Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür.
Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.
Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır.
Bu yeni inkişaf dövrünün təməlini qoyan müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirmiş, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir.
Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk Fərman da Heydər Əliyev tərəfindən imzalanıb.
2000-ci il martın 27-də imzalanan “Azərbaycanda milli mətbuatının yaradılmasının 125 illiyi” haqqında Fərmanla ölkəmizdə demokratik mətbuatın yaradılmasının 125 illiyi təntənəli şəkildə qeyd olunub.
Ümumilikdə, Ulu Öndər mətbuatın problemlərinin həlli ilə bağlı ondan çox sərəncam və fərman imzalayıb.
1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən Qanun qəbul edilib.