futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Oktyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə “Neftçi” və “Spartak Vilnüs” (Litva) komandaları arasında yoldaşlıq oyunları keçirildi. Veteran futbolçuların duelində Azərbaycan komandası qələbə qazandı – 10:9.
Görüşdə “Neftçi”nin heyətini qoruyan keçmiş qapıçı Hüseyn Məhəmmədov “Futbolpress.az”ın suallarını cavablandırdı:
– Uzun müddət sonra yenidən yaşıl meydanda futbolçu kimi olmaq necə hissdir?
– Veteranların futbolu hər zaman yaxşı olur, köhnə xatirələr yada düşür. Bunlar dostluq matçlarıdır. Bizim kimi keçmiş oyunçularda pozitiv əhval yaradır. Hər bir futbolçu karyerasını bitirsə də, daim meydanda olmağı arzulayır. Təşkilatçılara təşəkkür edirəm, hər şey yüksək səviyyədə idi. Bizə – veteranlara diqqət göstərirlər, sağ olsunlar. Çalışırlar ki, futbol camiəsində olanlar yaşıl meydanlardan uzaqlaşmasınlar.
– Eyni gündə həm veteranlar qazandı, həm də Azərbaycan milli komandası Litvaya qalib gəldi. Matçı izlədinizmi? Təəssüratlarınız necədir?
– Lixtenşteynlə heç-heçədən sonra təzyiqlər daha da artdı. Buna baxmayaraq, futbolçular məsuliyyəti başa düşdü və Litva ilə vacib oyunda qələbə qazandılar.
– Milli qısa zamanda 4 oyun keçirdi, 2 qələbə qazandı, 2 dəfə heç-heçə etdi. Bu görüşlərdə hansı çatışmazlıqları müşahidə etdiniz?
– Millidə əsas problem yerli oyunçuların praktikasının azlığıdır. Buna görə bəzi məqamlarda çatışmazlıqlar göründü. İnanıram ki, gələcəkdə bu çətinliklər aradan qalxacaq.
– Uzun illər millinin əsas qapıçısı olmusunuz. Ayxan Abbasov heyətə Emil Balayev, Rəvan Mirzəmmədov və Aydın Bayramovu dəvət etsə də, yalnız Emil şans qazandı. Məşqçinin seçimini necə dəyərləndirirsiniz?
– Emil hazırda “Neftçi”nin əsas heyət üzvüdür və kifayət qədər oyun praktikası var. Ona şans verilməsi doğru qərardır. Rəvan isə hələ gəncdir. İnanmıram ki, ona qısa zamanda yer ayrılsın. Çünki əsas yığmada məsuliyyət tam başqadır.
– Millidə qapıçı mövqeyində problem olduğunu düşünürsünüz?
– Qapıçılarla bağlı sıxıntılar var. Ən yaxşı qolkiperlərdən olan Şahruddin Məhəmmədəliyev “Qarabağ”da oynamır, rəqabət aparmaqda çətinlik çəkir. Buna görə yığmada da bu mövqedə problem yaşanır. Aydın Bayramov da “Zirə”də oynasa da, Emil daha inamlı təsir bağışlayır. İndiki məqamda seçilə biləcək yerli qapıçıların sayı çox azdır.
Şahin Cəfərov