Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Bakı sakini Pərvin Babək oğlu Yusifov Milli Oftalmologiya Mərkəzinin oftalmoloqu Tərlan Əliyevanın həyata keçirdiyi göz əməliyyatından sonra səhhətində ağır fəsadların yarandığını iddia edir.
Şikayətçi KONKRET.az-ın redaksiyasına ünvanladığı müraciətində bildirib ki, əməliyyatdan sonra tibbi müdaxilənin gecikdirilməsi, düzgün müalicənin aparılmaması və əməliyyatın növbəti mərhələlərinin hələ də tamamlanmaması nəticəsində göz sağlamlığı ciddi şəkildə zərər görüb. Onun sözlərinə görə, məsələ ilə bağlı müstəqil ekspert tərəfindən aparılan tibbi araşdırma da bu pozuntuları təsdiqləyib.
Pərvin Yusifov iddia edir ki, əlində olan sübutlara və müstəqil ekspert rəyinə baxmayaraq, Məhkəmə-Tibbi Ekspertizası həmin rəyə süni şəkildə müdaxilə edir.
Şikayətçi bildirir ki, Milli Oftalmologiya Mərkəzinin nüfuzu əsas gətirilərək, sözügedən həkim bilərəkdən müdafiə olunur. O, səhhətinə ciddi yanaşılmasını və yarımçıq qalan tibbi müdaxilələrin həyata keçirilməsini tələb edir.
Səslənən iddialarla bağlı Milli Oftalmologiya Mərkəzi ilə əlaqə saxladıq. Qurumdan KONKRET.az-a bildirildi ki, sözügedən xəstə bir neçə dəfə müayinədən keçirilib:
“Xəstəyə dəfələrlə baxılıb və həkimlərin iştirakı ilə konsilium keçirilib. Onun nevroloji vəziyyətində də problemlər mövcuddur. Mərkəzimizdə peşəkar həkim heyəti və müasir tibbi imkanlar var. Çox vaxt xəstələr ağır vəziyyətdə müraciət edir, sonradan isə məsuliyyəti həkimlərin üzərinə atırlar. Ancaq biz yenə də öz üzərimizə düşən vəzifələri icra etməyə hazırıq. Odur ki, Pərvin Yusifov Milli Oftalmologiya Mərkəzinə yaxınlaşsın. Xəstəyə müalicə, müayinə, dərman təminatı və lazım olan bütün dəstək göstəriləcək”, – deyə qurumdan vurğulanıb
Müşviq Tofiqoğlu
KONKRET.az