Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ankara, 27 yanvar, AZƏRTAC
Türk dövlətləri arasında müdafiə sahəsində əməkdaşlıq uzunmüddətli perspektivləri olan vacib və zəruri bir istiqamətdir. AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin aparıcı media orqanlarından biri olan “Milliyet” qəzetində yanvarın 27-də dərc olunmuş məqalədə bildirilib.
Qəzet Azərbaycan Prezidenti İlham Əliyevin Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə elan etdiyi birgə təlimlərin keçirilməsi təşəbbüsünü xatırladıb və bu məsələ ilə bağlı türk mütəxəssislərinin fikirlərinə istinad edib.
Dumlupınar Universitetinin Beynəlxalq əlaqələr kafedrasının müdiri professor Hüsaməddin İnaç TDT ölkələri üçün ortaq təhlükəsizlik və müdafiə arxitekturası yaratmaq səylərini vurğulayıb. O qeyd edib: “Bu prosesin ən diqqətəlayiq tərəfi Azərbaycanın türk dövlətləri ordularının vaxtaşırı birgə təlimlər keçirəcəyi mərkəz kimi seçilməsidir. Əminəm ki, bu proses həm regional aktorlar, həm də böyük qlobal güclər tərəfindən yaxından izlənilir”.
Təqaüddə olan general-mayor Güray Alpar, öz növbəsində, TDT-nin yaradılmasından sonrakı ilk illərdə mədəni sahədə əməkdaşlığa üstünlük verildiyini qeyd edib. O əlavə edib: “Müdafiə sahəsində əməkdaşlıq, şübhəsiz ki, zəruri və mümkündür, lakin mədəni və iqtisadi sahələrdə konsolidasiyadan sonra həll edilməli olan məsələ hesab olunur. Buna baxmayaraq, bu sahədə hazırlıq işlərinə indi başlamaq lazımdır. Bu cür təşəbbüslər uzunmüddətli perspektiv üçün nəzərdə tutulur”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara