Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 20 noyabr, AZƏRTAC Noyabrın 20-də Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclası keçirilib.
İclasda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə baxılıb.
AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclis sədrinin müavini Musa Qasımlı büdcə layihəsinin qanunvericiliyə uyğun tərtib edildiyini, 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetə, qarşıya qoyulan hədəflərə cavab verdiyini bildirib.
O vurğulayıb ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi büdcə layihəsində xüsusi yer tutur.Musa Qasımlı qeyd edib ki, dövlətimizin müdafiəsi, milli təhlükəsizliyi və inkişafı bir-biri ilə sıx şəkildə bağlı olduğundan büdcə layihəsində müdafiə və təhlükəsizliyə ayrılan vəsaitlərin artırılması ümummilli maraqlarımızın təmin edilməsinə yönəldilib.
Həmçinin layihədə sosialyönümlü xərclərin artırılması əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması xidmət edir.
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov diqqətə çatdırıb ki, növbəti ildə dövlət büdcəsinin gəlirləri 5,3 faiz artırılaraq 38 milyard 316 milyon manat, xərcləri isə 4,1 faiz artırılaraq 41 milyarda 367,6 milyon manat proqnozlaşdırılır.
Qeyd edilib ki, 2025-ci ildə də sosialyönümlü xərclər prioritet təşkil edəcək.