Milli Tarix Muzeyində sərgi

02.07.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İyulun 2-də Milli Azərbaycan Tarixi Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Bakı. 1926: Dil, Fikir, Birlik” sərgisinin açılış mərasimi keçirilib.

Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə ərsəyə gələn layihənin məqsədi Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini, türk xalqlarının ortaq elmi-mədəni irsini və türkologiya elminin inkişaf mərhələlərini geniş ictimaiyyətə təqdim etməkdir.

Mərasimi giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, 100 il əvvəl qurultay iştirakçılarının irəli sürdükləri ideyaların yalnız həmin dövr üçün deyil, bu gün də Türk dünyasının mədəni inteqrasiyasının əsas istiqamətlərindən biri olduğu daha aydın görünür. Əlifba və orfoqrafiya, terminologiya, tədris və metodika, ortaq ədəbiyyat kimi mühüm məsələlər üzrə qəbul edilən qərarlar və irəli sürülən təkliflər bu gün də öz aktuallığını qoruyur.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında qeyd edib ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay təkcə Azərbaycanın deyil, bütövlükdə, Türk dünyasının elm və mədəniyyət tarixində mühüm dönüş nöqtəsi olub. Onun sözlərinə görə, qurultay ortaq dil, mədəniyyət və elm sahəsində əməkdaşlığın möhkəmlənməsinə, türkologiya elminin inkişafına mühüm töhfələr verib. O vurğulayıb ki, ortaq tarixi yaddaşı yaşadan və xalqlar arasında mədəni bağları möhkəmləndirən bu cür layihələrin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bildirib ki, Birinci Türkoloji Qurultay Türk dünyasının intellektual tarixində mühüm mərhələ olmaqla, ortaq dil, mədəniyyət və elmi əməkdaşlıq ideyalarının formalaşmasına güclü təkan verib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Sərginin ekspozisiyasında türk xalqlarının ortaq mədəni kökləri, XIX–XX əsrlərdə əlifba islahatları, Azərbaycan Xalq Cümhuriyyətinin dil siyasəti, Yeni Türk Əlifbası hərəkatı, 1926-cı il Birinci Türkoloji Qurultayı, 1937–1938-ci illərin repressiyaları, eləcə də müstəqillik dövründə Türk dünyasının yenidən inteqrasiyası kimi mühüm tarixi mövzular əksini tapıb.

Qabil ƏLİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью