futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
UEFA Millətlər Liqasının D2 qrupunda mübarizə aparan Azərbaycan millisi noyabrın 13-də mövsümün son matçına çıxacaq. Lixtenşteynlə keçiriləcək bu qarşılaşma komandamızın taleyini müəyyənləşdirəcək kritik sınaqdır.
Qrupda cəmi 3 komanda yer aldığından dördüncü oyunumuzla turnir cədvəlinə “nöqtə qoyacağıq”. Keçirdiyi 3 oyunda məğlub olmayan milli komandamız 1 qələbə və 2 heç-heçə edib. Bu qarşılaşmalarda 2 qol vurub, qapısında isə cəmi 1 top görüb. Növbəti mövsümdən D Liqasının ləğv ediləcəyini və bütün komandaların avtomatik C divizionuna qalxacağını nəzərə alsaq, qrup birinciliyi ilk baxışdan formal xarakter daşıya bilər. Lakin əvvəlki yazımızda da qeyd etdiyimiz kimi, Millətlər Liqasının mürəkkəb reqlamenti bizə AVRO-2028-in pley-off mərhələsinə adlamaq üçün imkan yaradır.
Şansımız nə qədərdir?
Qaydalara əsasən, A, B və C Liqalarının təmsilçiləri Avropa çempionatının əsas seçmə mərhələsində ilk iki yeri tutaraq turnirə birbaşa vəsiqə qazanarsa, pley-offda boş qalan yer zəncirvari şəkildə aşağı ötürülür. Bu ehtiyat kvotadan yararlanmaq hüququ isə yalnız D Liqasının ən yaxşı göstəriciyə malik qrup qalibinə çatır.
“Football Meets Data” analitik portalının son araşdırmasına görə, Azərbaycan millisinin həmin şansı əldə etmək ehtimalı 15-30 faiz civarında dəyərləndirilir. Amma bu ssenarinin gerçəkləşməsi üçün ilk növbədə D Liqasının ümumi reytinqində “1 nömrəli” komanda olmalıyıq.
Liqanın zirvəsində qərarlaşmaq uğrunda əsas rəqibimiz D1 qrupunda mübarizə aparan Maltadır. Adalılar 3 oyuna 7 xal toplayıblar (2 qələbə, 1 heç-heçə; top fərqi – 4:2). Maraqlıdır ki, Malta yeganə xal itkisini noyabrın 16-da son sınaqda qarşılaşacağı Cəbəllütariqlə matçda yaşayıb (1:1).
Debütantlar sevindirir, biticilik üzür
Ayxan Abbasovun rəhbərliyi altında milli bu mövsüm daha aktiv, topa nəzarət edən və yüksək tempə söykənən hücum futbolu nümayış etdirir. Oruc Məmmədov və Rüfət Abbasov kimi gənclərin heyətə inteqrasiyası komandaya ayrı dinamika qatıb. Xüsusilə Oruc Litva ilə matçda (1:0) debüt etməsinə baxmayaraq, meydanın ən yaxşılarından birinə çevrilmişdi.
Lakin millinin sağalmaz dərdi hücum xəttindəki biticilik problemidir. Lixtenşteynlə Bakıdakı qolsuz bərabərlikdə vurulan 25 zərbədən cəmi 2-sinin real təhlükə yaratması bunun əyani sübutudur. Ardınca Litvanı 1:0 məğlub etməyi bacarsaq da, həlledici epizodların dəyərləndirilməsində soyuqqanlılıq hələ də çatışmır.
Nə etməliyik?
Noyabrın 13-də keçiriləcək görüşdə sadəcə 3 xal almaq kifayət etməyə bilər, bizə top fərqi də lazımdır. Maltanı geridə qoyub D Liqasının “1 nömrəsi” olmaq üçün qarşımızda iki əsas ssenari var.
Birinci halda, əgər Malta noyabrın 16-da Cəbəllütariqlə heç-heçə edərsə, biz Lixtenşteyni ən azı 2 qol fərqi ilə (məsələn, 2:0 və ya 3:1) məğlub edib ümumi top fərqində onları üstələmiş olmalıyıq. İkinci halda isə rəqibimiz Cəbəllütariqə uduzarsa, minimal hesablı qələbə də D Liqasının ən yaxşı komandası olmağımızı təmin edəcək.
Noyabrın 13-də millimiz üçün “tamam, ya davam” olacaq. İndi bütün diqqət bu matçdakı maksimum nəticəyə və hücum xəttindəki kəsərli oyuna yönəlməlidir.
Ayxan Zayıdzadə