Milli tariximizin yeraltı kökləri

25.11.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Çöl tədqiqat ekspedisiyalarının mövsümi fəaliyyəti

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu fəaliyyət göstərdiyi onilliklər ərzində ölkəmizdə arxeoloji və antropo­loji araşdırmalar sahəsində mühüm nailiyyətlər qazanıb. Hazırda institutun elmi-tədqiqat işlərinin müasir gündəmin tələbinə daha dolğun cavab verən sə­viyyədədir. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olunandan sonra Qafqaz Albaniyasının maddi-mədəni irsi kompleks şəkildə araşdırılır, rəqəmsal texnologiyalar tətbiq edilir, institutun beynəlxalq əlaqələri daha da genişləndirilir. Arxeoloji tədqiqatlar, eyni zamanda, ölkəmizin turizm imkan­larının genişlənməsinə töhfə olmaq baxımından önəmlidir.

İnstitutun direktoru – tarix üzrə fəl­səfə doktoru Fərhad Quliyevdən cari eks­pedisiya mövsümünün əsas uğurları barədə aldığımız müsahibəni təqdim edirik. 

– Fərhad müəllim, ilin əsasən əlverişli hava şəraitinə təsadüf edən son arxeoloji və antropoloji tədqiqatlarını necə səciy­yələndirərdiniz?

– Bəri başdan deyim ki, 2026-cı ilin çöl tədqiqatları mövsümi Azərbaycanın qədim tarixinin bir neçə mühüm səhifəsini yenidən oxumağa imkan verdi. Xocavənddə Azıx və Tağlar mağaralarında qədim insanların həyatına dair araşdırmalar davam etdirildi. Qəbələdə Qafqaz Albaniyasının maddi mə­dəni irsi və orta əsr şəhərinin necə müdafiə olunduğunu göstərən yeni məlumatlar əldə edildi. Bu il ilk dəfə Kəlbəcərdə Xudavəng monastırında tədqiqatlara başlanıldı. 

Keşikçidağ qoruğu ərazisində Sarı­yoxuş 4 saylı kurqanın tədqiqi də mövsü­mün diqqətçəkən işlərindəndir. Kurqandan tapılan diorit toppuz başlığı, tunc xəncər, obsidian və çaxmaqdaşı ox ucluqları qədim dəfn adətləri və həmin dövrün maddi mədə­niyyəti haqqında təsəvvürümüzü zənginləş­dirir. Qazıntının nəticələrinə bir sıra xarici arxeologiya və tarix platformalarının ayrıca material həsr etməsi Azərbaycan arxeoloq­larının işini daha geniş oxucu auditoriyası­na çatdırdı. Həmçinin Füzulidə və İmişlidə dəmir dövrünə aid kurqan tipli qəbir abi­dələri, öyrənildi. 

Mövsümün digər mühüm istiqaməti so­sial antropoloji çöl tədqiqatları idi. İnstitu­tun əməkdaşları Oğuz şəhərində və rayonun 10 kəndində, həmçinin İsmayıllı rayonu ərazisində sakinlərlə görüşüb, müsahibələr aparıb, müşahidələrini qeydə alıblar. Bu söhbətlərdə kənd həyatının son onilliklər­də necə dəyişdiyi, ailə münasibətlərinin və adətlərin necə yeniləndiyi, miqrasiyanın yerli icmaların gündəlik həyatına necə təsir etdiyi araşdırılıb. Bu materialların dəyəri ondadır ki, dəyişiklikləri həmin prosesləri yaşamış insanların öz dilindən öyrənirik. Tədqiqatlar həm də Azərbaycanın etnik rəngarəngliyini və tarixən formalaşmış to­lerantlığını elmi çevrələrdə tanıdır.

Arxeologiyanın rəqəmsallaşdırılması sahəsində, xüsusilə arxeoloji irsin rəqəm­sal sənədləşdirilməsində də irəliləyiş oldu. Bu il aprelin sonu və mayın əvvəllərində türkiyəli mütəxəssislərlə nəzəri təlimlər keçirildi. Avqust ayında isə türk hamkar­larla Ağstafa, Şəmkir, Gədəbəy, Tovuz rayonlarında keçirilən praktiki təlimlərdə əməkdaşlarımız qazıntı sahələrinin üçölçü­lü təsvirlərinin emalı və LİDAR vasitəsilə tapıntıların, qazıntı ərazilərinin və abidələ­rin 3D modellərinin hazırlanması üzərində çalışıblar. Azərbaycanda bu texnologiyala­rın mənimsənilməsi üzrə təlimlər ilk dəfə keçirilib.

Qeyd edim ki, qazıntı irəlilədikcə sahə­nin görünüşü dəyişir. Buna görə onun ay­rı-ayrı mərhələlərinin üçölçülü təsvirini saxlamaq gələcək tədqiqatçıya həmin sahə­ni yenidən nəzərdən keçirmək və ölçüləri yoxlamaq imkanı verir.

Yeri gəlmişkən, arxeologiya və ant­ropologiya üzrə gənc milli kadrların ye­tişdirilməsi fəaliyyətimizin prioritet is­tiqamətlərindəndir. Bunun üçün institutun muzey-sərgi zalında 2 ildən bəri fəaliyyət göstərən muzey bələdçiliyi üzrə könül­lülük proqramının gənc iştirakçılarından ibarət arxeoloji dərnək yaradılıb. Arxeo­loji tədqiqatlara həm dərnək üzvləri, həm də müxtəlif universitetlərin tələbələri cəlb edilməkdədir. Həmçinin bu il Gürcüstanda müxtəlif ölkələrin gənc alim və tələbələri­ni bir araya gətirən beynəlxalq yay məktə­bində Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanı gənc arxeoloqlardan ibarət komanda təmsil edib. Türkiyədə təşkil olu­nan digər bir arxeoloji yay məktəbinə də institutun gənc əməkdaşları və doktorantla­rından ibarət qrupumuz qatılıb. 

– İnstitut beynəlxalq və yerli elmi təd­birlərdə necə təmsil olunub?

– Bu il Azərbaycan arxeoloqlarının bölgələrdə apardığı tədqiqatlar bir sıra beynəlxalq elmi müzakirələrin mövzusu oldu. Qaziantepdə keçirilən Türk Dünyası Arxeoloji Qazıntılarının Nəticələrinə dair I Beynəlxalq Toplantıda əməkdaşlarımız Qarabağın Neolit yaşayış yerlərindən, Go­ranboyun Tunc və İlk Dəmir dövrlərinə aid dəfn abidələrindən, Naxçıvanın orta əsr ir­sindən, Şamaxının Gülüstan qalasından və Səlcuq dövrü Şəmkirindən bəhs ediblər. Bu məruzələr müxtəlif ölkələrin mütəxəssis­lərinə Azərbaycan materialları ilə tanış ol­maq və onları öz tədqiqatlarının nəticələri ilə müqayisə etmək imkanı verdi. Toplantı­nın Azərbaycan üçün əhəmiyyətli nəticələ­rindən biri isə növbəti görüşün 2027-ci ildə ölkəmizdə keçirilməsi ilə bağlı qərar oldu. 

Cari ildə institutun apardığı tədqiqatlar bir çox ölkələrdə təşkil olunmuş nüfuzlu elmi konfrans və simpoziumlarda təqdim olundu. Bu yaxınlarda qədim Qəbələnin Səlbir yaşayış yeri ilə bağlı tədqiqatlar isə Beynəlxalq İslam Arxeoloji Konfransında sərgiləndi. Avqustda Yunanıstanın paytax­tı Afinada keçirilən Avropa Arxeoloqları Assosiasiyasının 32-ci illik toplantısında Azərbaycan təmsilçilərinin iştirakı ölkənin arxeoloji irsinin və aparılan elmi-tədqiqat­ların beynəlxalq elmi ictimaiyyətə təqdim edilməsi baxımından böyük önəm daşıyıb.

İnstitut əməkdaşları, həmçinin Türkiyə, Qazaxıstan, Almaniya, Macarıstan və digər ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda iştirak ediblər. Mən xüsusilə Macarıstanın Bugaç şəhərində düzənlənən Türk dünyasının Arxeologiya Elmi-Tədqiqat İnstitutları və Mərkəzləri Assosiasiyasının (ARICA) 3-cü iclasını qeyd edərdim. Belə ki, iclas türk dövlətləri arasında arxeologiya və tarixi irsin qorun­ması sahəsində əməkdaşlığın praktiki mər­hələsinə keçilməsinə və birgə beynəlxalq layihələrin hazırlanmasına həsr olunub. 

Azərbaycanda keçirilən tədbirlər ara­sında professor Hidayət Cəfərovun 80 il­liyinə həsr olunmuş “Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında” beynəlxalq konfransı xüsusi yer tutdu. Konfrans Qara­bağda müxtəlif nəsil arxeoloqların apardıq­ları tədqiqatları bir araya gətirdi və bölgədə yeni araşdırmaların hansı istiqamətlərdə davam etdirilə biləcəyini müzakirə etmək imkanı yaratdı. Bakı Dövlət Universitetinin tarix fakültəsi ilə birgə keçirilən “Arxeo­logiya, etnologiya və antropologiyanın ak­tual məsələləri” respublika konfransı da bu sahələrin mütəxəssislərini bir araya topladı. Naxçıvanda keçirilən NASCO29 konfran­sında isə Azıx mağarasında aparılan bey­nəlxalq tədqiqatların nəticələri və tətbiq olunan üsullar gənc tədqiqatçılara təqdim olundu.

Sözsüz ki, institut əməkdaşlarının bey­nəlxalq elmi tədbirlərdə onlayn iştirakı daha çoxdur.

– Azərbaycanda aparılan arxeoloji tədqiqatlarda hansı ölkələrin mütəxəssis­ləri iştirak edirlər?

– Yadınızdadırsa, 2021-ci ilin martında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş ərazilərimizi ziyarət edərkən Azıx mağarası önündə bu sözləri demişdi: “Azıx mağarasını azərbaycanlı alim aşkar­layıb. Azıx mağarası Azərbaycan ərazi­sində yerləşir. Bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar”. Onun bu arzu və tövsiyəsi ar­tıq gerçəkləşmişdir. 

2025-ci ildən etibarən Azıx mağara­sında, eləcə də Tağlar mağarasında geniş tərkibli Azərbaycan–Almaniya, Azərbay­can–Danimarka, Azərbaycan–Yaponiya beynəlxalq arxeoloji ekspedisiyaları fəaliy­yət göstərməkdədirlər. Bu ekspedisiyaların tərkibində Türkiyə, Pakistan, ABŞ, Slo­veniya, Norveç, Danimarka, Portuqaliya, Polşa və Yaponiyadan olan mütəxəssislər çalışırlar. Sevindirici hal budur ki, Qarabag Universiteti də Azıxda aparılan tədqiqatlar­da iştirak edir. Həmin universitetin Azıxda aparılan arxeoloji tədqiqat işlərinə inteqra­siyası iki təşkilat arasında imzalanmış me­moranduma əsasən təmin edilmişdir. 

Gələcəkdə Qarabag Universitetindən daha çox tələbənin qazıntılarda iştirakını gözləyirik. Həmçinin eyni əməkdaşlıq Bakı Dövlət Universiteti ilə təşkil olunmuşdur. Cari ildə orta əsrlər tariximizin parlaq şəhərlərindən olan qədim Şəmkir qalanın arxeoloji qazıntılarında BDU tarix fakültə­sinin tələbələri iştirak etmişdilər. Ümu­miyyətlə, ali təhsil ocaqlarının ölkəmizdə aparılan arxeoloji tədqiqat işlərində iştirakı və birgə layihələr üzərində əməkdaşlığın təşkili bizim institutun əsas prioritetlərinə daxildir. 

Bu il Qəbələdə Azərbaycan–Koreya, Yardımlıda Azərbaycan–ABŞ, Ağcabədidə və Ağstafada Azərbaycan–Almaniya, Füzu­lidə Azərbaycan–Koreya–İsveçrə, İmişlidə Azərbaycan–Qazaxıstan–Türkiyə–Koreya birgə ekspedisiyaları fəaliyyət göstərib. Ar­tıq 3 ildir ki, Türkiyənin İğdır bölgəsində Türkiyə–Azərbaycan beynəlxalq arxeoloji ekspedisiyası tədqiqatlar aparır.

– Bu il hansı arxeoloji abidələr ilk dəfə qeydə alınıb və nə kimi mühüm tapıntılar üzə çıxıb?

– Bölgələrimizdə fəaliyyət göstərən ekspedisiyalarımız, demək olar ki, hər il yeni-yeni arxeoloji abidələr aşkar edib qey­də alır. Bu il əsasən yeni abidələrin qeydə alınması işğaldan azad olunmuş ərazilərlə bağlıdır. Belə ki, həmin ərazilərdə ölkəmi­zin tarixi keçmişinə aid müxtəlif abidələrə rast gəlinir və onların tədqiqi bu günədək bizə məlum olmayan bir çox sualların ca­vabının tapılmasına şərait yaradacaq. Bu baxımdan cari ildə Şuşa və ətrafında yeni arxeoloji abidələrin aşkar edilməsi və Kəl­bəcərdə Qafqaz Albaniyası dövrünə aid Zar nekropolunda tədqiqatlar aparılması buna misal ola bilər. 

– Arxeoloji tədqiqatlar turizmin inki­şafına necə töhfə verə bilər?

– Arxeoturizm bir sıra ölkələrdə, məsələn, Türkiyədə, Gürcüstanda, Yuna­nıstanda turizmin əsas istiqamətlərindən biridir. Əcnəbi ziyarətçilər nəinki arxeo­loji qazıntıları birbaşa izləyə bilirlər, hət­ta, bu qazıntılarda iştirak da edirlər. Digər tərəfdən qədim yaşayış məskəninin və ya möhtəşəm bir abidənin ətrafında yaradıl­mış arxeopark və ya qədim məskənin bərpa edilmiş modeli müasir turizmin ən çox zi­yarət olunan məkanlarından biridir. 

Azərbaycanda hələ ki, bu sahə inkişaf etməyib. Lakin bu istiqamətlərdə ilkin la­yihələndirmələr var. Məsələn, Azıx mağa­rasında bu məsələ xüsusilə əhəmiyyətlidir. Mart ayında mağaranın infrastrukturunun inkişaf konsepsiyası hazırlanıb. Belə bir abidədə ziyarət marşrutu elə qurulmalıdır ki, insanlar mağaranın tarixini öyrənə bil­sin, arxeoloji təbəqələr qorunsun və elmi iş davam etsin. Həssas sahələri muzey ekspo­zisiyası və üçölçülü modellər vasitəsilə də göstərmək mümkündür. 

Beləliklə, Azıxı ziyarət edənlər mağa­ranı görməklə yanaşı, arxeoloqların orada qədim insanın izlərini necə müəyyənləş­dirdiyini də anlaya bilərlər. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə bir­likdə bu istiqamətdə çox ciddi işlər aparılır. Azərbaycan Respublikası Prezidentinin bu il oktyabr ayının 21-də “Azıx-Tağlar Arxe­oloji Parkı” Dövlət Qoruğunun yaradılması haqqında imzaladığı sərəncam isə gələcək­də arxeoloji dəyərlərin yerli və beynəlxalq səviyyədə təbliğinə geniş şərait yaradacaq. 

Hazırladı:
Əli NƏCƏFXANLI 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью