Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib

23.01.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Yanvarın 23-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2026-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

XQ xəbər verir ki, komitə sədri Zahid Oruc əvvəlcə dünyada və regionda baş verən ictimai-siyasi proseslərə toxunub, Azərbaycan Prezidenti İlham Əliyevin Davosda keçirdiyi görüşlərin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Sonra komitə sədri iclasın gündəliyinə 2 məsələnin – 2025-ci ilin payız sessiyası dövründə İnsan hüquqları komitəsində görülən işlər barədə hesabatın və komitənin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsinin daxil edildiyini bildirib.

Komitə sədri payız sessiyasında komitənin səmərəli fəaliyyət göstərdiyini, bu müddətdə 10 iclasın keçirildiyini, 11 məsələyə baxıldığını, o cümlədən 4 qanun layihəsinin Milli Məclisin müzakirəsinə tövsiyə olunduğunu qeyd edib. Bildirilib ki, ötən sessiya ərzində komitəyə vətəndaşlardan ümumilikdə 328 müraciət daxil olub.

Daha sonra Zahid Oruc İnsan hüquqları komitəsinin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsi barədə məlumat verib. Qeyd edilib ki, qarşıdan gələn sessiyada dezinformasiya və rəqəmsal suverenlik, həmçinin insan haqları mövzularına diqqət yetiriləcək, qanunvericilik təşəbbüsü əsasında təqdim edilən qanun layihələri müzakirə olunacaq, vətəndaşlarla mütəmadi görüşlər təşkil ediləcək.

Komitənin üzvləri müzakirələrdə iştirak edərək məsələlərlə bağlı fikir və təkliflərini səsləndiriblər.

İclasın sonunda ötən sessiyada komitədə görülmüş işlər qənaətbəxş hesab olunub, 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi təsdiq edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью