Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan xalqının taleyində mühüm rol oynayan 15 İyun – Milli Qurtuluş Günü dövlətçilik tariximizin ən əlamətdar səhifələrindən biridir. Bu gün ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında, sabitliyin bərqərar olunmasında və gələcək inkişaf yolunun müəyyənləşdirilməsində müstəsna əhəmiyyətə malikdir.
Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra ölkədə ictimai-siyasi vəziyyət getdikcə mürəkkəbləşdi. Müstəqilliyin ilk illərində Azərbaycan dərin iqtisadi böhran, siyasi qarşıdurmalar, idarəetmədə zəiflik və Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qalmışdı. Ölkədə xaos hökm sürür, müxtəlif silahlı qruplaşmalar dövlət hakimiyyətinə meydan oxuyurdu. Vətəndaş qarşıdurması təhlükəsi artır, müstəqilliyimizin taleyi ciddi təhlükə altında qalırdı.
Belə bir mürəkkəb şəraitdə xalq ölkəni böhrandan çıxara biləcək nüfuzlu siyasi liderə ehtiyac duyurdu. Azərbaycan xalqı öz xilaskarını Naxçıvanda fəaliyyət göstərən Heydər Əliyevdə görürdü. Xalqın təkidli tələbi ilə Ulu Öndər 1993-cü ilin iyununda Bakıya dəvət olundu və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi əbədiləşdi.
Ali Sovetin sədri seçildikdən sonra Heydər Əliyev çıxışında xalq qarşısında mühüm öhdəliklər götürdü:
“Mənə bu gün böyük etimad göstərdiyinə görə Milli Məclisin üzvlərinə, Azərbaycanın Ali Sovetinə minnətdarlığımı bildirirəm və sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm...”
Bu tarixi çıxışında Ulu Öndər Azərbaycanın dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi və inkişaf etdirməyi özünün ən əsas vəzifəsi elan etdi. O, sonrakı illərdə verdiyi vədə sadiq qalaraq ölkədə sabitliyin təmin olunmasına, dövlət idarəçiliyinin möhkəmlənməsinə və milli birliyin gücləndirilməsinə nail oldu. Ulu Öndərin fəaliyyətinin əsas qayəsini onun aşağıdakı fikirləri ifadə edirdi:
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır.”
Milli Qurtuluş həm də xalqın həmrəyliyinin rəmzinə çevrildi. Heydər Əliyevin rəhbərliyi ilə qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişi cəhdlərinə son qoyuldu, ölkədə sabitlik və əmin-amanlıq bərpa edildi. İlk parlament seçkiləri keçirildi, referendum yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Siyasi islahatlara başlanıldı, çoxpartiyalı sistem formalaşdırıldı və demokratik dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı.
Eyni zamanda Azərbaycanın beynəlxalq əlaqələri genişləndirildi, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başladı. Dövlətimizin beynəlxalq nüfuzu artdı, milli maraqlara əsaslanan xarici siyasət kursu müəyyənləşdirildi. Bu uğurlar Azərbaycanın gələcək inkişafının və güclənməsinin möhkəm təməlini yaratdı.
Milli Qurtuluşdan sonra başlanmış inkişaf yolu Azərbaycanı tarixi qələbələrə aparan yolun əsasını qoydu. Güclü dövlət quruculuğu, iqtisadi inkişaf, milli birlik və ordu quruculuğu gələcək uğurların əsas mənbəyinə çevrildi.
Elnur Əsədov
YAP Kəngərli rayon təşkilatının əməkdaşı