Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dövlət büdcəsi layihəsinin müzakirəsi
Noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclası keçirilib.
İclasda “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov vurğulayıb ki, makroiqtisadi dayanıqlılığın gücləndirilməsi, ölkəmizin hərbi qüdrətinin yüksəldilməsi, dövlət xərclərinin səmərəliliyinin artırılması, qeyri-neft-qaz sektorunun inkişafı və sosial öhdəliklərin maliyyələşdirilməsi büdcə siyasətinin əsas prinsipləridir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdışın davam etdirilməsi büdcənin prioritet istiqamətlərini təşkil edir.
Sonra maliyyə naziri Sahil Babayev “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edib. 2027-ci ilin əsas makroiqtisadi göstəriciləri ilə əlaqədar nəzərə çatdırılıb ki, ümumi daxili məhsul (ÜDM) növbəti ildə 141 milyard manat, qeyri-neft sektoru üzrə ÜDM 109,1 milyard manat məbləğində proqnozlaşdırılır. Xam neftin bir barelinin orta illik qiyməti növbəti ildə 65 dollar olaraq qiymətləndirilir. Orta illik inflyasiya 5,3 faiz, manatın məzənnəsi isə 1,7 manat 1 dollar nisbətində nəzərdə tutulub. Dövlət borcunun cari ilin sonuna ÜDM-ə nisbəti 19,5 faiz proqnozlaşdırılır. 16,2 milyard manat daxili dövlət borcunu, 7,7 milyard manat isə xarici dövlət borcunu təşkil edir. Növbəti ildə Neft Fondunun gəlirləri 7,8 milyard dollar olaraq proqnozlaşdırılır.
İqtisadiyyat nazirinin müavini Azər Bayramov bildirib ki, qarşıdakı dövrdə əsas vəzifələr özəl investisiyaların artırılması, strateji layihələrin sürətləndirilməsi, qeyri-neft-qaz ixracının genişləndirilməsi, beynəlxalq nəqliyyat dəhlizləri boyunca logistika və emal klasterlərinin formalaşdırılması, eləcə də 2027–2030-cu illər üzrə sosial-iqtisadi inkişaf strategiyasının və Böyük Qayıdışa dair II Dövlət Proqramının icrası olacaq.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə dair Palatanın rəyini təqdim edib. Bildirilib ki, dövlət büdcəsi layihəsinin tərtibinə qanunla müəyyən olunmuş müddətdə başlanılıb, Hesablama Palatasına icmal büdcə xərclərinin yuxarı həddi və Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar da daxil olmaqla, dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri də təqdim edilib.
Tədbirdə çıxış edən İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva insan hüquq və azadlıqlarının daha effektiv qorunması məqsədilə dövlət büdcəsində nəzərə alınması üçün bəzi təkliflərini səsləndirib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, İntizam komissiyasının sədri Eldar İbrahimov çıxış ediblər.
Sonda qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
XQ