Milli Kitabxanada Zəfər yaddaşı saxlancı

07.11.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan Milli Kitabxanasında “Zəfər zalı” yaradılıb. Zəfər Günü ərəfəsində zalın açılışı və “8 Noyabr Zəfər Günü” adlı elektron məlumat bazasının təqdimatı olub.

Mərasimdə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, akademik Nizami Cəfərov, AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev çıxış ediblər.

Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin Azərbaycan xalqının milli birliyinin, dövlətimizin gücünün və Ordumuzun qəhrəmanlığının təntənəsi olduğu vurğulanıb.

Bildirilib ki, Zəfər tarixinin gələcək nəsillərə çatdırılması, Vətən müharibəsi həqiqətlərinin qorunması və təbliği, şəhidlərimizin xatirəsinin yaşadılması mühüm mənəvi və ictimai vəzifədir. Bu baxımdan Milli Kitabxanada “Zəfər zalı”nın yaradılması xüsusi əhəmiyyət daşıyır. Zal Zəfər tariximizin sənədlər, kitablar, fotoşəkillər və digər informasiya materialları vasitəsilə sistemli şəkildə təqdim edilməsinə, bu sahədəki nəşrlərin və tarixi faktların bir məkanda toplanaraq oxuculara çatdırılmasına xidmət edir.

Xalq artisti Polad Bülbüloğlu XQ-yə açıqlamasında bildirdi:

– İnanıram ki, gələcək nəsillər qazanılmış möhtəşəm Qələbə haqqında yeni əsərlər yazacaq, filmlər çəkəcək, elmi tədqiqatlar aparacaq, dissertasiyalar müdafiə edəcəklər. Ona görə də belə bir məkanın yaradılması olduqca vacib və zəruridir. İndi Şuşada Zəfər bayramına hazırlıq gedir. Zəfər Günü münasibətilə Şuşa şəhərində bayram ab-havası hökm sürür. Azərbaycanın mədəniyyət paytaxtına üz tutan sakinlərin, qonaqların və tədbir iştirakçılarının çoxluğu şəhərdə avtomobil tıxaclarının yaranmasına səbəb olub.

Qələbə sevincini bölüşmək, tarixi Zəfərin rəmzinə çevrilmiş Şuşada bu əlamətdar günü qeyd etmək istəyən insanların axını şəhərin küçə və yollarında nəqliyyat sıxlığını artırıb.

Daha sonra tədbir iştirakçıları “Zəfər zalı” ilə tanış olublar. Burada Vətən müharibəsinə, Azərbaycanın ərazi bütövlüyünün bərpasına, tarixi Zəfərə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş kitablar, nəşrlər və digər materiallar nümayiş etdirilib.

Qeyd edək ki, Milli Kitabxanada yaradılan “Zəfər zalı” və elektron məlumat bazası Zəfər tariximizin öyrənilməsi, sənədləşdirilməsi və təbliği, milli-mənəvi dəyərlərimizin qorunması, eləcə də gələcək nəsillərin Vətən müharibəsinin tarixi əhəmiyyəti barədə məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Fidan ƏLİYEVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью