Milli Qəhrəmanımızı qürurla anırıq

20.09.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1990-cı illərin əvvəllərində erməni daşnaklarının Azərbaycan torpaqlarına qarşı başladığı təcavüzkar siyasət Arifi də rahat buraxmırdı. O, Vətənin bu ağır günündə xarici hərbi xidmətini yarımçıq qoyaraq Bakıya qayıtdı və 1992-ci ildə yenicə yaranmaqda olan Azərbaycan Milli Ordusunun sıralarına yazıldı.Vətən torpaqlarının müdafiəsində mərdliklə döyüşən, cəbhə xəttində düşmənə göz açdırmayan komandirin –Arif Qubadovun şərəfli həyat yolu belədir: 20 sentyabr 1966-cı ildə Cəlilabad rayonunun Əliqasımlı kəndində doğulmuşdur. 1983-cü ildə  Əliqasımlı kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə Cəlilabad rayon Hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Əsgəri xidmətini SSRİ- nin müxtəlif  yerlərində keçmişdir.

A.Qubadov Azərbaycanda baş  verən hadisələri nigarançılıqla izləyirdi. Erməni quldurlarının Azarbaycanda va Qarabağda soydaşlarımızın başına gətirdikləri müsibətlər onu çox narahat edirdi. O, Vətənə dönməyə, burada xidmət etməyə can atırdı.

1992-ci ildə arzusuna qovuşdu. O, Azərbaycana gələrək Milli Ordumuzda xidmət etməyə başladı.

1992-ci ilin iyun ayı… Qədim Naxçıvanın Sədərək bölgəsi…  Burada qanlı döyüşlər gedirdi. Arif də silaha sarılmışdı. O, qəhrəmancasına vuruşurdu. Onun komandir olduğu tabor düşmənin xeyli canlı qüvvəsini və döyüş texnıkasını məhv etdi. Sədərəklilər onun rəşadətindən ürək dolusu danışırdılar.

Qubadovun dəstəsi 1993-cü ilin iyun ayında Ağdam rayonuna göndərildi. Rayonun Əfətli, Yusifcanlı kəndlərinin düşmən tapdağından azad edilməsində ölüm-dirim mübarizəsinə girişən dəstə düşmənə layiqli cavab verdi. Kəndlər tezliklə azad edildi.

O, 1993-cü ilin avqustunda öz taboru ilə Füzuli bölgəsinə yollandı. Əhmədbəyli, Aşağı və Yuxarı Kürdmahmudlu, Alxanlı kəndləri məhz Arif Qubadovun rəhbərliyi altında düşməndən təmizləndi.

O, 1994-cü ildə Tərtər və Ağdərə döyüşlərində də fəal iştirak etdi.  Burada da o, öz döyüşkənliyi və rəşadəti ilə fərqləndi.

Bu xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Qubadov Arif Vəliş oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbini bitirmişdir. O, 2001-ci ildə isə Azərbaycan Respublikası Sərhəd Qoşunlarıları Hərbi Akademiyasına daxil olmuş və 2003-cü ildə oranı müfəqiyyətlə bitirmişdir.

Polkovnik-leytenant rütbəsinəcən yüksələn A.Qubadov N saylı hərbi hissənin komandir müavini vəzifəsində işləmişdir. 2009-cu ilin sentyabrın 25-də uzun sürən xəstəlikdən vəfat etmişdir.

Dörd övladı Vətən əmanətidir. Əliqasımlı kəndində dəfn edilmişdi. Arif Qubadovun adı və onun şərəfli döyüş yolu bu gün də gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində parlaq nümunə olaraq yaşayır.

M.MİRZƏ

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью