşəkar studiyaların yaranmasına münbit şərait olmalıdır". Rejissorun fikrincə, mütəxəssis məsələsinə də diqqət yetirilməlidir: "Mütəxəssislərimiz çox azdır. Kinostudiya filmi alır və o ekran əsərini dublyaj etmək hüququ əldə edir. Amma o filmin dublyajı neçəyə başa gələcək? Yayımdan əldə etdiyi gəlir ona bunu etməyə imkan verəcəkmi? Əlverişli subsidiya bu məqamda lazımdır". K.Qasımov filmlərin istehsalına olan dəstəkdə Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) fəaliyyətini yüksək qiymətləndirir: "Agentlik düzgün siyasət aparır, əsas problemlər "Kinematoqrafiya haqqında qanun"un köhnəlməsindən qaynaqlanır. 1998-ci ildə qanun Ümummilli Lider Heydər Əliyevin imzası ilə qəbul olunub. O dövr üçün bu, inqilab idi, amma bu gün - üzərindən 28 il keçəndən sonra biz yeni tendensiyalar haqqında da fikirləşməliyik. Qanunda filmlərin istehsalına dəstək prosesi elə olmalıdır ki, kondisioner quraşdıran şirkətlə film istehsal edən şirkətin satınalma prosesi bir qədər fərqlənsin. Bu, publik hüququ şəxs olaraq ARKA-nın daha geniş fəaliyyət göstərməsinə imkan verər. Arzu edirik ki, bütün filmlər ekspert şurasından pitcinq yolu ilə keçirilsin. Mütləq şəkildə filmlərin ssenarilərinə diqqət yetirilməlidir".

"Bəs bu çəkilən kino kiməsə lazımdırmı?"

Yazıçı, kinodramaturq İlqar Fəhminin fikrincə, hazırkı proqram dövrün tələblərini əks etdirir: "Bugünkü reallıqları nəzərə almaq lazımdır. Bilirik ki, indiki dövrdə hər şey sürətlə dəyişir. 10 il bundan əvvəlki və indiki texniki imkanlar fərqlidir, yayım imkanları dəyişib. Azərbaycan kinosunun həm daxildə təsirini gücləndirmək, həm də ölkə kənarında təbliğ etmək üçün rəqabətə davamlı audiovizual məhsullar istehsal edilməlidir. Elə filmlər çəkilməlidir ki, geniş tamaşaçı kütləsinin qarşısına çıxaranda "kənardakı daha keyfiyyətlidir, bizimki zəifdir" fikri yaranmasın. Bir-iki il ərzində bilinəcək ki, proqrama uyğun işlər düzgün gedir, yoxsa yenə də hansısa çatışmazlıqlar var".

İ.Fəhmi hesab edir ki, sənəddə yer alan məsələlərin reallaşması hər birimizdən asılıdır: "Heç kəs deyə bilməz ki, eləsinlər, mən baxım, görüm necə olacaq. Hər kəs üzərinə düşən vəzifəni yerinə yetirsə, həqiqətən də istədiyimizə nail olacağıq". Kinodramaturq hesab edir ki, kinomuzun hazırkı vəziyyəti həm də kino adamlarının özündən qaynaqlanır: "Heç kəs özündə bir dəyişiklik etmək istəmir, işini müasir dövrə uyğunlaşdırmağa çalışmır. Şikayətlər ancaq "maliyyə verin, mən kino çəkim"dən ibarətdir. Bəs bu çəkilən kino kiməsə lazımdırmı? 2005-ci ildən bu yana dövlətin kinoya yardımı olub, xeyli sayda da film çəkilib. Amma o filmlərin əksəriyyəti təqdimatda göstərilib, əl çalmışıq, tərifləmişik, vəssalam. Biz kinomuzun təxminən 10 illik bir dövrünü itirdik. Həmin müddətdə onlarla film çəkildi. Amma o filmlər xalqın qabağına çıxa bilmədi. Niyə? Çünki kinoteatrlarımız yox idi. Yalnız bir dəfə təqdimat edirdilər. Telekanallarda da qəribə bir yanaşma var idi. Onlar öz efirlərinə maliyyəsiz heç nə buraxmırdılar. Nazirlik də deyirdi ki, mən vəsait yatırıb istehsal etdiyim materialı verirəm, siz mənə pul verin. Bu iki yanaşmanın arasında qalmışdıq və heç bir filmimiz efirə çıxmırdı. "Youtube" platforması genişlənəndən sonra o filmlərin bəziləri nümayiş olundu. Onların da əksəriyyəti aktuallığını itirmişdi, texniki cəhətdən də köhnə üslubda idi. Bir sözlə, o dövrdə çəkilən filmlər diqqətdən kənarda qaldı. Adamlarda da belə rəy yarandı ki, daha bizdə kino yoxdur. Amma ildə 4 bədii, 6-7 qısametrajlı bədii film, bədii-sənədli və sənədli filmlər çəkilirdi. Ona görə "20 ildir kinomuz yoxdur" yanaşması səhvdir. Əslində 20 ildir kinomuz var, sadəcə, toplumun bundan xəbəri yox idi".

"Film çəkilişi sifarişi müstəqil istehsalçılara veriləcək"

Kinodramaturq bildirdi ki, bir filmin çəkilməsi üçün 60-70-ə qədər ikinci dərəcəli mütəxəssis çalışır, amma onları yetişdirən müəssisəmiz yox idi: "Bu yaxınlarda Zağulbada belə bir müəssisə açıldı. Artıq həmin mütəxəssislər hazırlanacaqlar". İ.Fəhminin sözlərinə görə, hazırda "Azərbaycan" kinostudiyasına istehsalçı qurum kimi yanaşılmır: "Kinostudiya daha çox filmlərin çəkilməsinə texniki dəstək göstərəcək, pavilyon, texnika icarəyə verəcək. Yeni yanaşmaya görə, kinostudiyanın birbaşa film istehsal etmək səlahiyyəti olmayacaq. Filmlər çəkmək imkanı daha çox müstəqil istehsalçılara veriləcək".

İ.Fəhmi hesab edir ki, kinoya maliyyənin artırılması da istisna deyil: "Kinoya maliyyə ayrılması vacibdir. Amma heç kəs düşünməsin ki, bu il kinoya ayrılan vəsait bir milyon manat artırıldı, gələn il onun nəticəsini görəcəyik. Kinoda nəticəni görmək üçün 4-5 il vaxt lazımdır".

Kinorejissor Yavər Rzayev isə hesab edir ki, konsepsiya haqqında danışmaq hələ tezdir: "Sənəddə çox mühüm məsələlər yer alıb, amma bunların həyata keçməsinə vaxt lazımdır. Ona görə indidən nəsə demək çətindir…"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью