Milli sənayemizi yeniləşdirən məkanlar

14.08.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu istehsalatlarda 184 rezident 7,1 milyard manatlıq məhsul buraxıb

Son illər ölkədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, regionların iqtisadi potensialından daha səmərəli istifadə olunması, eləcə də ölkənin ixrac imkanlarının artırılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Bu prosesdə müasir infrastruktura malik zonaların – sənaye parkları və məhəllələrinin yaradılması xüsusi diqqətdə saxlanılır. Sənaye zonaları ayrı-ayrı müəssisələrin fəaliyyət göstərdiyi ərazilər olmaqla bərabər, həm də getdikcə istehsal, logistika, innovasiya, xidmət və ixrac imkanlarını özündə birləşdirən yeni iqtisadi inkişaf platformalarına çevrilir.

Bu zonaların səmərəli fəaliyyəti nəticəsində respublikada sənaye istehsalı strukturunun şaxələndirilməsi, yüksək əlavə dəyər yaradan məhsul istehsalının genişləndirilməsi və sahibkarlıq subyektlərinin fəaliyyətinə əlverişli şəraitin formalaşdırılması kimi məsələlər artıq həll olunub. Eyni zamanda, sənaye zonalarında müxtəlif sahələr üzrə ixtisaslaşmış müəssisələrin fəaliyyət göstərməsi Azərbaycan iqtisadiyyatının yeni sənayeləşmə mərhələsinə daxil olduğunu göstərən mühüm amillər sırasında yer alıb.

Sənaye parkları və məhəllələrinin əsas üstünlüklərindən biri burada sahibkarların istehsal fəaliyyətinə başlayarkən, müəyyən çətinliklərlə üzləşməmələri məqsədilə hazır infrastrukturun qurulmasıdır. Başqa sözlə, elektrik enerjisi, qaz, su, kanalizasiya, fiber-optik rabitə, daxili avtomobil və dəmir yolu infrastrukturu kimi imkanların gerçəkləşdirilməsi investorun ilkin xərclərini azaltmaqla yanaşı, layihələrin daha qısa müddətdə reallaşdırılmasına əlverişli şərait yaradır. Bununla yanaşı, rezidentlər üçün tətbiq olunan vergi və gömrük güzəştləri sənaye zonalarının investisiya cəlbediciliyini daha da artırır.

Beləliklə, sənaye zonaları dövlətin sahibkarlığa dəstək siyasətinin konkret nəticələrinin özünü göstərdiyi mühüm iqtisadi məkanlardan birinə çevrilib. Burada yeni müəssisələrin yaradılması ilə yanaşı, həm də istehsal zəncirinin formalaşdırılması, yerli xammalın daha dərindən emal olunması, idxaldan asılılığın azaldılması və ixrac potensialının genişləndirilməsi qarşıya əsas vəzifə kimi qoyulub.

Yeni məşğulluq ünvanları

Hazırda Sumqayıt, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam, Hacıqabul, Balaxanı və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında, ümumilikdə, 184 rezident qeydiyyata alınıb. Həmin rezidentlər tərəfindən indiyədək 7,1 milyard manatdan çox investisiya cəlb edilib, 11 min 500-dən çox iş yeri yaradılıb. 2026-cı il iyulun 1-ə olan məlumata görə, sənaye parklarında 21,4 milyard manatlıq məhsul istehsal edilib, bunun da 6,7 milyard manatlıq hissəsi ixrac olunub.

Ölkəmizdə sənayeləşmə siyasətinin daha da dərinləşdirilməsi və regionların iqtisadi potensialının artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində yeni sənaye parklarının yaradılması da diqqətdə saxlanılıb. Gəncə şəhərinin və Şəmkir rayonunun inzibati ərazilərində yaradılacaq Qərb Sənaye Parkında infrastrukturun qurulması üçün texniki şərtlərin alınması prosesinə başlanılıb. Prezident İlham Əliyevin iştirakı ilə avqustun 11-də Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimi keçirilib. Mərasimdə sənaye parkının dövlət başçısının 2024-cü ildə imzaladığı fərman əsasında yaradıldığı bildirilib. Eyni zamanda, burada, ilk növbədə, ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, sonrakı mərhələdə isə xarici və daxili infrastrukturun, o cümlədən elektrik və istilik enerjisi, qaz, su, rabitə, nəqliyyat, istehsal, inzibati, sosial və digər obyektlərin yaradılması nəzərdə tutulub.

Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda 310 hektar ərazidə yerləşən bu sənaye parkına potensial sahibkarların cəlb olunması istiqamətində bir sıra layihələr üzrə danışıqlara başlanılıb. Burada kimya və qida sənayesi, tullantıların emalı, qara və əlvan metal emalı, tikinti materiallarının istehsalı, maşınqayırma, alternativ enerji, eləcə də yüngül sənaye – tekstil, geyim, mebel və s. əsas prioritet sahələr kimi müəyyən edilib.

Qərb Sənaye Parkı isə dövlət başçısının 2026-cı il 15 yanvar tarixli fərmanı ilə yaradılıb. Müəssisədə layihələndirmə işlərinin aparılması məqsədilə sənaye parkının tələbatına uyğun olaraq içməli su, texniki su, qaz və elektrik təchizatının təmin edilməsi ilə bağlı aidiyyəti qurumlardan texniki şərtlərin alınması istiqamətində müraciətlər edilib.

Hər iki sənaye zonasının yaradılması regionlarda qeyri-neft sektorunun inkişafına, yeni istehsal və xidmət sahələrinin formalaşmasına, eləcə də məşğulluğun artmasına mühüm töhfə verəcək. Bununla yanaşı, yerli xammal və resurslardan daha səmərəli istifadə imkanları genişlənəcək, kiçik və orta sahibkarlığın inkişafı təşviq olunacaq, regionların ixrac potensialı və investisiya cəlbediciliyi artacaq. Sənaye parklarının fəaliyyəti həm də müasir texnologiyaların tətbiqinə, innovativ istehsalın təşviqinə və regionlarda dayanıqlı iqtisadi inkişafın gücləndirilməsinə əlavə stimul yaradacaq.

Yatırımlara “yaşıl işıq”

İqtisadçı-ekspert Samir Heydərovun sözlərinə görə, respublikanın sənaye zonalarında istehsal olunan məhsulların ixrac coğrafiyası getdikcə genişlənib, qeyri-neft ixracının həcmi çoxalıb və yeni iş yerləri yaradılıb. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlayan sənaye parkları bölgələrin iqtisadi dirçəlişində və sənayeləşməsində fərqlənib. “Yaşıl transformasiya”, innovativ texnologiyaların tətbiqi və ixtisaslı kadr hazırlığı da sənaye siyasətinin əsas istiqamətləri sırasında yer alıb.

Sənaye zonalarının yaradılması zamanı Türkiyə, Cənubi Koreya, Çin və Avropa ölkələrinin müsbət təcrübələri öyrənilərək tətbiq olunub. Xarici və yerli investorların cəlb edilməsinin əsas üstünlükləri sırasında azad və şəffaf biznes mühiti, logistika dəhlizləri (BTQ, Orta Dəhliz, Bakı limanı), geostrateji yerləşmə və dövlət zəmanətli proqramlar yer alıb. Şübhəsiz ki, klaster yanaşılma, innovasiya əsaslı istehsal, ekoloji standartlara uyğun infrastruktur və dövlət – özəl sektor əməkdaşlığı kimi amillər də bu məsələdə diqqət mərkəzində saxlanılıb. Bu da həm dayanıqlı sənaye modelinin formalaşmasına, həm də ölkənin rəqabət üstünlüyünün artmasına səbəb olub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft sektorunun gücləndirilməsi, regionların iqtisadi potensialının reallaşdırılması və innovativ sənaye modelinə keçid prioritet istiqamətlər kimi müəyyən edilib. Sənaye zonalarına bu siyasətin icra mexanizmi kimi yanaşılıb və belə bir strategiya ölkədə müasir sənaye ekosisteminin formalaşmasına yönəldilib. Bu sahədə yüksək əlavə dəyər yaradan və rəqabətqabiliyyətli istehsalın təşviqi, ixracyönümlü sənayenin genişləndirilməsi, innovasiya və müasir texnologiyaların tətbiqi, eləcə də regionların balanslı sosial-iqtisadi inkişafının gerçəkləşdirilməsi məsələləri önə çəkilib.

Samir Heydərov daha sonra bildirdi ki, hazırda respublikada fəaliyyət göstərən sənaye zonalarına milyardlarla manat həcmində investisiya cəlb olunub, minlərlə iş yeri yaradılıb və sənaye məhsullarının istehsalında əhəmiyyətli artım müşahidə edilib. Bu göstəricilərlə sənaye zonalarının ölkənin sənayeləşmə strategiyasının həyata keçirilməsində mühüm vasitə kimi çıxış etdiyini bir daha təsdiqlənib. Sənaye parklarının regionlar üzrə yerləşdirilməsi zamanı hər bir ərazinin iqtisadi potensialı və ixtisaslaşma istiqamətləri nəzərə alınıb.

Məsələn, Pirallahı Sənaye Parkı əczaçılıq sənayesinin inkişafı üzrə ixtisaslaşıb və burada müxtəlif formalı və təyinatlı dərman vasitələrinin istehsalına başlanılıb. Mingəçevir Sənaye Parkı isə daha çox tekstil sənayesinə yönəldilib və pambıq emalı, iplik və parça istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr bir məkanda burada cəmləşdirilib. Sumqayıt Sənaye Parkının isə kimya və ağır sənaye sahələri üzrə ixtisaslaşması diqqətdə saxlanılıb.

Eyni zamanda, sənaye məhəllələri də regionların xüsusiyyətlərinə uyğun formalaşdırılıb. Belə ki, Neftçala Sənaye Məhəlləsində balıqçılıq, avtomobil və kənd təsərrüfatı texnikasının yığımına, Masallı Sənaye Məhəlləsində isə qida və yüngül sənaye məhsullarının istehsalına mühüm önəm verilib. Bu yanaşma ilə regionların mövcud resurslarından səmərəli istifadə edilməsinə və yerli istehsalın inkişafına əlverişli şərait yaradılıb.

Yeni sənaye zonalarının yerləşdiyi regionlar seçilərkən kompleks yanaşma tətbiq olunub. Bu zaman beynəlxalq nəqliyyat dəhlizlərinə çıxış, xammal bazasına yaxınlıq, enerji və mühəndis infrastrukturu, əmək resurslarının mövcudluğu, eləcə də regionun iqtisadi ixtisaslaşma potensialı əsas meyarlar kimi nəzərə alınıb. Məqsəd hər bir regionun üstünlüklərindən səmərəli istifadə etməklə davamlı və rəqabətqabiliyyətli sənaye mühitini formalaşdırmaq olub.

Bu baxımdan xüsusi əhəmiyyəti ilə diqqət çəkən və 640 hektar ərazini əhatə edən Sumqayıt Sənaye Parkında müxtəlif sənaye sahələrini cəmləşdirən böyük istehsal ekosistemi formalaşıb. Müəssisə fəaliyyətə başlayandan indiyədək rezident layihələrinin ümumi dəyəri 6,7 milyard manata, investisiya həcmi isə 5,5 milyard manata çatıb. Burada 6 mindən çox insan daimi işlə təmin olunub, rezidentlərin ümumi satış həcmi 15,4 milyard manata, ixracın həcmi isə 5,7 milyard manata yüksəlib. Bu göstəricilər Sumqayıt Sənaye Parkının təkcə Azərbaycanın deyil, bütövlükdə, regionun iri sənaye platformalarından birinə çevrildiyini göstərir.

Qarabağda sənayeləşmə

Rezidentlərin sayına görə, ölkənin sənaye zonaları arasında ikinci yerdə qərarlaşan Ağdam Sənaye Parkında 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Parkda fəaliyyət göstərən müəssisələrə investorlar tərəfindən 177 milyon manatdan çox investisiya yatırılıb, 1230 daimi iş yeri yaradılıb. Hazırda burada 12 müəssisənin səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli fərmanına əsasən yaradılan Ağdam Sənaye Parkı işğaldan azad edilən ərazilərdə sənaye potensialının reallaşdırılması, sahibkarlığın inkişafının təşviqi, investisiyaların cəlb edilməsi və dayanıqlı məşğulluğun təmin olunması kimi istiqamətləri əsas hədəf kimi seçib. Burada fəaliyyət göstərən “BAFCO İnvest” MMC cari ilin ilk yarısında Qazaxıstana 8 min cüt xüsusi təyinatlı işçi ayaqqabısı ixrac edib.

Şirkətin məhsul portfelində yer alan bütün modellər “EN ISO 20345” və “EN İSO 20347” beynəlxalq standartlarının tələblərinə uyğun sertifikatlaşdırılıb. Bu sertifikatlar sayəsində məhsulların təhlükəsizlik, keyfiyyət və etibarlılıq göstəriciləri beynəlxalq tələblərə uyğunlaşdırılıb. Bununla yanaşı, “BAFCO” brendinin Avropa İttifaqında da əmtəə nişanı kimi rəsmi qeydiyyatı reallaşdırılıb. Bununla da şirkətə Avropa bazarında öz brendi ilə fəaliyyət göstərmək, topdan və pərakəndə satışları həyata keçirmək, eləcə də beynəlxalq platformalarda məhsullarını təqdim etmək üçün geniş imkanlar yaradılıb.

Göründüyü kimi, sənaye zonalarının yaradılması regionlarda sahibkarlığın daha geniş təbəqəsinin sənaye istehsalına cəlb edilməsinə imkan verir. Eyni zamanda, kiçik və orta müəssisələrin daha böyük şirkətlərlə əməkdaşlığı üçün yeni imkanlar yaranır. Belə əməkdaşlıq gələcəkdə yerli təchizat zəncirlərinin formalaşmasını və sənaye klasterlərinin inkişafını şərtləndirir.

Sənaye zonalarının investisiya cəlbediciliyini artıran əsas amillərdən biri də dövlət tərəfindən yaradılan stimullaşdırıcı mexanizmlərdir. Rezidentlərin hazır infrastrukturla təmin olunması, vergi və gömrük güzəştləri, inzibati prosedurların sadələşdirilməsi və dövlət dəstəyi mexanizmləri sahibkarların layihələrini daha əlverişli şərtlərlə həyata keçirməsinə şərait yaradır. Belə ki, rezident qeydiyyata alındıqları tarixdən etibarən müəyyən müddət ərzində əmlak, torpaq və gəlir vergilərindən, istehsal məqsədilə idxal edilən texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV və gömrük rüsumlarından azad edilir. Bu güzəştlər istehsal müəssisələrinin yaradılması zamanı investisiya xərclərinin optimallaşdırılmasına və sahibkarın maliyyə yükünün azalmasına imkan verir.

Bu siyasətin nəticəsi olaraq sənaye parklarında investorların güzəştlərdən istifadəsi də genişlənir. İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, tətbiq edilən idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər tərəfindən indiyədək 560,5 milyon manatdan çox vəsaitə qənaət edilib. Belə stimullar xüsusilə kapital tutumlu sənaye sahələrinin inkişafında mühüm əhəmiyyət kəsb edir. Çünki yeni zavod və fabriklərin yaradılması böyük ilkin investisiya tələb edir. Dövlət tərəfindən verilən güzəştlər isə bu investisiyaların daha səmərəli istiqamətləndirilməsinə şərait yaradır.

Vaqif BAYRAMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью