Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Ürək transplantasiyası hadisəsi Azərbaycanın səhiyyə tarixinə böyük hərflərlə həkk olunacaq. Bu, təkcə cərrahi əməliyyat deyil. Bunun üçün bir neçə aspektlər işlənib hazırlanmalıdır. Belə ki, hüququ, mənəvi, psixoloji emosional tərəfləri həyata keçirmədən uğurlu ürək transplantasiyası etmək mümkün deyil”.
Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov yanvarın 31-də Bakıda “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxışı zamanı deyib.
O bildirib ki, parlamentin Səhiyyə komitəsi 2020-ci ildə ən müasir tələblərə cavab verən yeni qanun layihəsi hazırlayıb və həmin sənəd Milli Məclisdə qəbul olunub.
Ə.Əmiraslanov vurğulayıb ki, bəzən qanun qəbul edilir, amma həmişə işlənilmir:
“Bu sahədə Səhiyyə Nazirliyinin ciddi fəaliyyəti ilə transplantasiya əməliyyatı həyata keçirilməsi üçün mexanizm işlənib hazırlandı. Burada Koordinasiya Mərkəzinin yaradılmasını xüsusi vurğulamaq lazımdır. Deputatlarımızın bir hissəsi donor olmaq üçün sənədə imza atıblar. Bu əməliyyatdan sonra donor olmaq istəyənlərin sayı əhəmiyyətli dərəcədə artıb”.