Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan milli mətbuatı sadəcə xəbər daşıyıcısı deyil, xalqımızın milli şüurunun oyanmasında, vahid məqsəd ətrafında birləşməsində və müstəqillik ideallarının formalaşmasında əvəzsiz rol oynamış bir ideologiya məktəbidir. 1875-ci il iyulun 22-də böyük mütəfəkkir Həsən bəy Zərdabinin rəhbərliyi və fədakarlığı ilə işıq üzü görən “Əkinçi” qəzeti təkcə mətbuatımızın əsasını qoymadı. Bu qəzet, eyni zamanda feodal qaranlığında boğulan bir cəmiyyətin maariflənməsi, milli mənliyini dərk etməsi və azadlıq hərəkatının başlaması üçün təməl daşına çevrildi. Mətbuatımız keçdiyi 150 ildən artıq zəngin və keşməkeşli tarixi yol ərzində hər zaman millətin doğma səsi, onun haqlı mübarizəsinin ən uca tribunası olmuşdur.
Azərbaycan mətbuatının dövlətçilik tariximizdəki, milli kimliyimizin və ana dilimizin qorunmasındakı misilsiz rolunu hər zaman uca tutan Ümummilli Lider Heydər Əliyev jurnalistikamızın bu müqəddəs və tarixi missiyasını çox dəqiq şəkildə belə ifadə etmişdir:
“Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.”
Ulu Öndərin vurğuladığı kimi, Azərbaycan jurnalistikası asan bir yol keçməmişdir. O, çar Rusiyasının sərt senzurasından, sovet rejiminin ağır ideoloji basqılarından və repressiyalarından keçərək, hər bir tarixi dövrdə milli ideallara sadiqliyini qoruyub saxlaya bilmişdir. "Əkinçi"nin açdığı işıqlı cığır, sonradan "Molla Nəsrəddin", "Füyuzat", "Həyat", "Kaspi" kimi nəşrlərlə böyük və qüdrətli bir məktəbə çevrilmişdir. Bu mətbuat orqanları xalqı intellektual cəhətdən oyatmış, onu 1918-ci ildə Şərqdə ilk demokratik respublikanı – Azərbaycan Xalq Cümhuriyyətini qurmağa hazırlamışdır. Jurnalistlərimiz qələmi müqəddəs bir silah kimi istifadə edərək millətin müstəqillik arzusunu ən çətin illərdə belə diri saxlamış, azadlıq ideyasını nəsildən-nəslə etibarlı şəkildə ötürmüşlər.
Bu gün müstəqil Azərbaycan mətbuatı keyfiyyətcə tamamilə yeni bir mərhələdədir. Müasir medianın inkişaf xətti Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu azad söz və fikir azadlığı prinsipləri üzərində uğurla yüksəlir. 1998-ci ildə Heydər Əliyevin fərmanı ilə mətbuatda senzuranın rəsmən ləğv edilməsi Azərbaycanın kütləvi informasiya vasitələrinin inkişafında inqilabi bir addım və yeni eranın başlanğıcı oldu. Dövlətin mediaya göstərdiyi davamlı diqqət və qayğı sayəsində bu gün mətbuatımız cəmiyyətin güzgüsü statusunu daha da möhkəmləndirir.
Hazırda qlobal informasiya əsrində Azərbaycan jurnalistikası daxili auditoriyanı məlumatlandırmaqla kifayətlənmir. O, həm də beynəlxalq arenada, informasiya müharibəsində dövlətimizin və xalqımızın milli maraqlarını, xüsusilə tarixi Zəfərimizin reallıqlarını dünyaya çatdırmaqda ön cəbhədə vuruşur.
22 İyul – Milli Mətbuat Günü, sadəcə jurnalistlərin peşə bayramı deyil, bütövlükdə azad sözün, milli müstəqilliyimizin və xalq olaraq qazandığımız demokratik dəyərlərin təntənəsidir. Bu şərəfli və məsuliyyətli yolda qələmi ilə xalqına işıq saçan, həqiqətin səsini ucaldan bütün mətbuat işçilərini ürəkdən təbrik edir, onlara fəaliyyətlərində yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Mətanət Paşayeva
YAP Masallı rayon təşkilatının fəal üzvü