Milli park və qoruqlar niyə yaradılır? ANALİZ

23.10.2026

Icma.az, Sia Az saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə tarixi irsin, təbii sərvətlərin və ekosistemin qorunması istiqamətində imzalanan strateji sərəncamlar, xüsusilə Qarabağ Milli Parkının və "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun yaradılması ölkəmizin post-zəfər siyasətinin mühüm tərkib hissəsidir. Bu addımlar elmi, ekoloji və turizm baxımından miqyasına görə tarixi əhəmiyyət daşıyır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının hüdudlarında yerləşən, bir neçə inzibati rayonun ərazisindəki dövlət mülkiyyətində olan torpaqları əhatə edən Qarabağ Milli Parkı (88,418.00 hektar) bölgənin unikal təbii landşaftını, flora və faunasını xüsusi mühafizə rejiminə keçirir. Əsas məqsəd illərlə erməni işğalı və ekosid siyasəti nəticəsində dağıntılara məruz qalmış təbii mühiti bərpa etmək, ekoloji tarazlığı təmin etmək və Avrasiya miqyasında vahid ekoloji dəhliz formalaşdırmaqdır.

Dünyanın ən qədim ibtidai insan məskənlərindən biri olan Azıx və Tağlar mağara düşərgələrinin ərazisində yaradılan “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu bəşəriyyət tarixinin izlərini daşıyan unikal abidələrin qorunması, elmi tədqiqi və beynəlxalq səviyyədə tanıdılması məqsədi daşıyır.
Azıx mağarasının dünya paleolit elmində xüsusi yeri olduğunu vurğulayan mütəxəssislər qeyd edirlər ki, burada tapılan Azıxantrop (Azıx adamı) çənə sümüyü qalıqları Avropanın ən qədim ibtidai insan izlərindən biridir. Dövlət Qoruğunun yaradılması bu abidələrin peşəkar səviyyədə qorunmasına, qanunsuz qazıntılar və saxtalaşdırma cəhdlərinin qarşısının alınmasına, həmçinin beynəlxalq arxeoloji ekspedisiyaların fəaliyyətinə hüquqi zəmin yaradır.

Tarixçilərə görə, bu sərəncamları qədim abidələrimizin pasportlaşdırılması və erməni vandalizminin ifşası istiqamətində atılmış həlledici addım kimi qiymətləndirirlər. İşğal dövründə Azıx mağarasının hərbi məqsədlərlə istifadə olunması və saxta arxeoloji qazıntılara məruz qalması faktları dünya ictimaiyyətinə daha geniş çatdırılacaq.

Ekoloqlar isə düşünürlər ki, 88 min hektardan çox ərazini əhatə edən Qarabağ Milli Parkının yaradılmasını bölgənin "yaşıl iqtisadiyyat" və "yaşıl enerji" strategiyasının təbii tərəfi hesab edirlər. Ekoloqlar qeyd edirlər ki, bu ərazilərdə nadir bitki növlərinin, endemik meşə massivlərinin və nəsli kəsilməkdə olan fauna nümayəndələrinin (məsələn, ceyranlar, qonur ayı, vaşaq və s.) populyasiyasının bərpası üçün ideal mühit yaranır.

Tarixi irs, biomüxtəliflik və ekoturizm İmkanları

Azıx və Tağlar mağaraları Quruçay arxeoloji mədəniyyətinin əsas mərkəzidir. Arxeoloji Parkın yaradılması bu ərazilərin açıq səma altında muzeyə çevrilməsinə, elmi turizmin inkişafına və gənc nəslin tarixi yaddaşının möhkəmlənməsinə xidmət edir.

Qarabağ Milli Parkının yaratdığı ekoloji dəhliz bölgənin biomüxtəlifliyini qorumaqla yanaşı, qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə də mühüm rol oynayır. Meşə zolaqlarının bərpası, su hövzələrinin qorunması və brakonyerliyə qarşı sərt dövlət nəzarəti təbiətin özünə qayıtmasını sürətləndirir. Azad edilmiş torpaqlarda həyata keçirilən bu layihələr Qarabağı yaxın onilliklərdə Avrasiyanın ən mühüm ekoturizm mərkəzlərindən birinə çevirmək potensialına malikdir.

Ağıllı kənd konsepsiyası ilə yanaşı, ağıllı ekoturizm marşrutlarının qurulması yerli və xarici turistlərin bölgəyə axınını təmin edəcək. Bu isə öz növbəsində regionun iqtisadi dirçəlişinə, yeni iş yerlərinin açılmasına və xidmət sektorunun inkişafına güclü təkan verəcək.

Milli Parklar və Dövlət Təbiət Qoruqları ekoloji tarazlığın qorunması, bioçeşidliliyin gələcək nəsillərə ötürülməsi və dayanıqlı inkişafın təmin olunması üçün yaradılan Xüsusi Mühafizə Olunan Təbiət Əraziləridir. Hər iki status təbiətin mühafizəsinə xidmət etsə də, onların hüquqi rejimində və təyinatında mühüm fərqlər var. Dövlət Təbiət Qoruqları təbiəti tam toxunulmaz saxlayan sərt mühafizə zonasındır. Buraya təsərrüfat fəaliyyəti, kütləvi giriş və turizm qadağandır, yalnız elmi-tədqiqat işlərinə icazə verilir. Milli Parklar təbiətin mühafizəsi ilə yanaşı, nəzarət olunan ekoturizmə, maaarifləndirməyə və istirahətə imkan yaradan elmi və rekreativ ərazilərdir.

Nadir və nəsli kəsilməkdə olan növlərin sığınacağı olan bu ərazilər "Qırmızı Kitab"a düşmüş bitki və heyvanların təbii yaşayış mühitini (habitat) insan müdaxiləsindən (ovçuluq, meşə qırılması, kənd təsərrüfatı expansiyası) qoruyur. Endemik (yalnız həmin zonaya xas) və relikt (qədim dövrlərdən qalmış) növlərin genetik mənşəyini gələcək nəsillər üçün saxlayır. Vəhşi heyvanların miqrasiya marşrutlarını təhlükəsiz edir.
Meşə massivləri və bataqlıqlar karbohidrogen qazlarını udaraq ("karbon uducuları") iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır. Torpaq eroziyasının, səhralaşmanın, sel və torpaq sürüşmələrinin qarşısını alır; şirin su mənbələrini çirklənmədən qoruyur.

Dünyada sürətlə böyüyən "yaşıl turizm" üçün əsas mənbədir. Milli parkların ətrafında yaşayan yerli əhali üçün yeni iş yerləri (bələdçilik, qonaq evləri, kənd təsərrüfatı məhsullarının satışı, sənətkarlıq) yaradır. Zəngin biomüxtəlifliyə malik olan milli parklar beynəlxalq səviyyədə ölkənin ekoloji imicini yüksəldir.

Azərbaycan cüzi ərazidə yerləşməsinə baxmayaraq, dünyadakı 11 iqlim tipindən 9-na malikdir. Bu zənginliyi qorumaq üçün ölkədə xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsi genişləndirilir. Həmin ərazilər ölkə ərazisinin 10%-dən çoxunu təşkil edir. Ölkədə 10 Milli Park, 10 Dövlət Təbiət Qoruğu və 24 Dövlət Təbiət Yasaqlığı fəaliyyət göstərir.

Fəaliyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Biomüxtəlifliyin Qorunması Xidməti tərəfindən idarə olunur. "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə idarəetmə, mühafizə və cərimə mexanizmləri nizamlanır.
Şirvan Milli Parkında saxlanılan ceyran populyasiyası artırılaraq digər tarixi məskənlərinə (Acınohur, Qobustan, Ağgöl, Cəbrayıl/Araz boyu) köçürülür. Şahdağ Milli Parkının İsmayıllı bölməsində xüsusi mərkəz yaradılaraq Avropadan gətirilən zubrlar təbiətə buraxılıb və uğurla çooxalırlar. Zəngəzur və Hirkan Milli Parklarında cənub-şərqi Qafqaz bəbirinin mühafizəsi üzrə beynəlxalq layihələr (WWF və IDEA İctimai Birliyi ilə birlikdə) həyata keçirilir.

2023-cü ildə Hirkan Milli Parkının unikal relikt meşələri UNESCO-nun Ümumdünya Təbiət İrsi Siyahısına daxil edilmişdir. Ramsar Konvensiyasına daxil edilərək beynəlxalq əhəmiyyətli sulu-bataqlıq quşlarının yaşayış məskəni kimi qorunur.

İşğal dövründə erməni vandalizminə məruz qalmış, qırılmış və yandırılmış Bəsitçay Dövlət Təbiət Qoruğu (Şərq çinarı meşəsi) və Qaragöl Dövlət Təbiət Qoruğu bərpa olunur. Prezident İlham Əliyevin Sərəncamları ilə Qarabağ Milli Parkı və Azıx-Tağlar Arxeoloji Parkı kimi yeni nəhəng mühafizə zonaları yaradılır. Göygöl, Şahdağ, Şirvan, Hirkan və Abşeron Milli Parklarında turistlər üçün xüsusi marşrutlar, velosiped və yürüş zolaqları, məlumat mərkəzləri qurulub. Girişlər elektronlaşdırılıb.

Azərbaycanda təbiət qoruqları və milli parkların mühafizəsi güclü olsa da, brakonyerliklə (qanunsuz ov), qanunsuz ağacqırma ilə mübarizə, iqlim dəyişikliyi nəticəsində su mənbələrinin azalması və tullantıların idarə olunması kimi məsələlərdə nəzarət və maarifləndirmə işləri aralıqsız davam etdirilir.

Nəticə etibarilə, bu sərəncamlar Azərbaycanın yalnız öz torpaqlarını azad etmədiyini, həm də həmin ərazilərdə bəşəri miqyasda qlobal ekoloji və mədəni dəyərləri bərpa edən mədəniyyət və sivilizasiya sahibi olduğunu bir daha bütün dünyaya nümayiş etdirir.

V.VƏLİLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью