Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara, Gömrük orqanlarında xidmət haqqında və Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında əsasnamələrə dəyişikliklər müzakirəyə çıxarılıb.
Moderator.az-ın məlumatına görə, təklif olunan dəyişikliklərə əsasən, prokurorluq orqanlarına qulluğa qəbul zamanı elmlər doktoru elmi dərəcəsi olan şəxslər üçün stajorluq və sınaq müddəti müəyyən edilməyəcək.
Həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, prokurorluq orqanlarında daimi qulluğa qəbul ediləcəklər.
Bundan başqa, sınaq müddəti müəyyən edilmiş şəxslər gömrük orqanlarında müvafiq vəzifəyə xüsusi rütbə verilmədən təyin olunacaq və onlar həmin müddət ərzində yalnız vəzifə maaşı alacaqlar.
Həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, gömrük orqanlarında daimi qulluğa qəbul ediləcəklər.
Təklif olunan digər dəyişikliyə əsasən, intizam tənbehi verilən gömrük işçilərinə tənbeh götürülənə qədər xüsusi rütbələr verilməyəcək.
Hazırda qüvvədə olan qanuna əsasən, barəsində cinayət işi qaldırılan və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan gömrük orqanlarının vəzifəli şəxslərinə növbəti xüsusi rütbə müvafiq olaraq cinayət işinə bəraət qazandıran əsaslarla xitam verilənə və ya xidməti araşdırma qurtarana qədər verilmir.