Milli Qəhrəmanın xatirəsi Zəfər tariximizdə yaşayır

07.11.2026

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan xalqının qəhrəmanlıq tarixi Vətənə məhəbbət, torpağa bağlılıq, azadlıq uğrunda mübarizə və milli qürur nümunələri ilə zəngindir. Bu tarixin ən şərəfli səhifələrini öz canı, qanı və misilsiz igidliyi ilə yazan şəhidlərimiz xalqımızın yaddaşında əbədi yaşayırlar. Onların həyat yolu yalnız keçmişimizin bir parçası deyil, həm də gələcəyimizə istiqamət verən mənəvi dəyər, vətənpərvərlik məktəbi və milli birliyimizin təməlidir. Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əbdülhüseyn oğlu Abdullayev də Vətənə sədaqəti, cəsarəti və döyüş meydanında göstərdiyi şücaəti ilə xalqımızın qəhrəmanlıq salnaməsində özünəməxsus yer tutur.

Rövşən Əbdülhüseyn oğlu Abdullayev 16 yanvar 1969-cu ildə Lerik rayonunda anadan olmuşdur. Orta təhsilini Astara şəhər 1 saylı orta məktəbdə başa vurduqdan sonra ailəsi ilə birlikdə Lənkəran şəhərinə köçmüşdür. Hələ gənc yaşlarından seçdiyi yol, qarşısına qoyduğu məqsədlər və hərbi peşəyə marağı onun gələcək həyatının əsas istiqamətini müəyyənləşdirmişdir.

1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi Məktəbinə daxil olan Rövşən Abdullayev 1991-ci ildə həmin təhsil müəssisəsini əla qiymətlərlə bitirmiş və ona Rostov şəhərində xidmət etmək üçün təyinat verilsə də, o, Azərbaycana qayıtmağa üstünlük vermiş, doğma Vətənində xidmətini davam etdirmək qərarına gəlmişdir. Bu seçim onun Azərbaycan torpağına, xalqına və dövlətinə bağlılığının bariz ifadəsi idi.

Azərbaycana qayıtdıqdan sonra Daxili İşlər Nazirliyinin daxili oşunlarının sıralarında xidmətə başlayan gənc zabit bir müddət sonra Zəngilan rayonuna göndərilmişdir. 70 nəfərdən ibarət tağımın komandiri təyin olunan Rövşən Abdullayev tabeliyindəki hərbçilərlə birlikdə çətin döyüş şəraitində mühüm vəzifələri yerinə yetirmişdir. Onun rəhbərlik etdiyi tağımın döyüşlərdə göstərdiyi şücaət gənc zabitin peşəkarlığını, qətiyyətini və məsuliyyət hissini nümayiş etdirirdi.

1990-cı illərin əvvəlləri Azərbaycan tarixinin ən ağır və mürəkkəb dövrlərindən biri idi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkəmizin ərazi bütövlüyü təhlükə altına düşmüş, Qarabağda və ətraf rayonlarda qanlı döyüşlər başlamışdı. Belə bir şəraitdə Vətənin müdafiəsinə qalxan igid oğullarımız doğma torpaqlarımızı qorumaq üçün həyatlarını təhlükəyə atırdılar.

Rövşən Abdullayev də bu çətin günlərdə öz hərbi borcunu şərəflə yerinə yetirən zabitlərdən biri idi. Onun rəhbərlik etdiyi tağımın döyüş fəaliyyəti və düşmənin Qafan rayonunda yerləşən hərbi obyektlərinin məhv edilməsində iştirakı qəhrəmanın mübarizə əzmini və hərbi bacarığını göstərirdi. O, döyüş meydanında yalnız komandir kimi deyil, həm də öz həyatını Vətənin taleyindən ayrı təsəvvür etməyən bir Azərbaycan övladı kimi davranırdı.

Rövşən Abdullayevin həyatının qəhrəmanlıqla yadda qalan səhifəsi Zəngilan rayonunun Qazançı kəndi istiqamətində gedən döyüşlə bağlıdır. 1992-ci il sentyabrın 13-də erməni faşistlərinin  Zəngilan rayonunun  Qazançı kəndinə  hücum zamanı  Rövşən döyüş yoldaşları ilə birlikdə hadisə yerinə yollanmışdır. Düşmənin güclü atəşi ilə üzləşən hərbiçilər ağır döyüşə girmişlər. Döyüş qaranlıq düşənə qədər davam etmişdir.

Həmin döyüşdə Rövşən Abdullayev şəxsi təhlükəsizliyini deyil, silahdaşlarının həyatını düşünmüş, onların mühasirədən çıxması üçün geri çəkilmələrini əmr etmişdir. Özü isə ağır yaralanmasına baxmayaraq, sonadək müqavimət göstərmişdir. Döyüş yoldaşları ağır yaralanan və çoxlu qan itirən komandirlərini  Zəngilan rayon mərkəzi xəstəxanasına çatdırsalar da, qəhrəmanın həyatını xilas etmək mümkün olmamışdır.

Beləliklə, cəmi 23 illik ömrə sığan bir həyat Vətən uğrunda fədakarlığın, mərdliyin və sarsılmaz iradənin nümunəsinə çevrilmişdir. Rövşən Abdullayevin döyüş meydanında göstərdiyi davranış onun komandir məsuliyyətini, insanlara bağlılığını və Vətən qarşısında borcuna sədaqətini aydın şəkildə nümayiş etdirir.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanına əsasən, Rövşən Əbdülhüseyn oğlu Abdullayev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Bu yüksək fəxri ad onun Vətən qarşısında xidmətlərinə, göstərdiyi igidliyə və fədakarlığa verilən dövlət qiymətidir.

Lənkəran şəhər qəbiristanlığında dəfn edilmişdir. Lənkəran şəhərində parkda büstü qoyulmuş və həmin park Rövşən Abdullayevin adını daşıyır. Lerik rayonunda onun adını daşıyan küçə mövcuddur, həmçinin rayonun mədəniyyət evi onun şərəfinə adlandırılmışdır. Lerik şəhərinin girişində Milli Qəhrəmanların xatirəsinə ayrılmış xüsusi güşədə onun büstü ucaldılmışdır. Bu ünvanlar yalnız bir qəhrəmanın adını yaşatmır, həm də gələcək nəsillərə Vətən sevgisinin, cəsarətin və mənəvi məsuliyyətin nə demək olduğunu xatırladır.

Milli Qəhrəmanların xatirəsini yaşatmaq keçmişi yad etməkdən daha böyük məna daşıyır. Bu, xalqın tarixi yaddaşını qorumaq, dövlətçilik ənənələrini möhkəmləndirmək və gənc nəsildə milli-mənəvi dəyərlərə bağlılıq formalaşdırmaq deməkdir. Rövşən Abdullayevin ömür yolu göstərir ki, qəhrəmanlıq insanın neçə il yaşaması ilə deyil, hansı dəyərlər uğrunda mübarizə aparması və arxasında hansı mənəvi iz qoyması ilə ölçülür.

Azərbaycanın müasir tarixi Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı və xalqımızın əzmkarlığı ilə sıx bağlıdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər xalqımızın illərlə davam edən mübarizəsinin, hərbi qüdrətinin və milli birliyinin təntənəsi oldu. Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaqlarımızın əhəmiyyətli hissəsi işğaldan azad edildi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə ölkəmizin suverenliyi bütün ərazimizdə tam bərpa olundu. 

Bu Zəfərin mənəvi təməlində Rövşən Abdullayev kimi qəhrəmanların fədakarlığı dayanır. Onların vaxtilə döyüş meydanlarında göstərdikləri müqavimət, Vətənə sədaqət və torpaq uğrunda mübarizə iradəsi sonrakı nəsillərin qəhrəmanlıq ruhunun formalaşmasına mühüm təsir göstərmişdir. Hər bir şəhidin adı Azərbaycanın azadlıq və Zəfər tarixinin ayrılmaz hissəsidir.    

Rövşən Abdullayevin xatirəsini Zəfər tariximizlə əlaqələndirmək onun həyat və mübarizə yolunun tarixi əhəmiyyətini daha aydın göstərir. O, müstəqil Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizənin ilk qəhrəmanlıq səhifələrini yazan igidlərimizdəndir. Bu gün azad torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız şəhidlərimizin müqəddəs arzularının, xalqımızın iradəsinin və dövlətimizin gücünün rəmzidir.

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi, polis leytenantı Rövşən Əbdülhüseyn oğlu Abdullayevin həyat və döyüş yolu Azərbaycan gəncliyi üçün əsl vətənpərvərlik nümunəsidir. Onun Vətənə qayıdaraq doğma torpağında xidmət etməsi, çətin döyüşlərdə göstərdiyi şücaət və son anadək silahdaşlarını qorumağa çalışması qəhrəmanlığın ən ali mənəvi keyfiyyətlərini özündə birləşdirir.

Zaman keçir, nəsillər dəyişir, lakin Vətən uğrunda canından keçənlərin xatirəsi xalqın yaddaşından silinmir. Çünki şəhidlər yalnız öz dövrlərinin deyil, bütün zamanların qəhrəmanlarıdır. Onların adları tarix kitablarında, abidələrdə, küçələrdə və ən əsası, xalqın qəlbində yaşayır.

Rövşən Abdullayevin adı  Azərbaycanın qəhrəmanlıq salnaməsində daim yaşayacaq. Onun ömür yolu bizə Vətəni sevməyin, onu qorumağın və dövlətimizin müstəqilliyini yaşatmağın nə qədər müqəddəs olduğunu xatırladır. Milli Qəhrəmanın xatirəsi Zəfər tariximizdə yaşayır, onun qəhrəmanlığı isə gələcək nəsillərə ötürülən əbədi vətənpərvərlik dərsidir.                                                    

Allah bütün şəhidlərimizə rəhmət eləsin! 

Elnurə Abdullayeva

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutu direktor köməkçisi, filologiya üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью