Milli mənəvi dəyərlər xalqın əxlaq kodeksidir

10.10.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfrans keçirildi.

Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri, müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər, eləcə də ictimaiyyət nümayəndələri iştirak etdilər.

Gənclər və idman naziri Fərid Qayıbov bildirdi ki, beynəlxalq arenada ölkəmizi uğurla təmsil edən gənclərimiz var. Prezident İlham Əliyev gənclərlə görüşlərində milli-mənəvi dəyərlərin əhəmiyyətini dəfələrlə vurğulayır. Onun sözlərinə görə, bu məsələ müvafiq dövlət proqramlarında və gənclər strategiyasında da öz əksini tapıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov vurğuladı ki, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Ulu öndər 1996-cı ildə keçirilən Gənclərin Birinci Forumunda yeni nəslin milli ruhda, milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasının vacibliyini vurğulayıb.

Komitə sədri qeyd edib ki, bu siyasəti Prezident İlham Əliyev müasir dövrün çağırışları nəzərə almaqla davam etdirir. Dövlət başçısı Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında ideoloji təhlükəsizliyin əhəmiyyətinə toxunaraq təhsili, biliyi və vətənpərvərliyi gənclərin yad və zərərli təsirlərdən qorunmasının əsas amilləri kimi dəyərləndirib.

Prezidentin vurğuladığı kimi, internet, sosial media, rəqəmsal texnologiyalar və süni intellekt ideoloji təsirlərin yayılma imkanlarını genişləndirib. Bu təsirlərə qarşı mübarizədə bilikli və savadlı cəmiyyətin formalaşdırılması mühüm vasitələrdən biridir.

İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun sözlərinə görə, milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması ailədən başlayaraq məscidlərdə, mədrəsələrdə və digər təhsil müəssisələrində davam edən dini təhsilin əsas vəzifələrindən biridir. Müasir ailəyə təsir edən əsas amillərdən biri texnoloji vasitələrdir. Bu gün biz rəqəmsal dünyada, süni intellekt dövründə yaşayırıq. Onlar artıq həyatımızın bir hissəsinə çevrilib və uşaqların dünyagörüşlərinə təsir göstərir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayev qeyd etdi ki, rəqəmsal platformalar düzgün istifadə edilmədikdə, dezinformasiyanın, zərərli ideologiyaların yayılmasına səbəb olar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva ailə və cəmiyyət əlaqəsinin gənclərə təsirindən danışdı. Söylədi ki, hansısa fikirləri maarifləndirmə yolu ilə gənclərə çatdırmaq tam kifayət etmir. Gənc nəsil bunları real həyatda görməlidir. Öz ailəsindəki münasibətlərdə bunun şahidi olmalıdır.

Konfrans “Ailə, təhsil və cəmiyyət: gənclərin formalaşmasında dövlət siyasəti və ictimai məsuliyyət”, “Müasir informasiya mühitində gənclərin rəqəmsal savadlılığı və milli dəyərlər” mövzularında panel sessiyalarla davam etdi.

Fidan ƏLİYEVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью