Milli Məclis Sədrinin BMT görüşləri

10.09.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Milli Məclisin Sədri Sahibə Qafarova sentyabrın 8-də Birləşmiş Millətlər Təşkilatındakı Şərqi Avropa Qrupu ölkələrinin daimi nümayəndələri ilə görüşüb.

Tədbirdə çıxış edən Milli Məclisin Sədri beynəlxalq parlament diplomatiyasının əhəmiyyəti, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və beynəlxalq parlament təşkilatlarında fəaliyyətin müxtəlif aspektləri barədə fikirlərini bildirib.

Sahibə Qafarova son illərdə Azərbaycanın beynəlxalq əməkdaşlığa və parlament diplomatiyasının inkişafına verdiyi töhfələrə toxunaraq, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə həyata keçirdiyi fəaliyyətdən, irəli sürdüyü təşəbbüslərdən və əldə olunmuş mühüm nailiyyətlərdən söz açıb. O, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ötən müddətdə mühüm beynəlxalq parlament platformasına çevrildiyini qeyd edib.

Spiker çıxışında BMT-nin parlamentlərarası beynəlxalq təşkilatlarla əməkdaşlığının rolunu, bu qarşılıqlı fəaliyyətin qlobal çağırışların həllinə və beynəlxalq qərarların milli səviyyədə həyata keçirilməsinə töhfə verə biləcəyini vurğulayıb.

Görüşdə qlobal öhdəliklərin milli fəaliyyətə çevrilməsi, davamlı inkişaf, iqlim gündəliyi, habelə qlobal təhlükəsizlik, demoqrafik dəyişikliklər və miqrasiya məsələləri barədə fikir mübadiləsi aparılıb.

***

Milli Məclisin Sədri Sahibə Qafarova BMT-nin Nyu-Yorkdakı baş qərargahında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin daimi nümayəndələri ilə də görüşüb.

Sahibə Qafarova bildirib ki, Azərbaycan İƏT-in fəal üzvüdür və Milli Məclis hazırda İƏT-ə üzv dövlətlərin Parlament İttifaqına sədrlik edir.

Qeyd olunub ki, İƏT Afrika, Asiya, Yaxın Şərq, Avropa və Amerika qitələrindən 57 dövləti bir araya gətirir. Bu coğrafiyanın gənc əhaliyə, tarixi təhsil mərkəzlərinə, mühüm ticarət yollarına, zəngin resurslara, dərin icma və həmrəylik ənənələrinə malik olduğu diqqətə çatdırılıb. Bununla yanaşı, İƏT-ə üzv ölkələrin bir çoxunun münaqişə və məcburi köçkünlük təcrübəsi yaşadığı bildirilib. Yoxsulluq, ərzaq və su təhlükəsizliyi, iqlim dəyişmələri cəmiyyətlərə əlavə təzyiq göstərir. Terrorizm, ekstremizm və islamofobiya isə qorxu və etimadsızlığın yaranmasına səbəb olur.

Milli Məclis Sədrinin sözlərinə görə, parlament diplomatiyası beynəlxalq danışıqları milli parlamentlərlə əlaqələndirməklə bu prosesə mühüm dəstək verə bilər. Bu çərçivədə spiker Sahibə Qafarova BMT ilə Parlamentlərarası İttifaq arasında daha sıx əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Sahibə Qafarova qeyd edib ki, rəsmi münasibətlər çətinləşdikdə belə, parlamentarilər əlaqələri davam etdirə, anlaşılmazlıqları azalda və dialoq imkanlarını qoruya bilərlər. PAİ regional parlament təşkilatları, o cümlədən İƏT Parlament İttifaqı ilə daha sıx əməkdaşlıq etməlidir. Bu əməkdaşlığın İƏT-in prioritetlərini qlobal müzakirələrə çıxarmağa, islamofobiya, irqçilik və dini nifrətə qarşı mübarizəni gücləndirməyə imkan verəcəyi bildirilib.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью