525.az saytından alınan məlumata görə, Icma.az bildirir. Mustafa ÇƏMƏNLİŞuşa!
Bu ad qəlbimdə o qədər şirinli-acılı xatirələr oyadır, hisslər, duyğular ləpələndirir ki, Şuşalı günlərimin - Şuşalı günlərimizin hansı anını daha çox qabartmaqda çətinlik çəkirəm.
Və bu an Şuşa dahi rəssamın çəkdiyi böyük əzəli və əbədi bir tablo kimi gözlərim önündə durur.
Mən Şuşanı hələ lap uşaqkən, kəndimizdə onu görənlərin gözləriylə görmüşəm.
Onunla öyünən, fəxr edən doğmalarımın tez-tez işlətdikləri "Qalaya gedirəm", "Qaladan gəlirəm" kəlmələrinin şirinliyini, məhrəmliyini indi də unutmamışam.
Sonralar - orta məktəbdə oxuyanda bildim ki, babamın, nənəmin dodaqlarında çiçəkləmiş o "Qala" deyilən məkan, sən demə, Şuşa şəhəriymiş.
Ömrümün o çağlarında Şuşa mənim üçün əlçatmaz, ünyetməz bir qalaydı.
Halbuki bizim Çəmənli kəndiylə Şuşanın arası çox olsa, 45-50 kilometr olardı.