Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı
15 İyun ölkəmizdə Azərbaycan xalqının müasir tarixində mühüm siyasi və tarixi əhəmiyyətə malik olan Milli Qurtuluş Günü kimi qeyd edilməklə, dövlət müstəqilliyimizin qorunması, ictimai-siyasi sabitliyin bərpası və dövlətçilik ənənələrimizin möhkəmləndirilməsi baxımından xüsusi önəm daşıyan bir gündür. Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlı tarixi bir nailiyyətdir.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz mürəkkəb siyasi böhran, daxili qarşıdurmalar və dövlətçiliyin ciddi təhlükələrlə üzləşdiyi bir dövr yaşayırdı. 1993-cü ilin iyun ayında baş verən hadisələr Azərbaycanı vətəndaş qarşıdurması və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdur. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü.
Belə bir şəraitdə Azərbaycan xalqının tələbi ilə Ümummilli Lider Heydər Əliyev Bakıya qayıdaraq ölkənin siyasi rəhbərliyində təmsil olundu və 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisə ölkədə sabitliyin bərpası, vətəndaş qarşıdurmasının qarşısının alınması və dövlət idarəçiliyinin möhkəmləndirilməsi istiqamətində dönüş nöqtəsi hesab olunur. Ulu Öndərin siyasi təcrübəsi, dövlətçilik baxışı və qətiyyətli fəaliyyəti ölkədə yaranmış böhranın aradan qaldırılması üçün mühüm rol oynadı.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkədə siyasi sabitliyin təmin olunmasının və dövlət idarəçiliyinin bərpasının başlanğıcı kimi qiymətləndirilir. Həmin tarixdən etibarən Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməyə başlamışdır. Qısa zamanda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə vətəndaş qarşıdurmasının qarşısı alınaraq, qanunçuluq və ictimai asayiş təmin edildi, dövlət institutlarının fəaliyyəti gücləndirildi.
Heydər Əliyevin rəhbərliyi altında ölkədə dövlət idarəçiliyi möhkəmləndirildi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində mühüm islahatlara başlanıldı. Məhz həmin dövrdə milli ordu quruculuğu, iqtisadi inkişaf strategiyası və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində mühüm addımlar atıldı. Sonrakı illərdə qəbul edilən yeni Konstitusiya, çoxpartiyalı siyasi sistemin formalaşması və bazar iqtisadiyyatına keçid bu siyasətin nəticələri kimi qiymətləndirilir.
1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoymuş, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirmişdir. 1994-cü ildə imzalanan Əsrin Müqaviləsi Azərbaycanın iqtisadi inkişafında mühüm dönüş yaratdı ki, bu da ölkənin dünya iqtisadi sisteminə inteqrasiyasını gücləndirdi. Qurtuluşdan sonra dövlət quruculuğu prosesi sürətlənərək, demokratik institutların formalaşdırılması istiqamətində mühüm addımlar atılmağa başlandı. Nəhayət, Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilməklə beynəlxalq təşkilatlarda öz mövqeyini möhkəmləndirməyə nail oldu.
Bu gün Ölkə Başçısı cənab İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Bu siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır.
Milli Qurtuluş Günü Azərbaycanın müstəqil dövlət kimi inkişaf yoluna çıxmasının, milli həmrəyliyin güclənməsinin və gələcək tərəqqinin təməlini qoyan mühüm tarixi mərhələ kimi qiymətləndirilir. Sonrakı illərdə həyata keçirilən siyasi, iqtisadi və hüquqi islahatlar ölkənin inkişafına, beynəlxalq nüfuzunun artmasına və dövlət institutlarının güclənməsinə zəmin yaratmışdır.
Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə 15 İyun tarixi rəsmi olaraq Milli Qurtuluş Günü elan edilmiş və hər il ölkə miqyasında qeyd olunur. Bu əlamətdar gün Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli birlik və həmrəylik dəyərlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edir, ölkəmizə davamlı inkişaf, əmin-amanlıq, rifah və yeni uğurlar arzulayırıq. Bu tarixi gün dövlət müstəqilliyimizin qorunmasının, milli birliyin və güclü dövlətçilik ənənələrinin əhəmiyyətini bir daha xatırladır və gələcək nəsillərə çatdırılmasına xidmət edir.