Millimiz Yunanıstanda keçirilən Dünya Kubokunda 4 cü olub

11.03.2025

Icma.az, Cbcsport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Yunanıstanın Heraklion şəhərində keçirilən Dünya Kubokunda 4-cü olub.

Mübarizəyə 1/16 finaldan başlayan komanda ilk görüşündə Sinqapur yığmasına 45:32 hesabı ilə qalib gəlib.

Anna Başta, Zərifə Hüseynova, Palina Kaspiaroviç və Səbinə Kərimovadan ibarət kollektiv ən güclü "səkkizliy"ə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Macarıstanı 45:43 hesab ilə məğlub edib. Bu qarşılaşmada A.Başta zədə səbəbindən çıxışını davam etdirə bilməyib.

Azərbaycan qılıncoynadanları qələbə seriyasını növbəti görüşdə də davam etdiriblər. Qadın sablyaçılar bu dəfə ABŞ yığmasını 45:38 hesabı ilə üstələyərək adını ən güclü "4-lüy"ə yazdırıblar. Yarımfinalda fransalı rəqiblərinə 30:45 hesabı ilə uduzan sablyaçılarımız 3-cü yer uğrunda keçirilən qarşılaşmada Cənubi Koreyaya da məğlub olublar - 33:45.

Bir gün öncə keçirilən qadın sablyaçıların şəxsi yarışında isə ən yaxşı göstəriciyə A.Başta imza atıb. O, yekun sıralamada 12-ci olub. Səbinə Kərimova 45-ci, Palina Kaspiaroviç 60-cı, Zərifə Hüseynova isə 146-cı olub.

Qeyd edək ki, Dünya Kubokunda 200-dən çox qadın sablyaçı mübarizə aparıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью