Milli Qəhrəmanımızın doğum günüdür

01.10.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Milli Qəhrəman Əliyev İmamverdi Barat oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək canını Vətən torpağına qurban vermiş cəsur hərbçilərimizdəndir. İşğal altında olan torpaqlarımızın azad olunması əməliyyatlarında yüksək döyüş ruhu, fədakarlıq və intizam nümayiş etdirən İmamverdi Əliyev, tapşırılan hərbi vəzifələri dəqiqliklə yerinə yetirərək əbədi qəhrəmanlıq salnaməmizdə adını qızıl hərflərlə yazdırmışdır.

1 oktyabr 1950-ci ildə İmişli rayonunun Qulubəyli kəndində doğulmuşdur. 1969-cu ildə Kürdmahmudlu kənd orta məktəbini bitirdikdən sonra İmişli rayon Hərbi Komissarlığının göndərişi ilə Saatlı rayon 9 saylı texniki-peşə məktəbinin sürücülük kursuna daxil olmuşdur. 1970-ci ildə sürücü peşəsinə yiyələnib, hərbi xidmətə gedir. 1972-ci ildə ordudan tərxis olunur və Bakı şəhəri Yasamal rayon Daxili Işlər Şöbəsində sürücü-milis nəfəri kimi əmək fəaliyyətinə başlayır. 1973-77-ci illərdə o, Bakı Maliyyə-Kredit Texnikumunun tələbəsi, 1978-ci ildə isə Bakı Xüsusi Milis Məktəbinin kursantı olmuşdur. İ.Əliyev təhsilini başa çatdırdıqdan sonra DİN-nin göndərişi ilə İmişli rayon DİŞ-nin mühafizə bölməsində baş inspektor vəzifəsində çalışır.

1987-ci il. . . Artıq o, İmişli RDİŞ-də sahə müvəkkili işləyirdi.

90-cı illər… Torpaqlarımızın bütövlüyü uğrunda qanlı döyüşlər başlanmışdı. Bir azərbaycanlı kimi İmamverdi Əliyevin də ürəyində düşmənə qarşı nifrət hissi alovlanırdı. 1991-ci ildə İmişli RDİŞ-nin bir qrup əməkdaşını Cəbrayıl rayon DİŞ-nə ezam etdilər. Onların arasında İ.Əliyev də vardı. O, dəfələrlə ölümlə üzbəüz gəlsə də, çevikliyi, döyüş əzmi sayəsində bütün xatalardan qurtula bilmişdi. Ağır döyüşlərdə düşmənin 4 tankını sıradan çıxarmışdı.

15 noyabr 1991-ci il… Erməni yaraqlıları Hadrut rayonunun Şaqax kəndinə hücuma keçmişdi. Yüzlərlə erməni yaraqlısına qarşı cəmi 17 nəfər polis əməkdaşı döyüşürdü. On saatdan artıq davam edən bu ölüm-dirim savaşında düşmən xeyli itki verdi. Döyüşdə xüsusi rəşadət göstərən İmamverdi Əliyev qəhrəmancasına həlak oldu. İki övladı Vətən əmanətidir.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Əliyev İmamverdi Barat oğluna ölümündən sonra “Azərbaycamn Milli Qəhrəmanı” adı verilmişdir. İmişli rayonunda dəfn edilmişdir.

Adına İmişli rayonunda küçə var. Qulubəyli kənd orta məktəbi də Qəhrəmanın adını daşıyır. İmişli rayon Daxili İşlər Şöbəsi binasının önündə büstü qoyulmuşdur.

Müşfiq MİRZƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью