Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 2 fevral, AZƏRTAC
“EMEDIA GROUP” Media Təşkilatının “Gənclər Siyasəti və İnnovativ İnkişaf Sektor”unun təşkilatçılığı ilə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Milli maraqlara sadiq Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Bakı Gənclər Mərkəzində keçirilən tədbirdə müxtəlif universitetlərin tələbələri ilə yanaşı, Qərbi Azərbaycan – Loru mahalı, Allahverdi rayonu İcmasının Gənclər Təşkilatının rəhbəri Elmir Əlizadə, Uluslararası Demokratlar Birliyi (UİD) Azərbaycan nümayəndəliyinin təmsilçisi Emre Cellat və digər ictimai təşkilatlar fəallar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdən öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyub, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Proqram çərçivəsində Azərbaycan Respublikasında gənclər siyasətinin inkişafına verdikləri töhfələrə, ictimai fəallıqlarına və milli dəyərlərə sadiq mövqelərinə görə bir qrup gənc Fəxri Diplomla təltif edilib.
Gənclərin dövlətçilik ənənələrinə bağlılığı, milli maraqların qorunmasında rolu və Azərbaycanın gələcəyinin məhz savadlı, fəal və vətənpərvər gənclərin əlində olduğu vurğulanıb.
Tədbir gənclərin birgə xatirə fotosu və gələcək əməkdaşlıq çağırışları ilə yekunlaşıb.
Qeyd edək ki, tədbirin məqsədi ölkədə həyata keçirilən gənclər siyasətinin əsas prinsiplərinə uyğun olaraq gənclərin ictimai, mədəni və sosial həyatda fəal iştirakını təşviq etmək, onların təşəbbüskarlığını və məsuliyyətli fəaliyyətini ön plana çıxarmaq olub.
Gənclik – dövlətin sabahkı səsi, bugünkü məsuliyyətidir!