Milli Məclisin deputatı Azər Allahverənov plenar iclasda Bakı kəndlərindəki problemlərdən danışıb

21.11.2025

Icma.az, Bizimyol saytına istinadən bildirir.

“Zabrat qəsəbəsində yerləşən 21 saylı şəhər poliklinikası uzun illərdir istismarı olunur və bu binanın bu gün əsaslı təmirə ehtiyacı var. Mən bu müddət ərzində dəfələrlə həmin müəssisədə olmuşam və görürəm ki, mövcud şərait tibbi xidmətlərin lazımi səviyyədə göstərilməsinə imkan vermir. Əhali bu səbəbdən müəyyən çətinliklərlə üzləşir və nəticə etibarilə yüksək səviyyəli tibb xidmət almaq üçün digər müəssisələrə üz tuturlar”.

Bizimyol.info xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Azər Allahverənov Milli Məclisin 19 noyabr tarixli plenar iclasında çıxışı zamanı bildirib. Deputat digər Bakı kəndlərində olan problemləri də dilə gətirib: “Digər məsələ Nardaran Sağlamlıq Mərkəzi ilə bağlıdır. Mərkəzin iki korpusu mövcuddur və onlardan biri əsaslı təmirə ciddi ehtiyac duyur. Həmin korpusun yenilənməsi, xüsusilə rentgen kabinetinin istifadəyə verilməsi tibbi xidmətlərin səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldə bilər”.

Deputat Kürdəxanı qəsəbəsi ilə bağlı da bir neçə məsələni diqqətə çatdırıb: “Bildiyiniz kimi, həm Zabrat, yeri gəlmişkən, həm də Kürdəxanı qəsəbələrində idman meydançaları yoxdur. Biz dəfələrlə gənclərimizin sağlam mühitdə böyüməsinin vacibliyini vurğulamışıq. Təəssüf ki, bu iki qəsəbədə idman infrastrukturu kifayət qədər zəifdir. Xüsusilə qeyd edim ki, Kürdəxanıda diqqətdən kənarda qalan bir futbol məktəbi fəaliyyət göstərir. Əgər həmin məktəb üçün zəruri infrastruktur və şərait yarada biləriksə, ola bilsin ki, gələcəkdə məhz həmin bu məktəbdə peşəkar futbolçuların yetişdirilməsinə nail ola biləcəyik”.

Azər Allahverənov Pirşağı qəsəbəsində yerləşən Mədəniyyət evi haqqında da danışıb: “Bu bina səhv etmirəmsə, 2008-ci ildə əsaslı təmir olunub. Artıq yenidən əsaslı təmirə ehtiyac duyulur. Nəzərə alsaq ki, Pirşağı sakinlərinin asudə vaxtlarını səmərəli keçirmələri üçün imkanlar bu gün çox məhduddur, həmin Mədəniyyət Evinin təmir olunduqdan sonra onların istifadəyə verilməsi bu sahədə boşluğu bir qəqər doldurmuş olacaqdır”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью