Millinin mundialdakı yeri bəlli oldu

26.10.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Bakıda təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalında Azərbaycan milli komandasının növbəti mərhələdəki yeri bəlli olub.

Futbolpress.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu yığmamız qrup mərhələsinin son qarşılaşmasında Haitiyə 0:4 hesabı ilə məğlub olub. Keçirdiyi 5 oyunda 3 qələbə qazanan və 2 məğlubiyyət alan komandamız AF qrupunu 9 xalla 3-cü sırada yekunlaşdırıb.

Reqlamentə uyğun olaraq, qrup üçüncüləri mübarizəni C divizionunda davam etdirəcəklər. Beləliklə, təmsilçimiz 189 ölkənin qatıldığı mundialda 65-96-cı yerlər uğrunda yarışacaq. 32 kollektivin yer aldığı C divizionunda komandalar 5 pley-off mərhələsinə çıxacaqlar. Bu mərhələdə məğlubiyyət turnirlə vidalaşmaq mənasını vermir. Uduzan tərəflər sıradakı yerlərini dəqiqləşdirmək üçün digər məğlub komandalarla qarşılaşacaqlar.

Oktyabrın 28-dən 30-dək daha 5 matç keçirəcək Azərbaycan millisinin yarışdakı ümumi oyun sayı 10-a çatacaq. C divizionunun çempionu turniri 65-ci pillədə başa vuracaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью