Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Azərbaycan Milli Kitabxanası tərəfindən Koha AKİS-də həyata keçirilmiş yeniliklər və təkmilləşdirmələr nəzərə alınmaqla, 21 yanvar tarixindən etibarən 8 günlük onlayn təlimlərin keçirilməsinə başlanılıb.
21-23 yanvar tarixlərində keçirilmiş təlimlərdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin və C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları iştirak edib.
Onlayn təlimlərin keçirilməsində əsas məqsəd Koha proqram təminatında edilmiş yeniliklərin kitabxana əməkdaşlarına düzgün və effektiv şəkildə çatdırılması, yenilənmiş funksiyaların praktiki istifadəsinin öyrədilməsi, eyni zamanda proqramdan istifadə zamanı qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına metodiki dəstək göstərilməsidir. Təlimlər kitabxanalarda vahid iş prinsiplərinin formalaşdırılmasına və elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Təlim proqramı çərçivəsində iştirakçılara Koha sisteminin yenilənmiş modulları üzrə ətraflı nəzəri məlumatlar verilir, ekran paylaşımı vasitəsilə real iş prosesinə uyğun praktiki əməliyyatlar nümayiş etdirilir. Bununla yanaşı, iştirakçıların gündəlik fəaliyyət zamanı rastlaşdıqları məsələlər müzakirə olunur, suallar cavablandırılır və mövcud problemlərin həlli yolları üzrə izahlar təqdim edilir.
XQ