Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Milli Məclisin Sədri Sahibə Qafarova Qırğız Respublikasına səfəri çərçivəsində bu ölkənin Joqorku Keneşinin sədri Marlen Mamatalıyev ilə görüşüb.
Görüşdə xalqlarımız arasında tarixi-mədəni, milli-mənəvi bağların əhəmiyyəti vurğulanaraq, bu gün dövlətlərimiz arasında mövcud olan yüksəksəviyyəli münasibətlərdən, həyata keçirilən qarşılıqlı səfərlərdən, görüşlərdən və təmaslardan məmnunluq ifadə olunub. Tərəflər Azərbaycan-Qırğızıstan qardaşlıq münasibətlərinin inkişafının xüsusi əhəmiyyət kəsb etdiyini təsdiqləyiblər.
Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasına son dövlət səfərinin mühüm hadisə olduğu və münasibətlərimizin müttəfiqlik səviyyəsinə yüksəlməsinə töhfə verdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan və Qırğızıstanın dövlət başçılarının səyləri nəticəsində ölkələrimiz arasında əlaqələr sürətlə inkişaf edərək bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin genişlənməsini təmin edib.
Görüşdə humanitar əlaqələrin inkişafı, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıran addımların əhəmiyyəti ilə bağlı da fikirlər səsləndirilib. Marlen Mamatalıyev Ağdam rayonunun Xıdırlı kəndində Qırğızıstan xalqının hədiyyəsi olan orta məktəbin, eləcə də Bişkekdə Heydər Əliyev adına məktəb-gimnaziya kompleksinin və Nizami Gəncəvi adına məktəbin xalqlarımız arasında səmimi dostluğun və qardaşlıq münasibətlərinin rəmzi olduğunu qeyd edib. O, Bakıda Çingiz Aytmatovun abidəsinin ucaldıldığını və bunu böyük Qırğız yazıçısının xatirəsinə diqqət və ehtiram kimi yüksək qiymətləndirdiklərini deyib.
Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin münasibətlərimizin yüksək səviyyəsinə uyğun olaraq daha da inkişaf etdiyi vurğulanıb, parlament komitələrinin və dostluq qruplarının fəaliyyətinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Görüşdə parlamentlər arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb və bir sıra məsələlərə dair razılıq əldə edilib.
***
Milli Məclisin Sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan parlament nümayəndə heyəti oktyabrın 19-da Bişkekdə “Ata-Beyit” Milli Tarixi Memorial Kompleksini ziyarət edib. Sahibə Qafarova abidənin önünə əklil qoyub.
Qonaqlara məlumat verilib ki, “Ata-Beyit” Milli Tarixi Memorial Kompleksi 2000-ci ildə Qırğız dövlətinin inkişaf mərhələlərinin tarixi yaddaşının bərpa edilməsi və qorunub saxlanması məqsədilə tikilib istifadəyə verilib. Bu memorial görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun təklifi ilə “Ata-Beyit” – Ataların məzarlığı adlandırılıb.
Azərbaycan nümayəndə heyəti, həmçinin Bişkekdə Çingiz Aytmatovun ev-muzeyində də olub. Milli Məclisin Sədri burada Çingiz Aytmatovun kiçik oğlu, Çingiz Aytmatov Fondunun prezidenti Eldar Aytmatov ilə görüşüb.
Eldar Aytmatov bildirib ki, yazıçının hələ sağlığında evdə hökm sürmüş bütün ab-havanı və şəraiti ən xırda detala qədər qoruyub saxlamağa çalışıb. Ev-muzeyində yazıçının şəxsi əşyaları, əlyazmaları və çoxsaylı mükafatları qorunub saxlanılır.
Mədəni-maarif fəaliyyəti ilə məşğul olan Çingiz Aytmatov Beynəlxalq Fondu da burada yerləşir. Fond 2000-ci ildə yazıçının özü tərəfindən təsis edilib, indi onun övladları tərəfindən idarə olunur.
XQ