Milli təhsilin yenilənmiş dərslikləri

02.09.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çağdaş dəyər və anlayışlar indiki nəsillərə necə aşılanır?

Ümumi orta təhsil müəssisələrində istifadə olunan dərsliklərin yenilənməsi təhsil prosesinin mühüm tərkib hissəsidir. Mövcud yanaşmaya əsasən, ümumi təhsil müəssisələrində istifadə olunan dərsliklər bir qayda olaraq, 4 ildən bir təkmilləşdirilir.

Bu zaman tədris proqramlarının tələb­ləri və müəllimlərin təklifləri də nəzərə alınır. Təkmilləşdirmənin 4 ildən bir apa­rılmasının əsas səbəblərindən biri tədris prosesində vahidliyin qorunmasıdır. Dəyi­şiklik vaxtından tez olarsa, yaxın illərdə təhsil alan şagirdlərin mənimsədiyi məlu­matlar arasında fərqlər yaranar, müəllim isə eyni mövzu üzrə fərqli məzmunlu dərs­liklərlə işləməli olar. 4 illik müddət həm də dərsliklərin sınaqdan keçirilməsi baxı­mından əhəmiyyətlidir. Tədris prosesində müəllimlər dərsliklərdən istifadə etdikcə onların məzmununda müxtəlif məqamları, izahların təkmilləşdirilməsinə ehtiyac olan hissələri və ya müəyyən qüsurları aşkar edirlər. Bu müddət ərzində toplanan təc­rübə və rəylər ümumiləşdirilir, dərsliklə­rin məzmunu yenidən müzakirə olunur və zəruri dəyişikliklər müəyyən edilir. Daha sonra əsaslı təkmilləşdirilmiş dərsliklər qanunvericiliyin və mövcud prosedurların tələblərinə uyğun olaraq nəşrə hazırlanır.

Elm və Təhsil Nazirliyinin məluma­tında bildirilir ki, 2026-2027-ci tədris ilində bir neçə dərslik yenilənəcək. Belə ki, yeni tədris ilində IV siniflər üçün “Hə­yat bilgisi”, VII siniflər üçün “Azərbaycan dili” “Riyaziyyat”, “İngilis dili”, “Azər­baycan tarixi”, VIII siniflər üçün “Coğrafi­ya”, IX siniflər üçün “Biologiya”, “Fizika” və digər dərsliklər yenilənmiş məzmunda olacaq.

Dərsliklərin yenilənməsində əsas məqsəd şagirdlərdə nəzəri biliklərin for­malaşdırılması ilə yanaşı, həmin biliklərin real həyat situasiyalarda tətbiqi, problem həlletmə, tədqiqat aparma, tənqidi və ya­radıcı düşünmə bacarıqlarının inkişaf et­dirilməsidir. Eyni zamanda, yeni nəşrlərdə oxu, riyazi, elmi, media və informasiya savadlılığın inkişafına xidmət edən tapşı­rıqların sayı artırılmış, ekoloji məsuliyyət, rəqəmsal bacarıqlar, kibertəhlükəsizlik kimi müasir və aktual məlumatlar məzmu­na daha sistemli şəkildə inteqrasiya edil­mişdir. 

Müasir dövrdə əsas vəzifələrdən biri şagirdə hazır məlumat ötürməklə yanaşı, onun həmin məlumatı təhlil etmək, düz­gün mənbə seçmək, müstəqil düşünmək, rəqəmsal mühitdə təhlükəsiz davranmaq və gündəlik həyatda tətbiq edə biləcəyi bacarıqlar formalaşdırmaqdır. Ölkəmizdə son dövrlərdə dərsliklərin məzmununda bu istiqamətdə yeniliklər tətbiq olunur. Tədris resurslarının idarə olunması sistemində 7-ci sinif üçün Azərbaycan dili, riyaziyyat və ingilis dili kimi fənlər üzrə yenilənmiş dərsliklərin təqdim edilib. 

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi bildirdi ki, Elm və Təhsil Nazir­liyi bir sıra dərsliklərdə müəyyən dəyi­şikliklər edib:

– Bir sıra fənlər üzrə dərsliklərdə ye­niliklər var. Əsas məqsəd şagirdlərin tədqiqatçılıq, tənqidi təfəkkür və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsidir. Çünki müasir təhsil modelində şagirdin yalnız “nə bilir?” deyil, “bildiyini necə tətbiq edir?”, “məlumatın doğru olub-olmadığı­nı necə müəyyənləşdirir?” və “qarşılaşdı­ğı problemin həlli üçün hansı yanaşmanı seçir?” sualları ortaya çıxır. Diqqətçəkən mühüm məqamlardan biri də yenilənmiş dərsliklərdə müxtəlif funksional savadlılıq istiqamətlərinin öz əksini tapmasıdır.

Bunların sırasında ekoloji, media, ma­liyyə savadlılığı, kibertəhlükəsizlik, süni intellekt və digər istiqamətlər yer alır. Bu, məktəb təhsilinin klassik “fənn–mövzu–imtahan” modelindən daha geniş praktiki yanaşmaya doğru dəyişməsinin göstəri­cilərindəndir. Məsələn, media savadlılığı şagirdin internetdə qarşılaşdığı informa­siyanı avtomatik olaraq doğru qəbul et­məməsini, mənbəni yoxlamasını, faktla rəyi ayırmasını, yanlış və ya manipulyativ məlumatları müəyyənləşdirməsini nəzərdə tutur. UNESCO da media və informasiya savadlılığını müasir təhsilin mühüm is­tiqamətlərindən biri hesab edir. Təşkilatın yanaşmasına görə, bu bacarıqlar insanla­ra kommunikasiya məzmunu, onu yayan institutlar və rəqəmsal texnologiyalarla səmərəli şəkildə işləməyə imkan verir. 

Dünyada təhsil məzmununun ən sürət­lə dəyişən istiqamətlərindən biri isə süni intellektlə bağlıdır. Şagirdlərin süni intel­lekt alətlərindən istifadə etməsindəki əsas məsələ uşaqların onun imkanlarını, məh­dudiyyətlərini və risklərini anlamasıdır. UNESCO-nun 2024-cü ildə hazırladığı “Şagirdlər üçün süni intellekt üzrə kom­petensiyalar çərçivəsi” sənədində məktəb şagirdləri üçün 12 praktik bacarıq 4 əsas istiqamətdə qruplaşdırılır: insanmərkəzli yanaşma, süni intellekt etikası, texnikala­rı və tətbiqləri, eləcə də süni intellekt sis­temlərinin dizaynı. Bu yanaşmalar anlama, tətbiqetmə və yaratma səviyyələri üzrə inkişaf etdirilir. Avropa Komissiyasının 2026-cı ildə təqdim etdiyi süni intellekt və media savadlılığı çərçivəsi də eyni is­tiqamətdədir. Sənəddə vurğulanır ki, şa­girdlər süni intellekt sistemlərinin necə iş­lədiyini anlamalı, onların verdiyi nəticələri qiymətləndirməlidirlər.

Digər mühüm istiqamət maliyyə sa­vadlılığıdır. Şagirdin pul, büdcə, gəlir, xərclər, kredit, qənaət və maliyyə riskləri haqqında ilkin təsəvvürlərə malik olması onun gələcəkdə müstəqil həyata hazırlığı­nın bir hissəsidir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PISA) 2022 maliyyə savadlılığı nəticələrinə görə, qiymətləndirilən 14 OECD ölkəsində 15 yaşlı şagirdlərin orta hesabla 18 faizi ma­liyyə savadlılığının baza səviyyəsinə belə çatmayıb. Məktəbdə əməkhaqqı, büdcə və bank krediti kimi maliyyə terminlərini öyrəndiyini bildirən şagirdlərin maliyyə savadlılığı nəticələri isə daha yüksək olub.

Ekoloji savadlılığın dərsliklərdə daha geniş əks olunması da qlobal təhsil ten­densiyalarına uyğundur. Müasir təhsilin məqsədi insan fəaliyyəti ilə təbiət ara­sındakı əlaqəni anlamaq, resurslardan səmərəli istifadə etmək, tullantıların azal­dılması, iqlim dəyişmələri və dayanıqlı inkişaf kimi məsələlər haqqında düşünmək bacarığı formalaşdırmaqdır. Dünya təhsil sistemlərində artıq şagirdin məlumatı əz­bərləməsindən daha çox, həmin məlumatla nə edə bildiyi ön plana çıxır.

Məsələn, Finlandiya nümunəsində me­dia təhsili çərçivəsində şagirdlər dezinfor­masiya, təbliğat, reklam və manipulyativ statistik məlumatların necə istifadə olun­duğunu öyrənir, hətta öz media məhsul­larını hazırlayaraq onları həmyaşıdlarının təhlilinə təqdim edirlər.

Azərbaycanın Tədris Resurslarının İdarə Olunması Məlumat Sistemində artıq yenilənmiş dərsliklərin müxtəlif sinif və fənlər üzrə təqdim olunması da bu prose­sin praktiki tərəfini göstərir. Məsələn, 7-ci sinif üçün Azərbaycan dili və riyaziyyat dərsliklərinin yeni nəşrləri sistemdə yer­ləşdirilib.

Ləman TƏHMƏZ

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью