Icma.az bildirir, Moderator.az portalına istinadən.
III “Zülfüqar Hüseynzadə mükafatı” müsabiqəsində II yerə layiq görülən Emil İmamverdiyevin “Milli maraqların müdafiəsində medianın rolu” adlı məqaləsi informasiya təhlükəsizliyi, dezinformasiya və milli maraqların qorunması kimi aktual məsələlərə həsr olunub.
Müəllif məqalədə medianın yalnız xəbər çatdıran vasitə olmadığını, eyni zamanda cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsində və ölkənin beynəlxalq informasiya məkanında mövqeyinin formalaşdırılmasında mühüm rol oynadığını vurğulayır.
Tarixi nümunələrdən müasir informasiya müharibələrinə qədər geniş mövzuları əhatə edən yazıda peşəkar jurnalistikanın və milli medianın qarşısında dayanan çağırışlara diqqət çəkilir.
Moderator.az həmin məqaləni təqdim edir:
Təsəvvür edin, çətin iş gününün ardından yorğun halda evinizə çatmısınız. İçki və çərəzlərinizi götürüb televizor qarşısında əyləşirsiniz. Ən sevdiyiniz proqram başlayacaq və siz günün yorğunluğunu atacağınızı düşünürsünüz.
Nəhayət, proqram başlayır. Hər şey yaxşıdır. Siz günün mühasibatını apararkən ekranda tanış bir sima görürsünüz. Bir qədər yaxınlaşdıqdan sonra isə həyatınızın şokunu yaşayırsınız.
Ekranda cinayətkar qismində bütün ölkənin axtardığı şəxs sizdən başqası deyil. Siz nə baş verdiyini anlamadan telefonlarınız çalmağa başlayır. İnsanlar sizə “Niyə?” sualını verir, hətta bəziləri heç nə soruşmadan sizi söyür. Daha sonra mənzilinizin qarşısında saysız-hesabsız silahlı polis nəfərləri peyda olur. Sizi təslim olmağa çağırırlar. Amma niyə? Siz bu gün çox çalışmaqdan başqa heç nə etməmisiniz. Ya çox çalışmaq cinayət olub, ya da sözü mötəbər hesab edilən kimsələr sizin haqqınızda yalan danışır.
1992-ci ildə 29 yaşlı Robin Con Delqado bir qədər sonra başına gələcəklərdən xəbərsiz bir halda evində televizora baxırdı. O, hər axşam dövrün məşhur televiziya proqramlarından olan “America’s Most Wanted”ı həyəcanla gözləyirdi. Bu günkü proqramın mövzusunun özü olacağını bilmirdi. Sadə bir barmen olmasına və cinayət dünyasından uzaq həyat sürməsinə baxmayaraq, o, FBI-nin “ən çox axtarılanlar” siyahısında olan Armando Garcia adlı keçmiş polis əməkdaşı ilə səhv salınır.
Proqramı izləyən bir tamaşaçı polisə zəng edərək Garcianı gördüyünü bildirir və onlara bir sıra məlumatlar verir. FBI və Los-Anceles polisi verilən səhv məlumatlara əsasən Delqadonun yaşadığı binaya əməliyyat keçirirlər. Delqado pəncərədən silahlı şəxslərin gəldiyini görəndə qorxudan ikinci mərtəbədən tullanaraq qaçmağa çalışır. Təlaşla qonşularından birinin evinə sığınıb 911-ə zəng edir, baş verən cinayətlərlə əlaqəsi olmadığını bildirir. Bir sözlə, polisi polisə şikayət edir. Polislər onu mühasirəyə alıb qandallayır və dəfələrlə ona Armando deyə xitab edirlər. Yazıq Delqado isə çarəsizcə Armandonun kim olduğunu soruşur.
Həqiqətlər üç gün sonra üzə çıxır. Delqado həbsdən çıxdıqda bütün ölkə onu ikinci dəfə tanımağa məcbur oldu. Bu dəfə qatil kimi yox, yanlış məlumatın qurbanı kimi. Delqado uzun müddət bu üç günün kölgəsində yaşadı. İşini itirdi, sosial münasibətləri zədələndi və psixoloji dəstək almalı oldu.
Bu hadisə yanlış informasiyanın insan taleyinə təsirinin nümunəsidir. Şübhə yoxdur ki, düzgün olmayan və ya yanlış insanların əlində olan informasiya millətlərin taleyində də rol oynaya bilər. Təəssüf ki, bu məsələ dövrümüzün və yaşadığımız coğrafiyanın böyük problemlərindən biridir. İnformasiya kirliliyinin olduğu bir vaxtda düzgün informasiyanı çatdırmaq yükü media qurumlarının üzərinə düşür. Necə ki, sonradan Delqado onu həbs edən polisləri yox, onu cinayətkar kimi göstərən televiziya proqramını məhkəməyə verir. Delqado haqlı idi. Çünki onun təhlükəli vəziyyətə düşməsinə səbəb medianın informasiya təhlükəsizliyini qoruya bilməməsi olmuşdu.
İnformasiya təhlükəsizliyinin təmin edilməsində medianın məsuliyyəti
• Gəlin keçmişə qayıdaq. Bu dəfə 90-cı illərin Amerikasından daha uzağa gedəcəyik. Çaparlar hələ media anlayışının mövcud olmadığı dövrlərdə informasiya kuryerliyi vəzifəsini öz üzərinə götürmüşdülər. Sistem olduqca sadə idi. A nöqtəsindən əldə etdiyiniz məlumatı emal edib çapar vasitəsilə B nöqtəsinə ötürürdünüz. Lakin xəbərin gedib çatma müddəti məsafəyə görə dəyişirdi. Çaparlar bəzən bir xəbəri çatdırmaq üçün aylarla yol getməli olurdular. Bu, xeyli təhlükəli idi. Orta əsrlərdə çaparlar dövlət idarəçiliyində də geniş istifadə edilməyə başlandı.
İndi isə xəyal gücümüzdən istifadə edək. Çapardan xaos yaratmaq üçün istifadə edən insanların olduğunu düşünək. İnformasiya qaynaqlarının məhdud olduğu bir dövrdə tək çıxış yolunuz olan çapar sizi sabotaj etməyə çalışır.
1663–1664-cü illərdə Osmanlı-Habsburq müharibəsi zamanı Osmanlı ordusunda rabitə problemləri var idi. Yayılan şayiələr və yanlış xəbərlər orduda ciddi problemlər yaradır, əsgərlərin psixoloji vəziyyətini pisləşdirirdi. Nəticədə Osmanlı ordusu 1664-cü ildə say və təchizat baxımından üstün olmasına baxmayaraq, Sankt Qotthard döyüşündə məğlub oldu.
Beləliklə, informasiya təhlükəsizliyi sadəcə bu günün problemi deyil. Keçmişdə yanlış xəbərlər ordulara necə mənfi təsir edirdisə, bu gün mediada yayılan misinformasiya və dezinformasiya da cəmiyyətə təsir edir. Sadəcə məlumatın yayılma sürəti və auditoriyası kəskin şəkildə artıb. Bu isə daha böyük potensial təhlükələrin yarana biləcəyinə işarədir. Bu, medianın məsuliyyətini ikiqat artırır. Media qəbul etdiyi informasiyanın doğruluğundan əmin olduqdan sonra onu geniş kütlələrə çatdırmalıdır.
Bu gün informasiya təhlükəsizliyi bir çox dövlətin strategiyalarının önəmli hissəsidir.
Azərbaycanın beynəlxalq informasiya məkanında mövqeyi
• 1978-ci ildə Edvard Səid “Orientalizm” anlayışını geniş kütlələrə yayan eyniadlı kitabı elm tarixinə hədiyyə etdi. Bu əsər Qərbin Şərqi necə təsəvvür etdiyini, Şərq dünyası haqqında sərt fikirlərin necə formalaşdığını izah edirdi. Kitabda keçmiş dövrlərdə Şərq haqqında təsəvvürlərin ədəbiyyat vasitəsilə yaradıldığı və geniş kütlələrə ədəbi əsərlər sayəsində çatdırıldığı yazılırdı. Bu əsərlərdə Şərq dünyası geridə qalmış, cəhalət dolu və təhlükəli bir yer kimi təsvir edilirdi. Həmin siyasət bu gün də müəyyən mənada davam edir. Bəs yazılı ədəbiyyat keçmiş funksiyalarını itiribsə, bu siyasətin təbliğatında nədən istifadə olunur? Əlbəttə ki, mediadan. Ölkəmiz də zaman-zaman bu siyasətin qurbanı olur.
Azərbaycan beynəlxalq media nəhəngləri ilə ən ciddi sınaqları 44 günlük Vətən müharibəsi zamanı verdi. Amma bu çətin yolun sonunda Azərbaycan öz mövqeyini gücləndirmiş oldu. Çünki qələbə qazanmaq qədər önəmli olan başqa bir məsələ də həmin qələbəni informasiya məkanında təsdiqlətməkdir. 44 günlük müharibə medianın informasiya mənzərəsini hadisələrin gedişinə uyğun necə dəyişə bildiyinin nümunəsidir.
Sizi yaxın keçmişimizə aparacağam. Müharibənin ilk günlərində tanınmış media qurumları hələ nə baş verdiyini tam anlamırdı. Xəbərlər hadisələri klassik Azərbaycan-Ermənistan münaqişəsi kimi əks etdirir, səhifələr hər iki tərəfin bir-birinə qarşı ittihamlarına geniş yer verirdi. Daha sonra toqquşmaların şiddətlənməsi media “əjdahalarının” diqqətini bu bölgəyə çəkdi. Məsələn, dünyaca məşhur “The Guardian” qəzeti bu məsələ üzərindən Türkiyəni vurmağa çalışır. Türkiyənin təşəbbüsü ilə Suriyadan muzdlu döyüşçülərin Azərbaycan ordusu sıralarına cəlb olunduğunu yazır. Oktyabr ayının əvvəllərində yayılan bu iddialar dünyada böyük sensasiya yaratdı. Digər media nəhəngi “Reuters” isə Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını qeyd etsə də, Azərbaycanı mülki ərazilərə zərbələrdə ittiham edirdi.
Ölkəmiz bu dövrdə iki cəbhədə mübarizə aparmalı olurdu. Nəhayət, döyüş cəbhəsində qazanılan zəfərlər informasiya cəbhəsində də özünü göstərdi. Artıq dünya mediası Azərbaycanın əldə etdiyi hərbi nəticələri yazırdı. 8 noyabrda BBC-nin xəbər materialının başlığını yada salaq: “Azerbaijan takes key town”. Yürüdülən uğurlu siyasət beynəlxalq platformalarda haqlılığımızı sübut etməyə imkan yaratdı. Mənzərə dəyişdi.
Azərbaycan bu dövrdə qazandığı beynəlxalq nüfuzunu bu gün də qoruyur. Orientalizmin bizim haqqımızda yaratdığı stereotipləri qırmağa bacardıq. İnformasiya müharibəsi milli mübarizənin bir parçası idi.
Dezinformasiyaya qarşı peşəkar jurnalistika
Keçmiş dövrlərlə günümüzün media dünyası arasındakı ən böyük fərqlərdən biri informasiyanın bolluğudur. Bu faktor ciddi bir problem də yaradır: dezinformasiya. Hər saniyə davam edən informasiya axınının içində doğru xəbərlə yanlış xəbəri ayırd etmək çox çətin olur. Bu il “Reuters Institute” bir araşdırma apardı. Araşdırma dezinformasiyanın əsrimizin vəbasına çevrildiyini göstərirdi. Sorğu iştirakçılarının 62 faizi oxuduqları xəbərlərin hansının yalan, hansının həqiqət olduğunu bilmədikləri üçün narahatdır.
• Dezinformasiyadan daha təhlükəli digər mövzu isə informasiya manipulyasiyasıdır. Çünki bu proses üçün yanlış xəbərə ehtiyac yoxdur. Bəzən doğruluğundan adınız kimi əmin olduğunuz xəbər ilə belə sizi manipulyasiya edə bilərlər. Seçmə, kontekstdən çıxarma, çərçivələmə və emosional manipulyasiya kimi taktikalarla sizi ən absurd xəbərlərə belə inandıra bilərlər. İnformasiya manipulyasiyası gizli xidmətlərin silahlarından biridir. İnternetdə kiçik bir araşdırma edərək 1954-cü ildə CIA-nin Qvatemalada radio vasitəsilə necə çevrilişə təsir etdiyini görə bilərsiniz. Bəli, sadəcə radio.
Kütləvi informasiya vasitələrinin bu qədər geniş yayıldığı dövrdə məsələ daha təhlükəli hal alır. Bəzən informasiya manipulyasiyalarının təsirinə jurnalistlər belə düşə bilir. Bu, peşəkarlıq sınağıdır. Belə bir informasiya mühitində jurnalistin tək vəzifəsi məlumat çatdırmaq deyil, onun həqiqiliyini qorumaqdır. Məlumat yayılarkən insanların həssaslığı nəzərə alınmalıdır. Milli maraqlara toxunan məsələlərdə ikiqat peşəkar yanaşmaq lazımdır.
Milli dəyərlərin təbliğində medianın rolu
Medianın üzərinə düşən öhdəlik sadəcə yanlış informasiya ilə mübarizə aparmaqla bitmir. Media ən güclü təbliğat vasitələrindən biridir və bu vasitədən milli mənafelər üçün istifadə etmək olar. Xüsusilə milli yaddaşımızı təzələməkdə media əvəzsiz vasitə ola bilər. Gənc nəsil bu yaddaşın təzələnməsi ilə milli dəyərlərə sadiqlik şüuru qazanar. Bu, gənc zehinlərdə daha sağlam dövlətçilik düşüncəsinin formalaşmasına zəmin yaradar. Beləcə, nə istədiyini yaxşı bilən bir nəsil xarici manipulyasiyalara aldanmaz. Yerli medianın güclənməsi təhlükəsizlik məsələsidir.
Nəticə etibarilə önəmli bir detalı vurğulamaq lazımdır. Ənənəvi medianın ölkəmizdə də zəifləməsi və sosial medianın sürətlə böyüməsi informasiya məkanında transformasiyaya səbəb olub. Sosial media informasiyanı əlçatan etdi, amma dezinformasiya imkanlarını da genişləndirdi. İnformasiya müharibəsində qalibiyyət üçün zamanın tələblərinə uyğunlaşmalıyıq.
• Bu müharibədə ən böyük silahımız media gücüdür. Bu gücü diri tutmalı və “Əkinçi” ənənəsini daim yaşatmalıyıq.